Qaliboğlu E.

 

95 yaşlı “Arşın mal alan”


Dünya şöhrətli əsərə bu gün də sevilə-sevilə baxılır

Bənzərsiz, həm də zəngin Azərbaycan mədəniyyəti özünəməxsusluğu ilə milliliyimizi çox gözəl yaşadır. Hər bir xalq qədim mədəniyyətini yaşatdıqca, təsdiq etdikcə daim yeni-yeni üfüqlər yaratmağa çalışır. Lakin bənzərsizlik, qeyri-adilik hər xalqın bəxtinə düşmür. Tarixən Azərbaycan həyatın, yaradıcılığın demək olar, bütün sahələrində özünü təsdiq edib. İndi bu ya digər sahədə söz demək çətinləşsə , bir millət olaraq möhkəm xəlqi təməlimiz var. Azərbaycanın varlığının təsdiqində bu mənada dahi Üzeyir Hacıbəyovun müstəsna rolu var. Onun çoxcəhətli yaradıcılığında, xüsusən musiqisində milli düşüncəmizin zəngin çalarları ifadəsini tapıb. Azərbaycan dünyaya zəngin mənəvi dəyərlər verib. Bu mənəvi dəyərlərin isə daim inkişaf etdirilməsi zəruridir. Azərbaycan professional musiqisinin yaradıcısı Üzeyir bəyin millətimiz üçün gördüyü işlər son dərəcə heyrətamizdir.

Onun Azərbaycan Xalq Cümhuriyyətinin möhtəşəm himnini yazması, o dövrdə Cümhuriyyətin yaşaması üçün xeyli gərəkli sahələrdə çalışması daim millətimiz üçün yaşamasından xəbər verir. Bu gün Üzeyir bəyin gördüyü işlərin qətiyyən inkar edilməməsi şərtilə indi yeni-yeni nəfəslərin meydana çıxmasına, yeni-yeni sənət zirvələrinin yaranmasına böyük ehtiyac var. Amma acınacaqlı haldır ki, bu gün belə zirvələri yox, olanların, yaradılanların kor-koranə şəkildə təkrarçılığının, daha çox isə təqlidçiliyinin şahidi oluruq. Məşhur "O olmasın, bu olsun", "Arşın mal alan" kimi əsərlər müasirləşdirilir, obrazlar bugünkü tamaşaçının, gənc nəslin gözündə cılızlaşdırılır. Bu cür şoular xalqın sabahkı yaradıcılıq üfüqlərini daraldır. Bu, hər şeydən əvvəl o deməkdir ki, böyük mənada yeni yaradıcılar meydana çıxmalıdır. Möhtəşəm sənətkarlar yenə özünəməxsus şəkildə fərdiliklərini yaratmalı yaddaşlarda bu cür iz qoymalıdırlar.

Professor Gülnaz Abdullazadə deyir ki, bir neçə il qabaq Üzeyir bəyin bütöv şəxsi arxivi itmə təhlükəsi qarşısında idi: "Not əlyazmaları, elmi əsərləri ilə bağlı qeydləri, əlyazmaları, operaların, operettaların, kontataların və s. kiçik və böyük əsərlərin ilk, yaxud yeganə partitura nüsxələri, o cümlədən "Leyli və Məcnun", "Arşın mal alan", "Şah Abbas və Xurşudbanu" kimi əsərlərin, çoxsaylı məktublaşmalar, eləcə də Qori seminariyası dövründən nişanlısı, sonralar həyat yoldaşı Məleykə xanımla, musiqi əsərlərinin quruluşu ilə bağlı keçmiş SSRİ və digər ölkələrlə apardığı sözləşmələr, deputat kimi məktublarında əks olunan yazışmaları, saysız-hesabsız afişalar və s. bu qəbildəndir. Bu ilk yeganə nüsxələri aradan götürməklə, Üzeyir bəyin varlığını, dahi insan, bəstəkar, publisist, ictimai xadim kimi fəaliyyətini şübhə altına almaq Azərbaycan tarixindən onun adını silmək ən başlıca məqsəd idi. Lakin çirkin niyyətlər baş tutmadı. Bu əsərlər XX yüzil Azərbaycan musiqi, bəstəkarlıq məktəbinin formalaşması tarixi, milli musiqi üslubunun, elmi nəzəri fikrinin Üzeyir Hacıbəyli irsinin bir sıra elmi tarixi məsələlərinin araşdırılması baxımından sözügedən sənədlər xüsusi tarixi elmi, mədəni dəyərlərə malik soraqlar kimi dəyərləndirilib".

Yeri gəlmişkən, 100 il qabaq Bakıda səhnələşdirilən "Leyli və Məcnun" Şərqdə ilk opera olmaqla həm də Üzeyir bəyin timsalında Azərbaycan ruhunun, mədəniyyətinin təsdiqi idi. Bugünlərdə isə adı dillər əzbəri olan "Arşın mal alan" ikihissəli musiqili komediyasının 95 yaşı tamam oldu. Həmişə olduğu kimi bu gün əsərin həm tamaşasına, həm eyni adlı filmə hamı böyük maraqla baxır. Bu, onu göstərir ki, xəlqiliyi təsdiq edən əsərlər daim yaşayır, heç vaxt ölmür.

Dünyada məşhur olan "Arşın mal alan"ın Azərbaycan teatrının səhnəsində tamaşa, həmçinin kinofilm kimi televiziya ekranlarında neçə dəfə nümayiş etdirildiyini demək çox çətindir. Yaradıcılığın əsas şərti daim təzə qalmaqdır. Bu təzəlikdə həm qədimliyin təsdiqi olduğundan o, heç vaxt köhnəlmir. Azərbaycan tamaşaçısı Üzeyir bəyin heç bir əsərindən "doydum" deməz. "Arşın mal alan" Azərbaycanda sənət sahəsində ölçü yaratdı. Bu gün Üzeyir bəyin müxtəlif mövzulu əsərlərindən təsirlənmələr hədsiz çoxdur. Bütün hallarda isə Üzeyir bəy konkret musiqidə ölçüdür.

"Arşın mal alan"a canlı səhnədə dəfələrla baxmışam. Tamaşanın əvvəlində Üzeyir ruhu bütün barizliyi ilə bizə bir həyat hekayətini danışır. Hiss edirsən ki, bu, komediyadan üstün bir əhvaldır. Üzeyir bəy nədən danışır-danışsın, orada mütləq uca xəlqi ruhun təsdiqini görürük. Bu çağırış sevgi həsrət notları ilə doludur. Musiqi ana laylası tək aydın, anlaşıqlı, bulaq suyu tək dupdurudur. Tamaşa gərgin dramatik məqamlarla müşaiyət olunur. Soltan bəyin gözünün ağı-qarası, bircə qızı Gülçöhrənin Əsgərin fikrində olması hardasa onların bir-birlərini anlamağa yardımçı olan əsas faktordur. Gülçöhrə görmədiyi, tanımadığı kişiyə ərə getmək fikrində deyil. Süleyman bəyin elçiliyə gəlməsi, Soltan bəyin Gülçöhrəni ərə vermək üçün onun qaçırılmasını düşünməsi, özünə hətta qəsd etmək dərəcəsinə çatmış Gülçöhrənin sonda hər şeydən agah olması, Əsgərin Gülçöhrə, Süleymanın Asya, Vəlinin qulluqçu Telli, Soltan bəyin Əsgərin xalası Cahanla evlənməsi səhnəsi ilə tamaşa başa çatır...

Azərbaycanda bu gün camaatın başı demək olar, əsasən güzərana qarışdığı bir zamanda da teatra ciddi münasibət var. Teatrlarımız daim orijinal əsərlər meydana çıxardıqları dərəcədə tamaşaçı ora meyl edəcək. Lakin əgər bu tipli əsərlər hələ yoxdursa, o zaman mümkün qədər klassik irsdən bəhrələnmək lazımdır. Əsas odur ki, bu mənada da zəngin irsimiz var. Lakin bu irsin yaxşı nümunələrini qətiyyən inkar etməmək şərtilə daim yeni-yeni zirvələrin yaranmasına ehtiyac böyükdür. Çünki hər bir sahədə daim irəliləyiş olmalıdır, yoxsa geriləmə baş verər.

Qeyd edək ki, "Arşın mal alan" filmində bu mənada ciddilik və xarakterlərin pünhanlığı daha çoxdur. Bu gün Azərbaycanda pulçuluğa meylin artdığı bir zamanda "Arşın mal alan" tipli tamaşalar bizi insanilik uğrunda döyüşməyə çağırır. Həm unutmaq lazım deyil ki, bu, komediyadır. Hər bir komediyada faciəviliyin olduğu da danılmazdır.
Üzeyir Hacıbəyovun ev-muzeyinin ekspedisiya şöbəsinin müdiri Gülnarə xanım "Arşın mal alan" komediyasının Azərbaycanda Azərbaycandan kənarda qazandığı çoxsaylı uğurlar barədə danışır: ""Arşın mal alan" dünyanın 3 qitəsini dolaşıb. Polşada əsər 1500 dəfə tamaşaya qoyulub. "Arşın mal alan" dünyanın 67 dilinə tərcümə edilib, 120 səhnəsində tamaşaya qoyulub, bu da dünyanın 50 ölkəsini əhatə edir. Əsər Üzeyir bəyə böyük şöhrət gətirdi. Üzeyir bəy əsəri Peterburq konservatoriyasının tələbəsi olanda yazmışdı. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə iştirak edən Stalin nədən "Arşın mal alan"ın olmadığını soruşduqda təcili əsərin məşqlərini edib, səhnəyə qoymuşdular. Əsərin Azərbaycan səhnəsində tamaşalarının sayı sadəcə, bilinmir".

Əsər dəfələrlə kinolaşdırılıb: 4 dəfə Azərbaycanda, bir dəfə Amerikada. 1916- 1917-ci illərdə Bakıda səssiz film çəkilib, sonradan bu filmlər ləğv edilib, səbəbi musiqili xarakterə malik filmdə səsin olmaması idi. 1939-cu ildə Amerikada Ruben Mamulyan əsəri "erməni folklorundan gələn mövzu kimi" ekranlaşdırır, filmi müxtəlif ölkələrlə satmaqla çoxlu pul qazanır. Filmdə ümumiyyətlə, Azərbaycanın Üzeyir bəyin adı çəkilmir. 1945-ci ildə Azərbaycanda bu məsələdən xəbər tutulur, Leşşenko Rza Təhmasib tərəfindən təcili "Arşın mal alan"ın çəkilişlərinə başlanılır. Film böyük uğur qazanır. Rəşid Behbudov Leyla Bədəlbəyli baş rollarda oynayırlar. 1966- ildə yenidən Bakıda Həsən Məmmədov Leyla Şıxlınskayanın iştirakilə çağdaş "O olmasın, bu olsun" filmi çəkilir. Bununla da məşhur əsərin Azərbaycana hər mənada məxsusluğu bir daha sübut olunur.

 

Xalq cəbhəsi.- 2008.- 13 noyabr.- S. 14.