Türkiyədə “Arılar arasında” pyesinin tamaşaları anşlaqla keçmişdir

 

Xalq yazıçısı ElçininArılar arasındapyesi əsasında rejissor, əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda eyniadlı tamaşa ilə Azərbaycan-Türkiyə mədəni əməkdaşlığına növbəti töhfə verilmişdir.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivi adıçəkilən əsəri qardaş ölkənin üç şəhərində - Tasus, Konya və Ankarada teatrsevərlərə təqdim etmişdir. Qısa müddətdə - oktyabrın üçüncü ongünlüyündə 4 dəfə oynanılan “Arılar arasında” əsəri hər dəfə anşlaqla qarşılanmışdır.

Tasusda əsərin səhnəyə qoyulacağını eşidən qonşu Mersin şəhərindən də tamaşaya baxmağa gəlmişlər. Ankarada isə tanınmış mədəniyyət, ədəbiyyat xadimləri, rəsmi şəxslər də tamaşaçılar arasında olmuşlar.

Əsərin süjeti sadə olduğu qədər də maraqlı və düşündürücüdür. Şəhər həyatının səs-küyü, tükənməyən problemləri babanı (xalq artisti Nurəddin Mehdixanlı) sakit bir guşədə - təbiətin qoynunda arılar arasında məskunlaşmağa vadar etmişdir. Ailənin digər üzvləri qadın (xalq artisti Firəngiz Mütəllimova), ər (əməkdar artist Cəfər Namiq Kamal), Lyala (əməkdar artist Münəvvər Əliyeva), Zulya (Şəhla Əliqızı), Caba (Rəşad Bəxtiyarov), eləcə dayə (əməkdar artist Mətanət Atakişiyeva) şəhərdə sıxıntılı, darıxdırıcı günlərini yaşayırlar. Bir gün onlar babanı ziyarət etmək qərarına gəlirlər. Ailə üzvlərinin baba ilə görüşü səhnəsi düşündürücü ibrətamizdir. Əsərin finalına doğru babanın düşüncəsində ciddi dəyişikliklər baş verir: o, arıların arasında yaşamağa üstünlük versə , ünsiyyətə, həmsöhbətə, həmdərdə böyük ehtiyac hiss edir. ...dayə arıların arasını seçir.

Tamaşanın quruluşçu rəssamı Altay Sadıxzadə, musiqisi əməkdar incəsənət xadimi Fərəc Qarayevindır. Qastrol səfərində yaradıcı kollektivə Dövlət Akademik Milli Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Maqbet Bünyadov rəhbərlik etmişdir.

 

Xalq qəzeti.- 2008.- 9 noyabr.- S. 5.