Avropa irsi günləri keçirilmişdir

 

Hər il olduğu kimi, bu il Avropa Şurası Avropa İttifaqı Avropa irsi günləri keçirirlər. Bu, bütün Avropada tarixi abidələrin geniş kütləyə açılmasına indiyə qədər tanınmamış mədəni irsi təqdim etməyə imkan yaradır, tarixi yerlərdə müxtəlif tədbirlər keçirməklə ictimaiyyətin diqqətini bu məsələyə cəlb edir.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Fransanın Azərbaycandakı səfirliyi ilə birlikdə respublikamızda bir sıra tədbirlər həyata keçirmişdir. İş günləri çərçivəsində bir neçə qoruqda ("Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarix-Memarlıq Qoruq-Muzeyi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu) "açıq qapı" günləri elan olunmuş, fotosərgilər, ekskursiyalar keçirilmiş, məktəblilərin və valideyn himayəsindən məhrum uşaqların bu yerləri ziyarət etməsi üçün imkan yaradılmış, onlara tarix və mədəniyyətimiz haqqında geniş məlumat verilmişdir.

Adıçəkilən qoruqlarda konsert proqramları da təşkil edilmişdir. Yeni yaradılmış "Azərbaycan" adlı instrumental ansamblın gənc ifaçıların çıxışları "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət edənlərin xüsusi marağına səbəb olmuşdur.

Azərbaycan.- 2008.- 5 oktyabr.- S. 15.