Bibiheybət ziyarətgahı
kitabı çapdan çıxmışdır
Nəşriyyat
tariximizdə tamamilə yeni olan "Azərbaycanın
dini-tarixi abidələri" seriyasından "Bibiheybət
ziyarətgahı" kitabı çapdan
çıxmışdır.
Bəşər tarixinin
qədim yaşayış məskənlərindən biri,
mədəniyyətlərin və sivilizasiyaların
qovuşduğu məkan olan Azərbaycan müxtəlif
abidələrlə, o cümlədən dini təyinatlı
tikililər - məscidlər, ziyarətgahlar, kilsələr,
sinaqoqlarla zəngin ölkədir: Şah Abbas, Möhsün
Səlim, İmam Rza, Bibiheybət, Həzrət Zeynəb,
Təzəpir məscidləri, Nardaran, Pir Həsən, Diri
Baba, Mir Mövsüm Ağa, Hacı Əfəndi pirləri,
Qırmızı qəsəbə sinaqoqu, Kiş, Qanzasar
məbədləri və sair.
Ulu öndər
Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi ilk
günlərdən insan hüquq və
azadlıqlarının, xüsusilə, vicdan və dini etiqad
azadlığının bərqərar olmasına,
milli-mənəvi dəyərlərimizin qorunmasına,
insanların, əsasən də, böyüməkdə olan
nəsillərin ənənələrimizə sədaqət
ruhunda yetişməsinə böyük önəm verirdi. O,
dini bayram günlərində xalqa müraciət edir, ölkə vətəndaşlarına
təbrik ünvanlayır,
tez-tez onlarla yaxından təmasda olurdu. Bütün bunlar xalqa olan
diqqətin, milli mənəviyyatına bəslənən
sevginin və min illər boyu formalaşmış tolerantlıq ənənələrinə
hörmətin təzahürü
idi.
Hələ 1998-ci
ildə Bibiheybət ziyarətgahında olmuş ulu
öndərimiz iftixarla demişdir: "Biz fəxr edirik ki,
islam aləmində islamı təmsil edən
müqəddəs yerlərdən Azərbaycanda da vardır. Bu müqəddəs yerlərdən ən əzizi bu gün
bizim toplaşdığımız
yer - Həzrət Hökümənin qəbri,
bu qəbrin üzərində vaxtilə
ucaldılmış məscidin
olduğu yerdir... Bura Allah evi,
islam məbədi kimi daha da
geniş vüsət alıbdır, ziyarətgah
olubdur.
İslam aləminin müqəddəs ziyarətgahı
kimi bu yer
dünyada tanınmalıdır,
təbliğ olunmalıdır
ki, islam tarixi bu yerin
bu gününün və keçmişinin izahı ilə daha da dolğunlaşsın.
Bir də ona görə ki, islam tarixinin
hər bir müqəddəs yeri ümumi tarix kitablarında öz yerini tapsın. Bu işi də
görmək lazımdır".
Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin
təşəbbüsü ilə yaradılmış bu
seriyadan olan "Bibiheybət ziyarətgahı" kitab-albomu
ümummilli liderimizin həmin tövsiyəsi istiqamətində
ilk əhəmiyyətli addımdır. Kitab-albom
təxminən 700 illik
tarixi olan bu nadir məscidin
"tərcümeyi-halı"nı mükəmməl, əhatəli şəkildə
özündə əks
etdirir.
Yeni nəşr xronoloji ardıcıllıqla verilmiş
8 bölmədən ibarətdir.
"1994, 21 may" bölməsində
Prezident Heydər Əliyevin Qurban bayramı münasibətilə
ziyarətgahda çıxışı,
"1997, 23 iyul" adlı
ikinci bölmədə
Həzrət Məhəmməd
Əleyhissalamın mövlud
günündə Bakının
Şıx qəsəbəsində
Bibiheybət məscidinin
bərpasına başlanması
mərasimində çıxışı
verilmişdir. Ulu öndər
həmin mərasimdə
məscidin tikintisini öz şəxsi himayəsinə götürdüyünü
elan edərək demişdi ki, "...istəyirəm, bu gün verdiyim bəyanatı sizinlə birlikdə tezliklə həyata keçirək və qısa bir zamandan sonra
bu məscidin tikilib başa çatdırılmasına nail
olaq, yenidən buraya toplaşaq və onun açılış
mərasimində birlikdə
iştirak edək".
Üçüncü -
"1998, 12 iyul" bölməsi ulu öndərimizin
Bibiheybət məscid-ziyarətgah kompleksinin əsas
hissəsinin açılış mərasimində
iştirakından bəhs edir. O zaman Qafqaz Müsəlmanları
İdarəsinin sədri
Şeyxülislam Allahşükür
Paşazadə dövlət
başçısını ziyarətgahla tanış
edərək demişdi
ki, məhz Prezidentin birbaşa qayğısı və diqqəti sayəsində burada əsas işlər cəmi dörd ay müddətində
yerinə yetirilmişdir.
"1999, 28 mart" bölməsində Heydər
Əliyevin müqəddəs
Qurban bayramı mərasimində yenidən
məscidə gəlməsi
ilə bağlı material toplanmışdır.
2003-cü ildə xalqın
böyük dəstəyi
ilə Prezident seçilmiş İlham Əliyev ulu öndərin siyasətini
uğurla davam etdirərək, maddi-mədəniyyət abidələrimizin, müqəddəs
ocaqlarımızın bərpası
ilə bağlı bir sıra fərman
və sərəncamlar
vermişdir. Bunların
sırasında Bibiheybət
məscid kompleksinin genişləndirilməsi də
öz əksini tapmışdır. Dövlətimizin
başçısı iki
dəfə buraya gəlmiş, tikinti işləri barədə
konkret tapşırıqlar
vermişdir.
Kitab-albomun "2005, 31
oktyabr" və "2007, 20 dekabr"
bölmələrində bu barədə ətraflı
söhbət açılmışdır.
2008-ci il iyulun
12-si Bibiheybət məscidinin,
ümumiyyətlə, respublikamızın
tarixində əlamətdar
bir günə çevrildi - ziyarətgah
kompleksi bütövlükdə
əsaslı yenidənqurma
və geniş tikinti işlərindən
sonra dindarların istifadəsinə verildi. Azərbaycan Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva, qızları Leyla və Arzu
ilə birlikdə kompleksin təntənəli
açılış mərasiminə
gəldi. Dövlətimizin
başçısı burada
görülmüş işlərlə
tanış oldu, mərasimdə dərin məzmunlu nitq söylədi.
Nəşrin "2008,
12 iyul" bölməsində həmin nitqin tam mətni,
Qafqaz Müsəlmanları İdarəsinin sədri
Şeyxülislam Allahşükür Paşazadənin,
Bakı və Xəzəryanı bölgə yeparxiyasının
yepiskopu Aleksandrın, Dağ Yəhudiləri dini
icmasının sədri Semyon İxiilovun, Bakıdakı Roma
katolik kilsəsinin başçısı Yan Çaplanın
çıxışları verilmişdir.
Kitab-albom dövlət
komitəsinin sədri Hidayət Orucovun "Bibiheybət
ziyarətgahı: tarixi və bu günü" adlı tarixi
oçerki ilə tamamlanır. Oçerkdə islam dünyası üçün çox əhəmiyyətli olan bu qədim məscidin
tarixindən, orada uyuyan müqəddəslərdən,
zaman-zaman hakimiyyət
dairələrinin, ayrı-ayrı tarixi şəxsiyyətlərin məscidə
olan münasibətlərindən,
sovet rejiminin mənfur ateist siyasətindən maraqlı,
tutarlı dəlillərlə
söhbət açılır. Müəllif
xüsusi vurğulayır
ki, "...bəzən
böyük şəxsiyyətlərin
başladıqları əsaslı
islahatlar, möhtəşəm
quruculuq işləri layiqli varisin olmaması səbəbindən
yarımçıq qalır,
cəmiyyətdə ictimai-siyasi
böhran yaranır. Bu rakursdan yanaşdıqda, Azərbaycan xalqını
xoşbəxt xalq, Heydər Əliyevi isə xoşbəxt lider hesab etmək
olar. Çünki onun əsasını qoyduğu dövlət quruculuğu prosesi İlham Əliyevin təşəbbüskarlığı, işgüzarlığı, gərgin
əməyi, zəngin
təcrübəsi, diplomatik
səriştəsi, yüksək
intellekti və mədəniyyəti sayəsində
yarımçıq qalmadı".
Nəfis tərtibatla,
yüksək poliqrafik
icrada buraxılmış
kitab-albomda materiallar Azərbaycan, ingilis və rus dillərində
verilmişdir. Nəşrin
buraxılışına məsul
Hidayət Orucovdur. Kitab-albomun hazırlanmasında
AzərTAc-ın materiallarından istifadə
edilmişdir.
Azərbaycan.- 2008.- 30 oktyabr.- S. 4.