Akifqızı Ş.
Hyustonda
keçirilən türkdilli xalqların festivalı
minlərlə tamaşaçı cəlb etmişdir
“Hyuston-Bakı”
Qardaşlaşmış Şəhərlər
Assosiasiyasından verilən məlumata görə, assosiasiya
üzvləri Texas ştatında təşkil edilən
türkdilli xalqların festivalında iştirak
etmişlər. ABŞ-ın 4-cü
ən böyük şəhəri hesab edilən Hyustonun mərkəzi meydanında
iki gün ərzində keçirilən
festival 15 min nəfərdən çox
tamaşaçı cəlb
etmişdir. Burada türk və Azərbaycan mədəniyyətləri
ilə yanaşı, qazax, türkmən, özbək, qırğız,
Bosniya və Herseqovinanın da zəngin irsi təqdim edilmişdir.
Assosiasiya üzvləri
Azərbaycana həsr etdikləri köşkdə festival
iştirakçılarına ölkəmiz haqda məlumat
kitabçaları, suvenirlər, eləcə də
Azərbaycan haqda sənədli film nümayiş
etdirmişlər. Proqramın musiqi hissəsində
Hyustonda Lalə Abbasovanın bədii rəhbərliyi altında
yeni fəaliyyətə
başlayan musiqi qrupunun, Bakıdan gələn gənc istedadlar Xədicə Əlizadə və İbrahim Fərzəliyevin
vokal çıxışları,
həmçinin Kamilə
Həmzəyevanın ifasında
milli rəqslərimiz
tamaşaçıların rəğbətini qazanmışdır.
“Hyuston-Bakı”
Qardaşlaşmış Şəhərlər
Assosiasiyasının prezidenti İradə Axundova
bildirmişdir ki, festivala gələnlər ölkəmizin
mədəniyyəti və tarixinə böyük maraq
göstərirdilər. Assosiasiya üzvləri vətənlərinin
mədəni irsini Amerika ictimaiyyətinə çatdırmaqdan qürur
hissi keçirirdilər.
Diasporun
təşkilatlanmasında bu cür mədəni
tədbirlərdə iştirakın əhəmiyyətini qeyd
edən İradə xanım tezliklə bunun faydasını
görəcəyinə inandığını
bildirərək demişdir: “Kiçik toxumlardan bitən
ağac bar verən kimi, bizim də mədəniyyətimizi
Amerikada tanıtmaq səylərimiz müəyyən vaxtdan
sonra Birləşmiş Ştatlarda Azərbaycan haqda daha
dolğun və obyektiv məlumatın mövcudluğuna
gətirəcəkdir.”
Xalq qəzeti.- 2008.- 9 noyabr.- S. 4.