Niftəliyev E.

 

Almaniyanın “Bavariya klassik radiosu”nda Azərbaycana həsr edilmiş veriliş yayımlanmışdır

 

AzərTAc-ın xüsusi müxbiri Azərbaycanın Almaniyadakı səfirliyinə istinadla xəbər verir ki, oktyabrın 30-da Almaniyanın Höte İnstitutu Bavariya Televiziya Radio Şirkətinin birlikdə hazırladıqları "Contrapunkt" silsiləsindən "Mədəniyyətlərin dialoqu" mövzusunda Azərbaycana həsr olunmuş konsert veriliş təşkil edilmişdir.

“Azərbaycan-Odlar Yurdu” adlı bu veriliş Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində keçirilmişdir. Üç saatlıq proqramda ölkəmiz haqqında film nümayiş etdirilmiş, alman Azərbaycan alimləri, incəsənət xadilmləri jurnalistlərinin görüşü olmuşdur. Görüş "Bavariya Klassik Radiosu" ilə canlı yayımlanmışdır.

Tədbirin aparıcıları Bavariyanın radiojurnalistləri Teo Qayssler və Frank Kempfer, söhbətin iştirakçıları Gisen Universitetinin professoru Eva Maria Aux, jurnalist İnqo Petz, Detmold Konservatoriyasının tələbəsi, bəstəkar Xədicə Zeynalova həm konsert zamanı, həm də canlı yayım üçün müzakirələr aparmışlar.

Konsert hissəsində ölkəmizdən dəvət olunmuş muğam üçlüyü - xanəndə Arzu Əliyeva, tarzən Rüfət Həsənov, kamança ifaçısı Mehri Əsədullayeva gecəni öz məharətli və virtuoz ifaları ilə zənginləşdirərək, Azərbaycan muğam sənəti haqqında canlı ifa ilə bilavasitə təsəvvür yaratmışlar. Musiqiçilər sürəkli alqışlarla qarşılanaraq, bir neçə dəfə səhnəyə dəvət edilmişlər.

Tədbirdə Almaniyanın geniş dinləyici auditoriyasına Azərbaycanın tarixi və mədəniyyəti, elm və incəsənəti, təbii sərvət və iqtisadiyyatı, müasir dövrdə cəmiyyətin inkişafı və ölkə haqqında ümumi məlumat verilmişdir. İştirakçılar Azərbaycan milli mətbəxindən nümunələrə qonaq edilmişlər.

Bavariya əyalətinin paytaxtı olan Münhen şəhəri nəinki Almaniyanın, eləcə də Avropanın və dünyanın mədəni, ictimai, siyasi mərkəzlərindən biridir. Höte İnstitutu isə uzun illərdən bəri dünya xalqlarına həm alman mədəniyyətini çatdıran, həm dünya xalqlarının mədəniyyəti ilə maraqlanan Almaniyada təqdim edən məşhur qurumlardan biridir.
Ölkəmiz haqqında belə bir ciddi ətraflı tədbirin hazırlanmas
ında Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzi idarə heyətinin üzvləri Samirə Patzer-İsmayılovanın İbrahim Əhrarinin əvəzsiz rolu olmuşdur.

Bu tədbirin konsert hissəsində çıxış edən musiqiçilərin dəvət olunması ilə əlaqədar təşkilati məsələləri, filmin tərtibatını, ümumiyyətlə, prosesin gedişini izləyən Əlaqələndirmə Mərkəzinin icraçı direktoru Samirə Patzer-İsmayılova, eyni zamanda, tədbirin Münhendə yaşayan azərbaycanlı soydaşlarımıza mənəvi dəstək olduğunu, bu regionda azərbaycanlıların alman ictimaiyyəti ilə daha bir təmasına imkan yaratdığını vurğulamışdır.

Xalq qəzeti.- 2008.- 5 noyabr.- S. 7.