Mürvətqızı S.

 

Fuad Poladov: “İndi cəmiyyət maddiyyatla mənəviyyatın arasında tərəddüddə qalıb”

 

Lirik-psixoloji üslublu aktyorluq məktəbinin ən istedadlı və qabaqcıl sənətkarlarından biri, "Humay", "Qızıl dərviş", "Qızıl lampa" mükafatları laureatı, xalq artisti Fuad Poladov 20 ilə qədər Akademik Milli Dram Teatrında çalışıb. 1989-cu ildən Səməd Vurğun adına Dövlət Rus Dram Teatrında fəaliyyət göstərir. Fəlsəfi-dramatik və faciəvi rolların mahir ifaçısı Fuad Poladov ən adi obraza da psixoloji ahəng verməyi, ictimai dəyər gətirməyi, sosial mahiyyət aşılamağı sevən və bunu yüksək peşəkarlıqla öz oyununda realizə edən sənətkardır. Onun aktyorluq məharətinin əsas cəhəti səhnədən tamaşaçını düşünməyə vadar etməsidir. Bu il görkəmli aktyorun 60 illiyi tamam olur. Yubilyarla söhbətimizdə onun yaradıcılığı ilə bağlı oxucularda maraq doğuracaq bir sıra mətləblərə aydınlıq gətirməyə çalışdıq.

- Bəlkə öncə oxuculara sənətə, xüsusən də kinoya gəlişiniz barəsində danışasınız...

- Hələ uşaqlıqdan aktyorluğa həvəsim olub. Dram dərnəyinə gedirdim, televiziyada uşaq verilişlərinə qatılırdım, aktyorların şəkillərindən kolleksiya toplayırdım. Doğrusu, nə ailəmizdə, nə də nəslimizdə artist olmayıb. Valideynlərim hər ikisi müəllim olublar. Onlardan birinin arzusu məni hüquqşünas, digərininki həkim görmək idi. Lakin buna baxmayaraq, seçim zamanı gələndə onlar aktyor olmaq istəyimə qarşı çıxmadılar. Sənədlərimi aktyorluq fakültəsinə verəndə artıq "İstintaq davam edir" filmində Səlim rolunu oynamışdım. Ona görə də elə bir ciddi problem çıxmadan ali məktəbə daxil oldum. Təhsil aldıqca bu peşənin nə qədər çətin olduğunun fərqinə vardım, lakin aktyorluğa olan vurğunluğum hər şeyi üstələdi. Bəxtim gətirib ki, ali məktəbdə müəllimim Tofiq Kazımov olub. O, yaxşı rejissor olmaqla bərabər həm də dəyərli müəllim idi.

- Azərbaycan səhnəsinin bugünkü vəziyyəti sizi qane edirmi? Hazırkı səhnədə öz yerinizi necə görürsünüz?

-Təəssüf ki, bu gün müasir dramaturqların əsərlərində cəmiyyəti maraqlandıran problemlər az işıqlandırılır. Səhnə üçün insanı düşünməyə vadar edən əsərlər yazılmalıdır. O zaman gileyləndiyimiz problem - tamaşaçı qıtlığı da olmayacaq. Bugünkü cəmiyyətimizin problemləri səhnədə oynanılan tamaşada hansısa bir şəkildə görünəndə, tamaşaçı teatrda onu narahat edən suallara cavab tapanda səhnə əsərinə baxmağa maraq göstərir. Teatr Xadimləri İttifaqının səhnəsində yenicə təqdim etdiyimiz "Afinalı Timon" da həm özümü, həm də cəmiyyəti narahat edən suallara cavab tapmağa çalışıram. İndi cəmiyyət maddiyyatla mənəviyyatın arasında tərəddüddə qaldığı bir zamanda "Afinalı Timon" kimi tamaşalara ehtiyac var. Cəmiyyət bilmir ki, bu gün həqiqət maddiyyatın yanındadır, yoxsa mənəviyyat tərəfdədir. Həyatımız bu gün o qədər maddiləşib ki, cəmiyyət mənəviyyat, həqiqət üçün aclıq hiss edir. Ona görə tamaşaçıya da maraqlıdır ki, həqiqəti kim deyir, o haradadır, ümumiyyətlə, o varmı? Bu suallar həmişə hamı üçün əhəmiyyət kəsb edir. Mən də zaman-zaman bir aktyor kimi özümə borc bilmişəm ki, səhnədə cəmiyyəti narahat edən belə suallara cavab tapım. Ancaq əgər insan və vətəndaş olaraq aktyoru heç nə narahat etmirsə, həyəcanlandırmırsa, kədərləndirmirsə, əzab vermirsə, onda rolunu təbii şəkildə yarada bilməyəcək. Kənar heç bir şeyə əhəmiyyət vermədən daxili dünyamı saf saxlamağa çalışıram. Bu vacib şərtdi, yoxsa səhnədə tamaşaçını inandırmaq mümkün deyil. Əvvəllər uzun müddət mən Hamletin simasında həqiqəti axtarmağa cəhd etmişəm. O, mənim çox sevdiyim obrazlardandır. Demək istədiyim sözləri onun vasitəsilə demişəm. 7 il bundan qabağın məhsulu olan Hamleti bu gün Afinalı Timon əvəzləyib. Timon obrazı hətta Hamletdən qabaq ürəyimdə arzu kimi vardı. Bu arzunu az qala 20 il idi ürəyimdə daşıyırdım. Bu arzumu reallaşdırdığı üçün ilk növbədə Azər Paşa Nemətə minnətdaram. "Afinalı Timon" antrepris tamaşadır, müxtəlif teatrlardan aktyorlar dəvət olunaraq hazırlanıb. Birinci dəfədir ki, Azərbaycan səhnəsində bu miqyasda antrepris tamaşa təqdim olunur. Ələkbər Tağızadəyə də minnətdaram ki, bu klassik tamaşaya prodüserlik edib. Afinalı Timonu özümün son maraqlı işlərimdən hesab edirəm. Minnətdarlığım həm də Hamlet roluna görədir. Adətən rejissorla aktyorun dostluğu nadir hallarda baş tutur. Amma mən Azər Paşanın simasında həm də özümə yaxşı dost tapmışam. Yalnız rejissorla aktyorun birgə, dostcasına işbirliyi yaxşı tamaşanın meydana gəlməsinə səbəb ola bilər. İş prosesində rejissorun və tərəf-müqabilin səviyyəsi çox önəmlidir. Rejissor istedadlı, tərəf-müqabil mahir aktyor olanda tamaşa da maraqlı alınır. İşimə bəzən elə aludə oluram ki, hətta çəkiliş meydançasında baş verən maraqlı, gülməli əhvalatların da fərqinə varmıram.

- Öz potensialınızı səhnədə tam realizə etdiyinizi düşünürsünüzmü?

- Qətiyyən yox. Özümü realizə olunmuş hesab etdiyim gün əslində səhnədən getməliyəm. Realizə olunmaq mənim aləmimdə o deməkdir ki, aktyor tükənib, artıq heç bir şey yarada bilmir, tamaşaçı üçün maraqlı deyil, deyiləsi sözü qalmayıb. Mən hələ etmək istədiklərimin, edə biləcəklərimin heç yarısını eləməmişəm. Bəlkə də yanılıram, amma özümdə hələ kifayət qədər potensial, yaradıcılıq yanğısı hiss edirəm. Hələ tamaşaçıya deyiləsi sözüm var. Hər bir yaradıcı insan axtarışda olmalıdır, zamanın nəbzini tutmağı bacarmalıdır, gəncliklə təmas qurmalıdır. Məsələn, "Hamlet" tamaşasında ən çox xoşuma gələn cəhət zalda tamaşaçıların əksəriyyətinin gənclər olması idi. Bu mənim üçün çox maraqlı məqam oldu. Deməli, Hamletin bu gün səhnədən dedikləri gənclərə maraqlıdır. Amma aktyor bunun sətiraltı mənasını bugünküləşdirib çatdırmalıdır ki, tamaşaçı bunu qavraya bilsin, ona maraqlı olsun. Oynadığım rolların təsirini uzun müddət özümdə hiss edirəm. İşimdən həzz alıram, tamaşaçıların da razı qaldığını görəndə yorğunluğumu unuduram. Məncə, aktyor hər roluna ciddi yanaşmalı, istədiyini əldə edənə qədər zəhmət çəkməli, məsuliyyət hiss etməlidir. Hər yeni obraz üzərində işləməyə başlayanda mənə elə gəlir ki, ilk rolumu ifa edirəm, hər şeyi unutmuşam, heç nə bilmirəm, yenə də həyəcan keçirirəm. Bu, səhnədə məsuliyyətimi daha da artırır.

- Sizin üçün teatr səhnəsi daha doğmadır, yoxsa çəkiliş meydançası?

- Mənim üçün ilk növbədə doğma məkan teatr səhnəsidir. Kino teatra nisbətən asan sahədir. Teatrın işi daha ağırdır. Buna görə də teatr həmişə mənim üçün daha artıq maraq kəsb edib. Səbəb odur ki, tamaşaçı ilə canlı ünsiyyəti heç nə əvəz edə bilməz. Üç saat ərzində tamaşa boyu insan taleyini yaşayıb tamaşaçıya göstərməyi heç nəylə əvəz etmək olmaz. Canlı tamaşaçı ilə ünsiyyətdə olmaq böyük zövqdür. Tamaşaçı nəfəsini hiss etmək, aktyorun hər bir sözünə, hər dediyinə o dəqiqə tamaşaçının reaksiya verməsi əvəzolunmaz hissdir. Bütün bunlar axı kinoda olmur. Kinoda bir qəhrəmanın ömrünü müəyyən müddət - bəzən günlərlə, aylarla yaşamalı olursan, amma teatrın ləzzəti ondadır ki, o prosesi üç saatlıq zaman çərçivəsinə sığdırmağı bacarasan. Olduqca çətindir, amma maraqlıdır. Rus Dram Teatrında və "İbrus"da çalışıram. Hansısa məqamlarda hiss edəndə ki, darıxıram, yeni ab-havaya ehtiyacım var, onda yenilik axtarıram. Rus Dram Teatrı və "İbrus" belə məqamda köməyimə çatıb. İbrus Teatrının tamaşaları ilə, demək olar ki, keçmiş Sovetlər Birliyinin bütün ölkələrində çıxış etmişəm. Onu da qeyd edim ki, görkəmli ssenarist, rejissor Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə yaradılan İbrus Teatrı Azərbaycanda ilk özəl, həm də yüksək səviyyəli teatrdır. Bu teatr həm Bakıda, həm də Moskvada fəaliyyət göstərir. İkidilli teatr olduğu üçün dünyaya çıxış imkanları da genişdir.

- Oynadığınız obrazların hansı daxilən sizə daha yaxındır?

- Demək olar ki, hamısında daxilən özümə yaxınlıq tapmağa çalışıram. Əgər məndə rola qarşı məhəbbət olmasa, onu oynaya bilmərəm. İnsan öz xasiyyətinə yaxınlıq tapdıqda roluna bağlanır. Mən İbrus Teatrında İvan Bunin rolunu oynayıram. Ən sevdiyim rollarımdandır. Məhz həmin rolda öz xasiyyətimə uyğun ştrixləri daha çox müşahidə eləmişəm. Ona görə də daha çox bəyənirəm. Rol alanda, onu hazırlayanda orada özünə yaxın nələrsə tapanda daha həvəslə çalışmağa başlayıram. Cavan ikən Nodar Dumbadzenin "Darıxma ana" tamaşasındakı Aftandil rolumla yaşayırdım. Bu yaxınlarda təqdim etdiyimiz Afinalı Timon da çox sevdiyim obrazdır.

- Elə olubmu ki, rol xasiyyətinizə uyğun olmayıb və ondan imtina etmisiniz?

- Çox olub. Mənə pyes təqdim olunanda əsəri oxuyuram, əgər obraz ürəyimdən tikan çıxarmırsa, onu oynamaqdan imtina edirəm. Qəlbimdəki, demək istədiyim sözləri tamaşaçıya deyə bilməyəcəyəmsə, əminəm ki, o rol tamaşaçıya da maraqlı olmayacaq. Bunu boş vaxt itkisi hesab edirəm. İstər kinoda, istərsə də teatrda qəlbimə yatmayan rolları oynamamışam.

- Daha hansı rolu oynamağı arzulayırsınız?

- Ümumiyyətlə, o barədə danışmağı sevmirəm, düşəri-düşməzi olar (əliylə "göz dəyməsin" mənasında stolu taqqıldadır). Həm də xoşlamıram ki, rejissora deyim, filan rolu oynamaq arzusundayam. İstərdim, rejissor özü məndə hansısa obrazı görsün və rol tapşırsın. Ancaq bunu açıqlaya bilərəm ki, gələcəkdə Azər Paşa Nemətlə birgə yeni layihə həyata keçirməyi planlaşdırırıq. Yəqin ki, bu, Lev Tolstoyun "Hacı Murad" romanı əsasında hazırlanan eyniadlı tamaşa olacaq.

- Öz fikrinizə görə, Fuad Poladov xaraktercə kimdir?

- Əsas odur ki, xarakterim var. Çətin olsa da, var. Dərd odur ki, xarakter ümumiyyətlə olmaya. Belələri az deyil. Öz xarakterim haqqında onu deyə bilərəm ki, nə həyatda, nə də işdə güzəştə gedən deyiləm. Qəti qərara gəlirəmsə, heç kəs məni fikrimdən döndərə bilməz. Mənimlə ünsiyyət yaratmaq, işləmək elə də asan deyil. İnsanın əsl xarakteri hansısa dar məqamda, bir taleyüklü məsələ həll olunanda dəqiqliklə meydana çıxır. Hansısa situasiyaya yanaşdığı mövqedən insanın xasiyyətini müəyyən etmək olar. Yalnız bu zaman insanın əslində kim olduğu üzə çıxır. Xarakter əməldə, işdə özünü büruzə verir.

- Ötən 60 ildə baş verənlərə nəzər salanda nəyə təəssüflənir, nəyə sevinirsiniz?

- Təəssüfləndiyim məqamları içimdə saxlamağa üstünlük verirəm. Şəxsən mənə qalsa, ikinci dəfə həyata gəlmək istəməzdim. Həyat həddindən artıq mürəkkəbdir, mürəkkəb olduğu qədər də maraqlıdır. Onu ancaq bir dəfə yaşamaq lazımdır. Əgər həyatını istədiyin və bacardığın kimi yaşaya bilmisənsə, ikinci dəfə dünyaya gəlib onu təkrarlamağın nə mənası olar? Sevindirici məqamları isə mənə ailəm, övladlarım, yaxşı dostlarım və tamaşaçıların sevgisi bəxş edib.

 

525-ci qəzet.- 2008.- 22 noyabr.- S. 19.