Noyabrın 25-i BMT
tərəfindən qadınlara qarşı
zorakılığa son qoyulması günü elan
olunmuşdur. Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar
İttifaqı Respublika
Komitəsinin Atatürk
Mərkəzində keçirilən
IV plenumunda komitə sədri Cəmilə Səttarova bildirmişdir ki, qadınların kişilərlə bərabər
hüquq və azadlıqlara nail olmaları problemi əsrlər boyu dünyanın mütərəqqi fikirli insanlarını, böyük
dühaları düşündürmüş,
narahat etmişdir. Qadın hüququ, qadın təhsili ilə bağlı məsələlər, ümumən
qadının ictimai həyatda mövqeyi hər bir ölkə
üçün demokratiyanın,
cəmiyyətin ümumi
inkişaf səviyyəsinin
əsas meyarlarından
sayılmışdır.
Ümummilli liderin
"Azərbaycan qadını tarix boyu öz ağlı,
zəkası, qeyrəti, isməti, fədakarlığı,
mərdliyi, vətənpərvərliyi ilə millətinə,
torpağına olan hədsiz məhəbbəti ilə
tanınmışdır" - fikrini xatırladan Cəmilə
Səttarova məhz Heydər Əliyevin Azərbaycan
rəhbərliyinə qayıdışı ilə
ölkədə müstəqil, hüquqi və demokratik
dövlət quruculuğunu genişləndirmək yolunda
uğurlu addımlar atıldığını, o
cümlədən qadın hərəkatına dövlət
qayğısının gücləndiyini diqqətə
çatdırmışdır.
Azərbaycan həmkarlar
ittifaqlarının qadın problemlərinin həllində,
onların hüquqlarının qorunmasında
özünəməxsus rolu və zəngin
təcrübəsi var. "Həmkarlar İttifaqları
haqqında" qanunda
təsbit olunmuş hüquqlara və vəzifələrə əsaslanaraq
həmkarlar ittifaqları
təşkilatları öz
nizamnamələrində bütün
üzvlərinin məşğulluq
sahəsində, əməyin
mühafizəsində müdafiə
hüquqlarının bərabərliyini
nəzərdə tutan
müddəalar əks
etdirmiş, həmçinin gender problemini ayrıca məsələ
kimi göstərmişdir.
2004-cü il dekabrın
28-də AHİK-in
3-cü məclisində gender
məsələsi müzakirə
edilərək həmkarlar
ittifaqlarının gender
siyasəti konsepsiyasının
işlənilməsi, işləyən
qadınların və
ailə vəzifələrini daşıyan işçilərin müdafiəsi
üzrə müsbət
təcrübənin öyrənilməsi
və yayılması,
Beynəlxalq Əmək
Təşkilatının 183 və 156 saylı konsepsiyalarının ratifikasiyası
üzrə yardımçı
olmaq qərarları qəbul edilmişdir. AHİK-in İcraiyyə Komitəsinin 28 fevral 2006-cı il tarixli
qərarı ilə AHİK-in gender siyasəti üzrə Konsepsiyası təsdiqlənmiş,
"AHİK-in gender bərabərliyi və qadın problemləri üzrə Mərkəz"
yaradılmışdır.
Mədəniyyət
İşçiləri Müstəqil Həmkarlar
İttifaqı Respublika Komitəsi rəyasət
heyətində 2008-ci il "Qadın ili" elan edilmiş,
üzv təşkilatların əməli
fəaliyyətlərində gender bərabərliyi və
qadın problemləri ilə bağlı
məsələlərə daha çox diqqət
yetirilməsi tövsiyə olunmuşdur.
Cəmilə
Səttarova bildirmişdir ki, son zamanlar ölkə
başçısının mədəniyyətə olan
qayğısı və diqqəti nəticəsində bu
sahədə çalışanların əməkhaqları
ardıcıl olaraq artırılır, bir sıra qocaman
mədəniyyət və incəsənət
xadimlərinə, gənc istedadlara fərdi
təqaüdlər verilir. Prezident İlham Əliyevin bu cür qayğıkeşliyi
mədəniyyət işçilərində
böyük ruh yüksəkliyi yaradır.
Azərbaycan
qadınlarının III qurultayında çıxış
edən YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva
demişdir: "Bu gün Azərbaycan dünyanın ən
dinamik inkişaf edən ölkələrindən biridir. İqtisadi artım sürətinə görə
Azərbaycan dörd ildir ki, dünyanın
lider ölkəsidir. Bu inkişaf həyatımızın bütün
sahələrində müşahidə
olunur və bu uğurlarda Azərbaycan qadınının
böyük rolu, böyük payı var".
Azərbaycanın birinci
xanımı gender siyasəti sahəsində əldə olunan
uğurlara rəğmən bəzi problemləri, arxaik
təsəvvürlərdən irəli gələn qüsurlu
cəhətləri də kəskin tənqid etmişdir.
Mədəniyyət
İşçiləri Müstəqil Həmkarlar
İttifaqı Respublika Komitəsinin sədri Cəmilə
Səttarova ümidvar olduğunu bildirmişdir ki, gender
problemlərini tezliklə həll etmək yolunda mühüm
addımlar atılacaq, Azərbaycan qadınlarının
cəmiyyətdə və ailədəki mövqeyində
köklü müsbət dəyişikliklər baş verəcək.
Ailə, Uşaq və
Qadın Problemləri üzrə Dövlət Komitəsi
sədrinin müavini Aynur Sofiyeva, AHİK sədrinin müavini
Cavanşir Alxasov və digər çıxış
edənlər də Azərbaycan qadınlarının sosial
yükünün ağırlığına baxmayaraq yenə
də cəmiyyətimizin mənəvi dayağı
funksiyasını ləyaqətlə yerinə
yetirəcəklərinə əminliklərini
vurğulamışlar.
Plenumda
qarşıdakı dövrdə həyata
keçiriləcək tədbirlər
müəyyənləşdirilmiş, müvafiq
sənədlər qəbul olunmuşdur. Ölkənin
ayrı-ayrı regionlarında gender problemlərinin həlli ilə bağlı görülən işləri
əks etdirən fotostendlər böyük
maraq doğurmuşdur.
Azərbaycan.- 2008.- 22 noyabr.- S. 5.