Yaradıcılıq
tərcümeyi-halından sətirlər
Azərbaycan musiqi
sənətinin inkişafında bir nəslin ştrixləri
Azərbaycan musiqi mədəniyyəti
tarixində bir nəslin dərin dramatizmini, lirik
situasiyalarını əks etdirən
neçə-neçə şəcərələrin izi var.
Bu şəcərələrdə yaşanılan illərin
əzəməti yaradıcı simaların sənət
tarixinə saldıqları naxışlarla daha dolğun, daha
işıqlı görünür. Soyadların
daşıyıcısına çevrilən nəsil daha
orijinal bir şəkildə nəfəsini sənət
tariximizə həkk edərək ömrün yollarında bir
insan taleyinin təkrarsız məqamlarını
yaşaya-yaşaya, bir əsrdən o biri əsrə yol
salır. Beləcə, sənət tarixinin
salnaməsiniin illəri yazılır. Behbudov soyadı da
sənət tariximizdə zirvədə duran bir imzadır.
Əsrlərdən boylanan səslərin içində
Behbudovların əks-sədası aydın bir
şəkildə eşidilir. Bu nəslin sənət yolunun
ilk cığır açanı Məcid Behbudov olmuşdur.
Onun sənət məktəbi zamanın
məsafələrində nəslin musiqiçilər
nəsli yetişdirir.
Məcid
Behbudov Azərbaycan musiqi sənəti məktəbinin
görkəmli nümayəndəsi olmaqla XIX əsrin seçilib-sevilən
xanəndəsi kimi şöhrətlənmişdir. Onun
sənət yolunun inkişafında dövrün
tanınmış musiqiçilərinin rolu olmuşdur.
Müğənni özünəməxsus səsi ilə
seçilən və bu səsi formalaşdırmağı
bacaran sənətkar olmaqla yanaşı, daim axtarışda,
inkişafda olan ifaçı kimi də novatorçuluğa
meyili yüksək səviyyədə olmuşdur.
M.Behbudovun
sənət məktəbi dar çərçivədə
olmamış, geniş məkanı əhatə etmişdir. Onun
yaradıcılığında olan ştrixlərin hər
birində sənətkarın fərdi üslubu dayanır. Bu üslub özünün bir çox
cəhətləri ilə diqqət mərkəzində olub.
İstər dövrünün musiqiçilər nəsli,
istərsə də sonrakı dövrü əhatə
edən illərdə Məcid Behbudov sənəti ilə
bağlı musiqiçilər fikirlərini
söyləmiş, tənqidi cəhətdən bu
irsə yanaşsalar da, onun spesifik
xüsusiyyətlərində müsbət tərəfləri
ortaya qoya bilmişlər.
Sənətkardakı
qeyri-adi səsin yaranması Azərbaycanda Şərqin
konservatoriyası kimi şöhrətlənən
Şuşada dünyaya gəlməsi ilə
əlaqədardır. Buranın zəngin təbii
mühiti, eləcə də, ab-havası M.Behbudovu
sənətkar kimi yetişdirməyə bilməzdi.
Təbiətin mənzərəsi, təmiz hava, təmiz su
və s. musiqiçini səs imkanlarından lazımi
səviyyədə istifadə etməsinə əsas
meyarlardandır. Qeyd edim ki, musiqiçi çox gənc
yaşlarından bu sənətlə məşğul
olmağa başlamışdır. O, "Arşın mal
alan"dan parçaları "Segah", "Bayatı"
üzərində oxumuş, klassik sənətə meyl
göstərmişdir. Məhz bunun
nəticəsidir ki, M.Behbudov tez bir zamanda
məşhurlaşdı. Tanınmış musiqişünas
Cəlilbəy Bağdadbəyovun məlumatına
əsasən, M.Behbudov 1904-cü ildən etibarən
musiqiçi kimi fəaliyyətə başlamışdır.
İlk olaraq Qarabağ və Gəncə
məclislərində ifaçılıq məharətini
göstərmiş, sonralar bu məkan geniş coğrafi
ərazini əhatə etmişdir. Bu mənada ki,
Zaqafqaziyanın şəhər və kəndlərində
xanəndəlik etmişdir. 1910-cu ildə artıq
Gürcüstanda məşhur olan müğənnilərdən
biri idi. Riqa şəhərində "Qrammofon"
şirkəti onun ifasında Azərbaycan muğam, təsnif
və xalq mahnılarını lentə yazırdı. O,
"Mirzə Hüseyn segahı"nı,
"Şüştər"i, "Cahargah"ı xüsusi
məharətlə ifa edir.
M.Behbudov
yaradıcılığı çoxşaxəli və
rəngarəngdir. Belə ki, Məcid Behbudovun
Azərbaycan Opera və Balet Teatrının
səhnəsində rolu olmuşdur. O, bu səhnədə
"Fərhad və Şirin" operasında Fərhad rolunu
uğurla oynamış, partiyanın əzəmətini,
gücünü ifadə edə bilmişdir. Tamaşadan sonra
"Kaspi" qəzeti onun haqqında belə yazırdı:
"Məcid Behbudov çox məharətli səsə
malikdir. Gözəl ifa nümayiş
etdirdi." İlk belə uğurlu çıxışdan
sonra M.Behbudov dünyaşöhrətli bəstəkar
Üzeyir Hacıbəyovun opera və operettalarında bir
çox obrazları yaratmağa başladı. Eyni zamanda,
Məşədi Cəmilin "Seyfəl-mülk"
operasında da maraqlı obraz yaratdı. Bu
möhtəşəm səhnədə daha bir bitkin
rolun uğurlu həllinə müvəffəq olur. Klassik
operalarda orijinal rollar yaradan Məcid Behbudov sənəti
illər ötdükcə özünü daha qabarıq
şəkildə büruzə verirdi. O, dövrünün
tanınmış tarzəni olan Məşədi Zeynal ilə
birlikdə bir çox dünya ölkələrinə qastrol
səfərinə çıxaraq, Azərbaycan milli musiqisini
təbliğ edirdi.
1942-ci
ildə bu nəslin davamçılarından olan
respublikanın xalq artisti Rəşid Behbudov İrana
səfəri zamanı Xoy şəhərinin adlı-sanlı
əyanlarından olan Analı xanın evinə dəvət
olunur. Məclisdə Rəşid Behbudovun ifası
dinlənilir və bu səs hamıdan çox onun həyat
yoldaşının diqqətini cəlb edir. Rəşid
Behbudov oxuyub qurtardıqdan sonra, xanın arvadı böyük
bir sandığı açıb uzun illərdən bəri
qoruyub saxladığı cavan bir oğlanın şəklini
və bir ədəd qrammofon valını
müğənniyə göstərir. Bundan heyrətə
gələn sənətkar məsələnin təfsilatı
ilə söylənilməsini xahiş edir. Bu şəkil
M.Behbudovun şəkili idi. Val isə onun Azərbaycan
muğam, təsnif və xalq mahnılarının lentə
alınmış nümunəsi idi.
Analı
xanın arvadı sənətkara deyir ki, mən
Naxçıvanda anam ilə bir məclisdə olanda Məcid
elə gözəl oxudu ki, onun səsi anamı valeh etdi. Müğənnini
İrana - Xoy şəhərinə mənim toyuma
çağırdı. Xoy şənliyindən sonra Məcid
şəkillə valı mənə yadigar verdi. Bu əhvalat 1912-ci ildə baş vermişdi. 30 il
sonra İrana səfər edən Rəşid Behbudov atası
ilə bağlı çox gözəl
təəssüratları yaşamış, onun sənətkarlığının
böyüklüyü haqqında müxtəlif fikirlər
eşitmişdir. Təbii ki, bu xoş səda M.Behbudov
haqqında olan münasibət Rəşid Behbudovun qüruruna
bir övlad kimi öz izini salmışdır. Həqiqi
sənət yaddaşlardan heç zaman silinmir. Onun
əks-sədası zaman ötdükdən sonra belə daha
parlaq bir şəkildə təcüssüm olunur.
M.Behbudov
yaradıcılığı iki ictimai formasiya arasında
inkişafda olmuşdur. Kapitalizm dünyasından sovet
məkanına yol açan bir zamanda, sənətkarların
baxış və inkişafında da müəyyən
dəyişikliklər özünü göstərmişdir.
Bu baxımdan. Məcid Behbudov
yaradıcılığı da sovet hakimiyyəti
illərində başqa bir məcrada inkişaf yolunu
keçmişdir. O, Tiflis teatrının konsert
salonlarında zəhmətkeşlərlə təşkil
olunan görüşlərdə maraqlı repertuarlarla
çıxış edərək, onların dərin
rəğbətini qazanmışdır. Ömrünün son
gününə qədər Azərbaycan musiqi
sənətinin inkişafı naminə
çalışmış, məlahətli səsi
ilə xalqına xidmət etmişdir. Bu illər
ərzində bir pedaqoq kimi fəaliyyət dairəsinə bir
çalar da əlavə etmişdir. Onun 40 illik
fəaliyyəti dövründə istedadlı
ifaçılar nəsli yetişmişdir.
Behbudovlar
nəsli Azərbaycan musiqi sənəti tarixində öz
imzasını atmış sətkarlar nəslidir. Onun
övladları Ənvər Behbudov SSRİ xalq artisti,
Nəcibə Behbudova isə əməkdar artist olmuşlar.
Hər birinin sənət yolundakı uğurlar Azərbaycan
professional sənətinin ikişafına təkan vermişdir.
Rəşid Behbudov isə Azərbaycan musiqi sənətini
dünya miqyasına çıxararaq, daha da şöhrətləndirmiş
və təbliğ etmişdir. Bu sənət aləmindəki
uğurlar ailədəki təməldən irəli
gələn amildir. Məcid Behbudov Rəşid Behbudov kimi bir
sənətkarı Azərbaycan xalqı üçün
yetişdirərək, onun sərhədsiz bir aləmdə
varlığını sübuta yetirdi. Bu mənada ki,
"Səni vəsf edirəm, Azərbaycan" deyən
Rəşid Behbudov üçün sənət anlamı
ən yüksək zirvədə dayanaraq, daim inkişafda
olmuşdur. Bu gün yubileyini qeyd etdiyimiz Məcid Behbudovun ruhu
şaddır. O, Azərbaycan sənətinə Rəşid
Behbudov kimi övlad bəxş etməklə Behbudovlar şəcərəsinin
əsrlər boyu belə yaşamasına nail olmuşdur.
Rəşid
Behbudovun qızı Rəşidə Behbudova hazırda bu
nəslin daha bir parlaq nümunəsi kimi
fəaliyyətdədir. Taleyinmi,
təsadüfünmü nəticəsidir ki, Məcid Behbudov
Azərbaycan muğamlarını ustalıqla "Arşın
mal alan" filmindən parçaları ifa etməklə
səsləndirirdisə, Rəşid Behbudov "Arşın
mal alan" filmində çox maraqlı bir obrazın
yaradıcısına çevrildi. Opera və Balet
Teatrında rollara dəvət aldı. Azərbaycanın xalq
mahnılarını məharətlə ifa etdi. Xarici
dövlətlərə səfərləri uğurla həyata
keçdi. Oxşar tale, oxşar
yaradıcılıq yolu ata ilə oğul arasında
sənət körpüsü yaratdı. Bu körpüdən
gələn səslər, yaradıcılıq
axtarışları Azərbaycan musiqi sənətinin
inkişafında yeni bir mərhələnin təmələni
qoydu. Bu gün hər birimiz Azərbaycan musiqi
sənətinin görkəmli nümayəndələrini
iftixarla yad edirik. Adlarını çəkdiyimiz simaların
sıramızda olmaması mənən bizi sarsıtsa da,
yaradıcılıq irslərindəki gözəllik, sevgi
duyğuları qəlbimizdə coşqunluq yaradır,
həyatda yaşamaq hissini daha da artırır.
Bu
gün Azərbaycan milli sənət
nümunələrinə, eləcə də, onun
görkəmli nümayəndələrinə dövlət
tərəfindən göstərilən diqqət və
qayğı milli-mənəvi dəyərlərimizin
yüksək qiymətləndirilməsinə səbəb olur.
Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO
və İSESKO-nun xoşməramlı səfiri, millət
vəkili, Azərbaycanın birinci xanımı Mehriban
xanım Əliyevanın Azərbaycan milli musiqi
sənətinin inkişafı istiqamətində
hazırladığı layihələr bu gün öz
nəticəsini verməkdədir. Muğam
Mərkəzinin yaradılması, muğam
ensiklopediyasının yaradılması, "Qarabağ
xanəndələri" albomunun hazırlanması və s. bu
layihə çərçivəsində həyata
keçirilir. "Qarabağ xanəndələri" albomunun
hazırlanaraq dünyanın müxtəlif
ölkələrinə paylanılması Azərbaycan milli
musiqisinin təbliğinə yönəlmişdir. Bu
xanəndələr sırasında Cabbar
Qaryağdıoğlu, Seyid Şuşinski, Bülbülcan kimi
sənətkarlarla yanaşı, M.Behbudovun da yer alması onun
sənətinə olan diqqətin təzahürüdür. Azərbaycan milli musiqisini yad
ünsürlərdən qoruyaraq zaman-zaman yaşadan və
çiyinləri üzərində böyük bir
məktəbin bir xətt üzrə inkişafına nail olan
Məcid Behbudov kimi sənətkarlar sənət tariximizdə
ölməzlikləri ilə əbədiləşib, zamanla
ölçülməyən ömrün sahibinə
çevrilmişlər.
Bu
gün Məcid Behbudovun 135 yaşı tamam olur. Böyük
bir sənətkarın yaradıcılıq irsinin kiçik
bir səhifəsində onun keçdiyi şərəfli
ömür yolunu vərəqlədikcə, bizlər üçün
nümunə ola biləcək bir tərcümeyi-halla
tanış olduq. Bu yaradıcılıq
xasiyyətnaməsində Məcid Behbudov sənətkar,
şəxsiyyət, vətənpərvər kimi öz izini
salmışdır.
Səs.- 2008.- 4 noyabr.- S. 12.