Emil Stoyçev Azərbaycan Rəssamlar İttifaqının üzvü
seçilmişdir
Bakıda dünya
şöhrətli bolqar rəssamının sərgisi açılmışdır
Bolqar rəssamı Emil
Stoyçevin Azərbaycan Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı ilə
noyabrın 13-də Muzey Mərkəzində açılan
fərdi sərgisi ölkəmizin mədəni həyatında
əlamətdar hadisəyə çevrilmişdir. Sərgi
Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan
Prezidenti Georgi Pırvanovun himayəsi ilə keçirilir.
Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayev dünyaya təkrarolunmaz
əsərlər bəxş edən rəssamın
tabloları ilə tanış olmaq imkanına görə
Azərbaycan Prezidenti İlham Əliyevə
təşəkkürünü bildirmişdir.
Nazir demişdir ki,
Stoyçevin əsərləri dünyanın məşhur
muzeylərində saxlanılır və həmin muzeylər
onun rəsmlərini böyük fəxrlə nümayiş etdirirlər.
Bolqarıstanın vitse-prezidenti Angel Marin bildirmişdir ki, bu sərgi təkcə Azərbaycan üçün deyil, onun ölkəsi üçün də əlamətdar hadisədir. Biz zəngin bolqar mədəniyyətini dost Azərbaycanda nümayiş etdirmək imkanı əldə etmişik. Bu, bütün sahələrdə münasibətlərimizi yaxşılaşdırmağa, bir-birimizi daha yaxşı tanımağa imkan verəcəkdir.
Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov qurumun kollegiyasının qərarı ilə Emil Stoyçevin İttifaqa üzv qəbul edildiyini bildirmiş və üzvlük vəsiqəsini bolqar rəssamına təqdim etmişdir.
Emil Stoyçev indiyədək Fransa və Bolqarıstan rəssamlar ittifaqlarının üzvü olduğunu söyləmiş, yaradıcılığına göstərilən diqqətə görə təşəkkürünü bildirmişdir.
Emil Stoyçev bir çox mükafatların, o cümlədən Polşa byenallesinin, "Usta Vladimir Dimitrov", "Qızıl Ezop" beynəlxalq qran-pri mükafatlarının laureatıdır. Onun dünyanın 15-dən çox ölkəsində fərdi sərgiləri keçirilmişdir, əsərləri Fransa, Almaniya, Hollandiya, ABŞ və digər ölkələrin muzeylərində saxlanılır.
Üç ilham pərisi - xanımı Dafinka, qızı Evelina, nəvəsi Yana rəssamla birlikdə Azərbaycana gəlmişlər. Stoyçev kimi, onlar da ilk baxışdan Bakını sevmişlər. Doğmaları deyirlər ki, Emil Stoyçev kimi geniş qəlbli və çox istedadlı insanla həyatda yanaşı addımlamaq böyük xoşbəxtlikdir.
Rusiya Rəssamlar İttifaqının vitse-prezidenti Tahir Salahov AzərTAc-ın müxbirinə demişdir: "Emil Stoyçev həyatsevər insandır. Bu, onun rəsmlərində də əksini tapır. Onun öz yaradıcılıq üslubu, öz dünyası var. Rəssamın hər bir əsərini qəlbən hiss etmək lazımdır".
Stoyçev özü öz üslubunu "fantastik realizm" adlandırır. Onun sulu boya ilə çəkdiyi əsərləri sanki sonsuz xəyaldır.
Sərginin açılışında
respublikamızın tanınmış
rəssamları, ictimaiyyətin
nümayəndələri iştirak
etmişlər.
Respublika.- 2008.- 14 noyabr.- S. 6.