Sosioloji
biliklərdən səmərəli istifadə
cəmiyyətin tərəqqisi üçün mühüm
əhəmiyyətə malikdir
Sosiologiya elmi
cəmiyyətin problemlərinin həlli prosesində
yaxından iştirak edir. Bu məqam onun
əhəmiyyətini səciyyələndirən əsas
amillərdən biridir. Bəs, sosiologiya elminin imkanlarından
bizdə necə istifadə olunur? Azərbaycan Sosioloqlar
Birliyinin icraçı direktoru, Türk Dünyası
Sosioloqlar Birliyinin vitse-prezidenti Əbülfəz Süleymanlı
ilə söhbətimiz də Azərbaycanda sosiologiya elminin
mövcud durumu və cəmiyyətimizdəki aktual sosial
problemlər barəsində oldu.
- Əbülfəz
müəllim, Azərbaycanda sosiologiya elminin bugünkü
vəziyyətini necə qiymətləndirirsiniz?
- Əvvəla, bir
faktı qeyd etmək istəyirəm ki, bu elm sahəsinin
ölkəmizdə formalaşma tarixi o qədər də uzaq
deyil. Sovetlər dövründə cəmiyyətdə
baş verən bir çox neqativ halların üzə
çıxarılmasında dövlət o qədər də
maraqlı deyildi. Buna görə də sosiologiyaya “burjua elmi”
damğası vurulmuşdu və onun inkişafı süni
şəkildə “dondurulmuşdu”. Sovetlər
dağıldıqdan sonra Azərbaycanda da bu elm
sahəsində müəyyən irəliləyiş baş
verdi. Müxtəlif sahələrdə sosioloji tədqiqatlar
aparan mərkəzlər quruldu, bəzi universitetlərdə
sosiologiya fakültələri fəaliyyətə başladı. Hazırda bu elmin inkişafı
üçün AMEA-nın Fəlsəfə və Siyasi-
Hüquqi Tədqiqatlar İnstitutunun sosiologiya və
sosial-psixologiya şöbəsində professor Rəfigə
Əzimovanın rəhbərliyi altında
məqsədyönlü işlər görülür.
Şöbədə son illər həm nəzəri, həm
praktiki sosial problemlərin öyrənilməsi
sahəsində aparılan elmi araşdırmaların sayı
xeyli artıb. Eyni zamanda, sosiologiya sahəsində akademik
kadrların hazırlanması istiqamətində
səmərəli fəaliyyət planı
hazırlanmış və uğurla həyata keçirilir.
Sosioloqlarımızı
vahiq bir qurumda birləşdirmək məqsədi ilə
Azərbaycan Sosioloqlarının Birliyini təsis etmişik. Bu
qurum həm də xaricdəki analoji sosioloji
cəmiyyətlərlə əməkdaşlıq edir,
beynəlxalq konfranslarda fəal iştirak edir.
Lakin bununla belə, bu sahədə
problemlər qalmaqda davam edir. Əfsuslar olsun ki, biz bu
günə qədər hələ də sosiologiya elminin
imkanlarından lazımı səviyyədə istifadə
edə bilmirik. Dünya praktikasına nəzər yetirdiyimiz
zaman görürük ki, yeni qurulan dövlətlərin
əksəriyyətində sosiologiya elminin imkanlarından
geniş istifadə edilir. Zənnimcə, bizim də bu
sahəyə daha çox diqqət yetirməyimizə ciddi
ehtiyac duyulur. Bu gün cəmiyyətdə baş verən
proseslər onların çox ciddi surətdə sosioloji
analizinin aparılması və gələcəyə
istiqamətlənmiş strategiyaların
müəyyənləşdirilməsi zərurətini meydana
çıxarır.
- Sizcə, bu
sahədəki mövcud problemlərin əsas
səbəbləri nədir?
- Hesab edirəm ki,
hələ də cəmiyətimizdə bu elmin imkanları
haqqında kifayət qədər məlumat yoxdur. Bu da
öz növbəsində sosioloji tədqiqatların
nəticələrinə marağı azaldır.Eyni zamanda,
aparılan sosioloji tədqiqatların keyfiyyətinin
qənaətbəxş olmaması da ona qarşı
biganəliyin yaranmasını şərtləndirən
amillərdəndir.
İnkişaf etmiş
ölkələrdə dövlətin sosial siyasətinin
müəyyənləşdirilməsində sosioloqlar kadr kimi
məsul sahələrdə çalışdıqları
halda bizdə bu göstərici çox
aşağıdır. Bu isə öz
növbəsində sosiologiya elminə meyl edənlərin
sayının azalmasına səbəb olur.
Özünü sosioloq adlandıranlar arasında
müxtəlif peşə sahiblərinə və elmin
digər sahələrinə aid insanlara rast gəlmək olar.
Bu səbəbdən də sosiologiyada mövcud metodoloji
yanaşma prinsiplərində pərakəndəlik
özünü büruzə verir. Vahid meyarların və
elmin sərhədinin müəyyənləşdirilməsi
Azərbaycanda sosiologiya elmi qarşısında duran prioritet
məsələlərdəndir. Sosioloji təhsil
sahəsində də problemlər qalmaqdadır.
Ümumiyyətlə,
sosiologiya elmi bu gün cəmiyyətdə baş verən
proseslərə vaxtında adekvat reaksiya verməyi və
zamanın tələblərinə uyğunlaşmağı bacarmalıdır.
Dövlətin tərəqqisi və
möhkəmlənməsi şəraitində milli
sosiologiyanın inkişafı ilə bağlı yeni
perspektivlər açılır. Sosioloji
biliklərdən səmərəli istifadə, bu
sahədəki tədqiqat metodlarının düzgün
və məqsədyönlü şəkildə tətbiqi,
elmi-praktik potensialın inkişaf etdirilməsi
cəmiyyətin tərəqqisində mühüm
əhəmiyyət kəsb edir. Odur ki, bu
istiqamətdə müvafiq dövlət strukturlarının
və peşəkar sosioloqların məqsədyönlü
şəkildə təşəbbüskarlıq
göstərməsi zəruridir.
- Cəmiyyətdə
olan sosioloji problemlər hansılardır? Bir sosioloq kimi,
bu barədə nə düşünürsünüz?
- Birinci
növbədə bir məqamı qeyd etmək vacibdir ki,
problemsiz cəmiyyət yoxdur. Hətta, ən inkişaf
etmiş cəmiyyətlərdə belə problemlər
mövcuddur və onların sayı durmadan artır.
Sözsüz ki, keçid dövrünü yaşayan
cəmiyyətlərdə problemlərin mövcudluğu
təbiidir. Bununla belə, biz deyə bilərik ki,
bugünkü Azərbaycan cəmiyyətində bir sıra
prioritet problemlər önə çıxır və sosiologiyanın
ən ciddi vəzifəsi o prioritet istiqamətlərin sosioloji
təhlilini aparmaqdan ibarətdir.
Bu gün baş
verən sosial proseslərin sürəti insanı
heyrətləndirir. Əhalinin nəhəng hissəsi
urbanizasiya proseslərinə cəlb olunur, kütləvi
şüur kosmik sürətdə dəyişir, əhalinin
tərkibi dəyişir və s. Təhsilə
aid müəyyən problemlərin sosioloji tədqiqi,
gəncliyin xüsusilə mənəvi-dəyərlər
orientasiyası baxımından təhlili, ailədə baş
verən dəyişikliklərin izlənməsi sosial
problemlər kimi qarşımızda duran məsələlərdir.
Bütün bu proseslərin sosioloji baxımdan tədqiqi
zəruridir.
- Son illər ailə mövzusunda
bir çox tədqiqat aparmısınız. Bu
sahədə apardığınız tədqiqatların
nəticəsi haqqında nə deyə bilərsiniz?
- Azərbaycan xalqı
hər zaman ailəyə xüsusi dəyər verməsi
ilə tanınıb. Bu gün də statistikaya
nəzər yetirdiyimiz zaman digər ölkələrlə
müqayisədə Azərbaycanda insanların ailəyə
bağlılığının daha güclü olduğu
müşahidə edilir. Bunu son illər bu
sahədə apardığımız tədqiqatların
nəticələri də sübut edir. Ən son olaraq
apardığımız “Universitetin sonuncu kurs
tələbələrinin ailə haqqında
düşüncələri” tədqiqatında
gənclərin 90 faizi ailə institutunu əhəmiyyətli
hesab edir və quracağı ailə haqqında
müsbət fikirlər bəyan edirlər.
Gələcəyin təminatı olan gənclərin
ailəyə dəyər verməsi çox
əhəmiyyətlidir. Gənclərin övlad sahibi
olmağa müsbət münasibəti də demoqrafik
baxımdan başqa ölkələrdə özünü
biruzə verən təhlükənin bizim üçün
ən azı son 10 ildə gündəmdə
olmayacağından xəbər verir. Lakin bununla belə,
ailə institutunda bəzi mənfi meyillərin
özünü büruzə verdiyi də bir həqiqətdir.
Xüsusilə, son zamanlar boşanma faizinin
artması ciddi düşünməyi və təcili bu
sahədə tədbirlərin görülməsini zəruri
edir. Ən çox narahatlıq doğuran məqam isə bu
məsələyə münasibətdə
cəmiyyətdə getdikcə liberal yanaşmanın
artmasıdır. Bu, çox təhlükəli
meyllərdir. Qərb ölkələrində ailə
institutunun zəifləməsində bu cür meyllər
çox böyük rol oynadı. Onların
tədqiqatçıları da bunu təsdiqləyirlər.
Bunun üçün bu məsələyə ehtiyatla
yanaşmaq lazımdır.Unutmaq olmaz ki, boşanma zamanı
ən çox uşaqlar zərər çəkirlər,
özlərinə inamı itirirlər. Belə
ailələrdə də cinayətkarlıq halları daha
çox nəzərə çarpır.
Cinayətkarlığa qurşanmayanlar isə
cəmiyyətdə həyatdan bezmiş kimi yaşayırlar
və bəziləri hətta intihar edərək
həyatlarına son qoyurlar.
- Qloballaşmanın
milli mədəniyyət üzərində təsirini necə
qiymətləndirmək olar?
- Qloballaşmanın
ən çox hiss edildiyi və təsir etdiyi
sahələrdən biri də, heç şübhəsiz,
mədəniyyətdir. Bunun üçün də bu
prosesdə milli mədəniyyətlərin qorunub
saxlanılması və xüsusi strategiyaların
müəyyənləşdirilməsi milli
dövlətlərin qarşısında duran ən aktual
məsələlərdən biridir. Son dövrlərdə
qloballaşmanın meydana gətirdiyi nəticə onu
göstərir ki, lokallaşaraq qorunan deyil, əksinə
qloballaşaraq qorunan milli dəyərlər öz
mövcudluqlarını davam etdirə bilirlər.
Unutmaq olmaz ki, qloballaşma
şəraitində kommunikasiya və nəqliyyat
vasitələrinə nəzarət edən
ölkələrin mədəniyyətləri daha
üstün mövqe qazanır.Bunun üçün də
yerli televiziya kanallarımız çox ciddi strategiya
işləyib hazırlamalı, öz verilişlərinin
beynəlxalq miqyasda rəqabətə davamlı
səviyyəyə yüksəltməlidirlər. Həm
də rəqabətin uğurlu olması üçün milli
proqramların təkcə mənəvi məzmunu deyil, həm
də texniki səviyyəsi Qərb standartlarından geri
qalmamalıdır. Xalqın milli kimliyini qoruya bilməsi, milli
mədəniyyətinə, tarixinə və ana dilinə sahib
çıxması ancaq bu şərtlə mümkün ola
bilər.
- Siz eyni zamanda Türk
Dünyası Sosioloqlar Birliyinin vitse-prezidentisiniz. Bu
təşkilat haqqında bir qədər məlumat verə
bilərsinizmi?
- Türk Dünyası
Sosioloqlar Birliyi türk dünyasının müxtəlif
ölkələrindən olan sosioloqları
birləşdirən qurumdur. Məqsəd türk
dünyasının yaxın tarixdə və müasir
dövrdə qarşılaşdığı problemlərin
açıqlanması sahəsində sosiologiya elminin imkanlarından
istifadə edə bilmək, problemlərə ortaq həll
yolunun tapılmasında sosioloqlar arasında
qarşılıqlı fikir mübadiləsinə nail
olmaqdır.
2005-ci ilin noyabr
ayında Türkiyənin Kocaeli şəhərində
TİKA və Kocaeli Böyük Şəhər
Bələdiyyəsinin dəstəyi ilə Türk
Dünyası Sosioloqları Birliyinin birinci təsis
qurultayı keçirildi. “Milli
dövlət və qloballaşma” adı altında
keçirilən qurultayda birliyin idarə heyəti
formalaşdı və bu qurum qurultaydan sonraki dövr
ərzində sosioloqlar arasında koordinasiya fəaliyyətini
həyata keçirməyə başladı. Cari ilin aprel
ayında Qazaxstanın Almatı şəhərində qurumun
ikinci qurultayı keçirilmişdir. İkinci qurultayın
əsas müzakirə obyekti “Vətəndaş
cəmiyyəti və sosial tərəqqi” mövzusu idi. Sonuncu
qurultayın əsas nəticələrindən biri birliyin
jurnalının təsis olunmasına qərar verilməsi idi.
Artıq 2010-cu ildə üçüncü qurultayın
Qırğızıstanda keçirilməsi qərara
alınıb. Bundan əlavə, müxtəlif
sahələrdə əməkdaşlıq edir, müxtəlif
mövzularda birgə tədqiqatlar aparır, kitablar,
məqalələr hazırlayırıq. Birliyimizin
sıralarında kifayət qədər tanınmış
sosioloqlar cəmləşib. Nümunə üçün
qeyd etmək istəyirəm ki, Qazaxstan Respublikasının
xarici işlər naziri, sosiologiya elmləri doktoru Marat Tacin
birliyimizin vitse-prezidentidir. Birliyin mərkəzi ofisi
İstanbul şəhərindədir. İstanbul Üniversiteti
ədəbiyyat fakültəsinin dekanı, professor Korkut Tuna
qurumun prezidentidir.
Hesab edirəm ki, birliyin yaranması çox ciddi
addımdır və digər elm sahəsində
çalışan elm adamları üçün də
nümunə ola bilər. Xüsusilə,
qloballaşmanın vüsət aldığı bir
dövrdə türk dünyası ölkələri
arasındaki tarixi və mədəni
bağlılığı üzə çıxartmaq,
dövlətlərarası münasibətləri
gündəmdə saxlamaq üçün elm
adamlarının öhdəsinə böyük iş
düşür .
Müsahibəni qələmə aldı:,
Xalq qəzeti.- 2008.- 7
noyabr.- S. 5.