Mədəniyyət Turizm naziri məşhur bolqar rəssamı ilə görüşmüşdür

 

         AzərTAc xəbər verir ki, noyabrın 14-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan məşhur bolqar rəssamı Emil Stoyçevlə görüşmüşdür.

         Nazir vurğulamışdır ki, bu, Azərbaycan Rəssamlar İttifaqının üzvü olan bolqar rəssamın ölkəmizdə ilk fərdi sərgisidır. Onun sərgisi ölkəmizin mədəni həyatında əlamətdar hadisədir.
         Ə.Qarayev respublikamızın mədəni həyatı barədə ətraflı məlumat verərək bildirmişdir ki, Azərbaycan dünyanın bir sıra muzeyləri, o cümlədən Luvr muzeyi ilə sıx əlaqə qurmuşdur. Şərq incəsənət qalereyalarının yaradılmasında sponsorlardan biri olan ölkəmiz indi eksponatlarımızın nümayiş etdirilməsi üçün    Luvrda bir bölmə yaratmağa hazırlaşır.
          Nazir bildirmişdir ki, Bakı indi rəsm sərgilərinin keçirildiyi mərkəzə çevrilmişdir.
Bu yaxınlarda Muzey Mərkəzində müasir incəsənət sərgisini açmaq barədə danışıqlar aparırıq. Bolqarıstanla əməkdaşlığa gəlincə, Ə.Qarayev vurğulamışdır ki, bu ilin dekabrında Bolqarıstan Mədəniyyət Nazirliyi ilə ölkələrimizdə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi barədə razılıq Protokolu imzalamaq nəzərdə tutulur.
          Emil Stoyçev özü haqqında danışarkən bildirmişdir ki, o, son 16 ildə Parisdə yaşayır və orada özünün rəsm qalereyasını açmışdır. Onun əsərləri Fransa muzeylərinin çoxunda saxlanılır.
        Qonaq Bolqarıstan Prezidentinin mədəniyyət məsələləri üzrə müşaviri kimi bir sıra məsələlərdə Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişaf etdirilməsi ilə məşğul olacağına söz vermişdir.

 

Azərbaycan.- 2008.- 15 noyabr.- S. 6.