Ələsgərli Ç.

 

Eşqin qüdrəti azadlığa körpü oldu

 

C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı şair-dramaturq İftixarın (İftixar Piriyev) iki hissəli "Körpü" əsərinin tamaşasını tamaşaçılara təqdim etdi. Tamaşanın quruluşçu rejissoru Vaqif Əsədov, quruluşçu rəssamı Nazim Bəykişiyev, bəstəkarı isə Cavanşir Quliyevdir. Qeyd etməliyik ki, tamaşa Dövlət sifarişi ilə hazırlanıb. İrəvan Teatrının Beynəlxalq layihə şəklində həyata keçirdiyi bu xoşməramlı işdə həmin teatrın aktyorları ilə yanaşı, Gənc Tamaşaçılar, Dövlət Gənclər, Dövlət Rus Dram, Sumqayıt Dövlət Musiqili Dram, Mədəni-Maarif Texnikumu, Suxumi Dövlət Dram, H. Əliyev adına Tiflis Dövlət Azərbaycan Dram və Dərbənd Dövlət Ləzgi Musiqili Dram teatrlarının aktyorları iştirak ediblər. Pyesin hadisələri XX əsrdə Azərbaycan və Gürcüstanın, ümumən isə Qafqazın ucqar dağ kəndlərinin birində cərəyan edir. Bu kənddə üç millətin nümayəndələri yaşayır. Kəndin qədim bir körpüsü var. Bu körpü güney ilə quzey kəndlərini birləşdirir. Kənddə normal yaşayış olduğu halda, sovet əsgərlərinin gəlişi ilə hər şey dəyişir, normal ritm pozulur. Deməliyik ki, əsərdə qoyulan sovet imperalizm siyasətinin tənqidi son illərin dramaturgiyasında hələ bu kəskinlikdə qoyulmamışdı. Pyesin hadisələri iç-içə inkişaf edir. Körpü ilə başlayan hadisələr elə körpü ilə də sona yetir. Körpü bizim qan yaddaşımızda iki sahilin birləşməsi və daha çox ayrılması deməkdir. Taleyin hökmü ilə cənuba və dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərilər, bağlanan sərhədlərin və körpülərin nəticələridir. Pyesin əsas hadisəsi məhəbbətdir, eşqdir. Qalan bütün hadisələr əsas hadisənin inkişafına xidmət edir. Tamaşada hadisələrin təqdim olunduğu məkanda yan və arxa pərdələr həm körpünü, həm tikanlı məftilləri, həm də dəlilərin gizləndiyi künc-bucaqdır. Pərdələrin tərpənişi və müxtəlif dalğavari hərəkətləri sanki növbəti hadisələrə keçid olur. Kənd yuxudadır. Səhər yeni açılır. Qalayçı (S. Nəcəfov) peyda olur. O qorxa-qorxa gəlir, qalay etməyə qab-qacaq axtarır. O, Qalayçıdan başqa, kimə desən oxşayır. O həm real, həm də qeyri-realdır. Onun hərəkətləri, üzünün və gözlərinin ifadəsi aktyorun ifasında dramatik mətnə uyğundur. O, bir növ mifdir, ilğımdır. Onu görmək də olur, görməmək də. Onun səsini eşitmək də olur, eşitməmək də... Körpünün güney tərəfindəki kəndin öz dəlisi var. Səy Səməd (S. Bayramov) güney tərəfin, Badono Qaqo (A. Məmmədov) quzey tərəfin dəlisidir. Kəndə gələn yad adamı da- qalayçını əvvəl biri, sonra o biri qarşılayır. S.Bayramovun Səy Səmədi dəlisov hərəkətləri, atmacaları, gözlənilməz hayqırtıları ilə inandırıcıdır. O, kənd əhlinin hər birinə dəlisayağı, əslində isə çox ağıllı münasibət bəsləyir. O, düzü də, əyrini də, yalanı da , fırıldağı da yaxşı görür. Hər şeyi dəqiq görüb, açıq-saçıq deməyi ilə də o, Səy Səməd adını alıb. Onun ən böyük amalı da öz doğma kəndini qorumaqdır. Qalayçının da qalayçı olmadığını ilk əvvəl o bilir. O, yetənə yetir, yetməyənə də bir daş atır. Bu obraz aktyorun ifasında kaloritli və baxımlıdır. Onun gürcü dostu Badono Qaqo da (A. Məmmədov) dəlidir. Bu iki dəli sanki bir görüntünün cüzi dəyişkənliyə uğramış iki üzüdür. Onun sözündə və hərəkətlərində dəlisovluq var. O da tərs hərəkətlərinə və sözlərinə görə tez-tez həm döyülür, həm də söyülür. Onun inandığı tək bir adam var, o da dəli dostudur. Hər iki dəli əslində cəmiyyətin qəbul edə bilmədiyi, dəli edib çöllərə saldığı insanlardır. Qalayçının kəndə gəlişi və ya gəlməməsi, dəlilərin onu qarşılaması, sovet ordusu əsgərlərinin kəndə gəlişi, Mızıx Məhərrəmin yoxa çıxması və körpünün bağlanması sanki bir-birini tamamlayan hadisələrdir. Lakin hadisələr daha sürətlə öz həllinə doğru inkişaf etməkdədir. Kəndin, daha doğrusu, kəndlərin dəliləri olduğu kimi, ağsaqqalları da var, onlardan biri də Aydəmir ağadır (M. Rzayev). O, baş verən hadisələrdən narahatdır. O, məğrur görünüşlüdür, ağayana hərəkətləri var. Sözündə, hərəkətlərində ötkəmdir. Aktyorun ifasına baxdıqca inanırsan ki, belə bir adam kəndə, elə-obaya ağsaqqallıq edə bilər. Əslində hər bir kəndin öz ağsaqqalı var. Gürcü kəndinin ağsaqqalı Anzor Abuladzedir. A. Abuladze obrazını K. Qamsaxurdiya adına Dövlət Dram Teatrının aktyoru, Gürcüstanın xalq artisti Dmitri Caini gürcü dilində ifa edir. Deməliyik ki, bu ifa tamaşanın ümumi ideyasından, obrazların düzümündən heç də kənara çıxmır. O, gürcü xalqının nümayəndəsidir və azərbaycanlılara münasibəti həmişə yaxşı olub. Gürcü aktyorunun gürcü dilində dediklərini əks tərəf cavablandırır və tamaşaçıya hər şey aydın olur. Əsərin əsas hadisəsi Göygöz Abbasın (Q. İsmayılov) Bilqeyisə (D. Əliyeva) olan məhəbbətidir. Bu məhəbbət illərin sınağından çıxmış əsl məhəbbətdir. Abbas sevgisinə qovuşan ərəfədə hadisələr tamam ayrı məcrada inkişaf edir. Toydur. Abbasın sevinci yerə-göyə sığmır. O, bəy kürsüsündə şəstlə əyləşib və bu zaman körpünün açılması hamılıqla tələb kimi sovet zabitinin qarşısına qoyulur. Cavanlardan biri belindəki baltanı əlinə alıb körpünü tikanlı məftillərdən azad etmək istəyir. Hər şey bircə ana bağlıdır. Və bu bircə anda Abbas bəy kürsüsündən ömrü boyu intizarını gözlədiyi sevgisindən aralanıb, özünü körpü tərəfə atır, cavandan baltanı alıb körpünün açılmasını tələb edir. Rədd cavabı alıb əlindəki baltanı körpünü bağlayan tikanlı məftillərə çırpır və vətən yolunda şəhid olur. Abbas aşiqlik mərtəbəsindən şəhidlik zirvəsinə yüksəlir. O, şəhid olur, lakin ölümü ilə sübut edir ki, hər şeydən keçmək olsa da, vətəndən keçmək olmaz. Həm də Abbasın ölümü ilə hamı anlayır ki, Qafqazda sülhün bərpası üçün bizə birlik lazımdır. Sovetin imperialist siyasəti Qafqaz xalqlarının xeyrinə deyil, zərərinədir. Bunu hər üç millətin nümayəndələri anlayırlar. Bunu görən sovet qoşunları Qafqazı tərk etmək məcburiyyətində qalırlar. Dedik ki, əsərin əsas hadisəsi məhəbbətdir. Lakin məhəbbət hadisəsinə paralel olaraq bir neçə hadisə də diqqətimizi cəlb edir. Oğlunu itirən Çınqıdı Paşa (R. Məmmədov) həm əsəbi, həm gülməli, həm də dalaşqandır. Onun oğlu itkin düşüb, gəlini sahibsiz qalıb. O, nə etdiyini, niyə etdiyini bəzən bilmir. Aktyorun ifasında bütün bunlar anlaşılır. Qriqoryan obrazını Dərbənd Dövlət Ləzgi Musiqili Dram Teatrının aktyoru Ağaxan Ağaxanov ifa edir. Dramatik mətnə uyğun olaraq bu obraz hiyləgər, ikiüzlü və qorxaqdır. O, Aydəmir ağadan da, Anzordan da, Abbasdan da qorxur. Hələlik isə o əsl üzünü gizlədir, özünü mehriban göstərir. Azərbaycan və gürcülərlə rəqs edir, gülür, danışır və zarafat edir. O, məqamını gözləyir. Tülkü kimi pusquda durub. Aktyor ifasında dəqiqliyə nail ola bilib. Toder Dursun (V. Kərimov) obrazı kəndlə yaylaq arasında bir növ əlaqə yaradandır. Ermənilərin fırıldağını o da gözəl başa düşür. O da sözü üzə deyən, düşündüyünü edən sadə bir kənd adamıdır. O, ağsaqqallara hörmət göstərir. Yaşadığı kəndin, onun əhalisinin dərd-səri onun dərdi, sevinci onun sevincidir. İfa düzgün, təqdimat baxımlıdır. Tamaşada daha iki obraz haqqında danışmaq yerinə düşər. Bu , Aftandillə Xatun obrazıdır. Aftandil obrazını H. Əliyev adına Tiflis Dövlət Azərbaycan Dram Teatrının aktyoru Turqay Vəlizadə, Xatun obrazını Aynur Abbasova ifa edir. Bir-birini sevən bu iki gənc Abbas-Bilqeyis məhəbbətinin gəncliyidir. Aftandil Aydəmir ağanın oğlu, Xatun isə Anzor Abuladzenin qızıdır. Pyesin müəllifi Azərbaycan-gürcü dostluğunun artıq qan qohumluğuna keçməyini, əsl məhəbbətin heç bir milli mənsubiyyət tanımadığını əyaniləşdirməyə çalışıb. İki sevən gənc sanki bir cüt göyərçindir. Bəlkə, elə bu səbəbdəndir ki, rejissor onları arxa-arxaya əyləşdirib, əllərini birləşdirəndə mizan sanki iki göyərçinin qanadlarının titrəyişini xatırladır. Tamaşanın növbəti iki obrazı iki bacıdır: Çin Sultan (E. Heydərova) və Əsmər (N. Niftəliyeva) obrazları. Doğma bacı olsalar da, onlar tam müxtəlifdirlər. Klassik dramaturgiyada belə bir şərt var idi. Doğmalar arasında yaranan və inkişaf edən münaqişə daha maraqlı, daha təsirli olur. Cin Sultan alverinə, pul qazanmağına görə ermənilərlə deyil, lap şeytanın özü ilə də iş birliyi qura bilər. O, pul qazanmaq üçün hər şeyə gedir. Bacısı Əsmər isə ərinin dərdini çəkir, onun itkin düşmə səbəblərini anlamağa çalışır. O, çox şeyi anlamır, lakin ən çox da bacısı Cin Sultanı anlaya bilmir. Bu sapı özümüzdən olan baltalardır. Onlar bacı olsalar da, bir-birilərini parçalamağa hazır olan düşmənlərdirlər.

Məqsədlər müxtəlif olanda doğma bacılar belə düşmən ola bilərlər. Hər iki aktrisa təqdim etdikləri obrazları dramatik və rejissor ideyasına uyğun təqdim edirlər. Yazımızın əvvəlində yazdıq ki, kəndə sovet ordusu əsgərləri gələndən sonra hər şey dəyişir. Əsgərləri təmsil edən zabitin obrazını M. Musayev ifa edir. Maraqlıdır ki, müəllif dramatik mətndə sovet ordusu əsgərlərinin zabitini sadəcə olaraq Qonax adlandırır. Mətnaltı məna çox güclüdür. Dramaturq demək istəyir ki, bu zabit gəldi-gedərdir, qonaqdır. Müəllifi bu zabitin nə adı, nə də hərbi rütbəsi qəti maraqlandırmır. M. Musayev Qonax obrazının hərbiçi duruşunu və hərəkətlərini, sözlərindəki ötkəmi inandırıcı təqdim edir. O, söhbətləri ilə kənd əhlini hadisələrin mahiyyətindən uzaqlaşdırmaq istəyir. Onun kənddə əsas dayağı ermənilərdir. M. Musayevin Qonax obrazında qırıq-qırıq Azərbaycan dilində danışığı, arxayın davranışı inandırıcı təsir bağışlayır. Tamaşada mətnə görə Qriqoryan obrazından başqa daha dörd erməni obrazı var. Manuçar (S. Nəcəfov) da Qriqoryan kimi qorxur, lakin sözsüz ki, o da məqamını gözləyir. Hələ məqam onların deyil, nə qədər ki, azəri- gürcü dostluğu var, burada erməni fırıldağına yer yoxdur. Manuçara Aydəmir ağa baxanda, Anzor bir söz deyəndə və ya Abbas yüngül bir həmlə edəndə o, özünü itirir, qaçmağa yer axtarır. Naira (T. Abdullayeva) azərbaycanlı Cin Sultanın pulgirliyindən istifadə edib pul qazanan, ancaq bununla belə erməni ideologiyasını unutmayan mənfur düşmənimizdir. O, alver edir, pul qazanır, lakin heç bir zaman ermənisinin tərəfini vermir. Lazım gələndə Cin Sultandan da, başqalarından da üz çevirib, erməni tərəfdə olur və ümumi işlərinin xeyrinə çalışır. Cin Sultan isə bütün bunları anlamır. Çünki o, nadandır. Lakin elə ki Naira milli maraqlarına görə ondan üz çevirir, o, gec də olsa, dəhşətli səhvini anlayır. Erməni alverçisi ilə Azərbaycan alverçisinin fərqi bundadır. Bu fərq bizim millətin faciəsidir. Qaspodin Qarik (N. Səfərəliyev) obrazı bir qədər fərqli təqdim edilir. O artıq nə Qriqoryan, nə də Manuçar kimi qorxaq deyil. O, Azərbaycanda yaşayıb, var-dövlət toplayıb və artıq cənab adını qazanıb. O həm Çınqıdı Paşa, həm də digərlərinin üstünə gedə bilir. O nə çəkinir, nə də qorxur. Ermənilər onun kimisinin ətrafında sıxlaşırlar. O, azərbaycanlılarla, gürcülərlə, ruslarla tam fərqli münasibətlərdədir. Məkrli niyyətini gizlədən erməni obrazı aktyorun ifasında baxımlıdır. Qurquridze (S. Bayramov) həmkəndliləri olan ermənilərdən bir o qədər də fərqlənmir. Yeganə fərqi odur ki, Qurquridze lazım olanda erməni, lazım olmayanda gürcü tərəfə işləyir. O da digər ermənilər kimi məqamını gözləyir. Axund Ağa (R. Əliyev) kənddə baş verən hər hadisəni əvvəl şəriətə bağlayır, lakin sonda din xadimi belə cana doyub, hər şeyi açıq-aşkar sovet zabitinin üzünə deməyə məcbur olur. Yəni artıq həqiqəti görməmək və deməmək mümkünsüzdür. Yazımızın əvvəlində dedik ki, dramatik mətnə görə kəndə sovet əsgərlərinin gəlişi ilə körpü bağlanır və Mızıx Məhərrəm qeyb olur. Pyesin sonunda qeyb olan Mızıx Məhərrəm artıq Qalayçı kimi yəni mif kimi, ilğım kimi peyda olur və qab-qacaq, həm də ağıl qalaylamaq istəyir. Miflə başlanan hadisələr miflə də sona yetir. Tamaşada kütləvi səhnələrdə iştirak edən aktyorlar da ümumi ideyaya xidmət edən ifa nümayiş etdirirlər. Ümumilikdə dramaturq, rejissor, rəssam, bəstəkar və aktyor kollektivinin vəhdəti olan mükəmməl bir tamaşa alınıb. Deməliyik, bu tamaşa böyük bir layihənin nəticəsidir. Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun dəstəyi ilə tamaşanın bu ilin dekabr ayında Tiflisdə nümayişi nəzərdə tutulub. Uğurlu tamaşaya uğurlu qastrol səfəri arzusu ilə

 

525-ci qəzet.- 2008.- 12 noyabr.- S. 6.