Salmanlı R.
Milli-mənəvi dəyərlərə diqqət
artır
Ümummilli
lider Heydər Əliyev milli-mənəvi
dəyərlərimizə yüksək qiymət
verərək demişdir: "Milli ideologiyamızın
əsas tərkib hissəsi bizim milli-mənəvi
dəyərlərimizdir. Biz öz milli-mənəvi
dəyərlərimizlə fəxr etməliyik. Bizim
milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın
həyatında, yaşayışında,
fəaliyyətində formalaşıbdır.
Milli-mənəvi dəyərləri olmayan millət həqiqi
millət, həqiqi xalq ola bilməz". Bu mənada ulu
öndərin dəyərli tövsiyə və
tapşırıqları Azərbaycançılıq
ideologiyasının tərkib hissəsi kimi respublikamızın
bütün bölgələrində uğurla həyata
keçirilir. Zaman-zaman təkmilləşib inkişaf edən
qədim və zəngin milli-mədəni irsimizin qorunub
saxlanılmasına, maddi-mədəni sərvətlərimizin
aşkarlanmasına son illər xüsusi diqqət yetirilir.
İndi respublikanın
elə bir bölgəsi yoxdur ki, orada sözü gedən
sahə ilə əlaqədar biri-birindən maraqlı
tədbirlər, arxeoloji qazıntılar və tədqiqat
işləri həyata keçirilməsin. Son illər Naxçıvan Muxtar Respublikasında,
Bərdədə, Cəlilabadda, Tovuzda,
Mingəçevirdə, Yardımlıda, Qubada,
Şəmkirdə görülən işlər buna bariz nümunədir.
Şərur rayonunun Oğlanqala ərazisində aparılan
arxeoloji qazıntılar zamanı üzə çıxan
maddi-mədəniyyət nümunələri, yüksək
keyfiyyətli keramika məmulatı, mixi yazılar, hesab
sisteminin mövcudluğu, ən başlıcası uzunluğu
35, eni 28 metr olan sütunlu sarayın varlığı və
sair tapıntıların bəzisi Azərbaycan
ərazisində ilk dəfə aşkar olunur.
Naxçıvanın Kəngərli rayonunun Şahtaxtı
kəndində isə bizim eradan əvvəl III minilliyin sonu I
minilliyin əvvəlinə aid olan şəhər tipli
yaşayış məskəni aşkarlanıb. Bu ildən
başlayaraq AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi
ekspedisiyası tərəfindən tarixi yaşayış
yerində geniş tədqiqat işlərinə
başlayacaqdır. Bölgənin digər yerlərində, o
cümlədən Ovçulartəpəsi, Meydantəpə,
Xərabə Gilanda da xalqımızın milli-mənəvi
dəyərləri, tarix və mədəniyyət
nümunələri aşkarlanıb.
Muxtar respublikanın tarixində
ilk dəfə olaraq Naxçıvanda, Milli Elmlər
Akademiyasının nəzdində Arxeologiya və Etnoqrafiya
Muzeyi yaradılır. Muzeyin ekspozisiyasında
bölgənin müxtəlif ərazilərində, qədim
yaşayış yerlərində ayrı-ayrı vaxtlarda
aparılan arxeoloji qazıntılar nəticəsində
əldə edilən maddi-mədəniyyət
nümunələri nümayiş etdiriləcək.
Məqsəd zəngin və ulu keçmişə malik bu
regionun tarixini özündə yaşadan
maddi-mədəniyyət nümunələrini
gələcək nəsillərə çatdırmaqdır.
Azərbaycan, Almaniya
və Gürcüstanın beynəlxalq arxeoloji ekspedisiyasının
2006-2007-ci illərdə Şəmkir rayonunun ərazisində
apardığı tədqiqat-qazıntı işləri
də öz qədimliyi, tarixiliyi və yeniliyi ilə diqqət
çəkir. Hətta ötən ilin
noyabr ayında Regionların İnkişafı İctimai
Birliyinin dəstəyi ilə Şəmkirdə
Mədəniyyət və Turizm Nazirliyi, AMEA-nın Arxeologiya
və Etnoqrafiya İnstitutu, Memarlıq və İnşaat
Universitetinin görülmüş işlərin
təhlilinə həsr olunmuş birgə elmi-praktik
konfransı keçirilmişdir.
Şəmkirdə
arxeoloji qazıntılar indi də davam etdirilir. Ərazidəki ekspedisiyanın elmi rəhbəri
Tarix Dostiyevin açıqlamasına görə, bu
günlərdə Şəhristanın qala divarlarında
aparılan qazıntılar zamanı 16 metr dərinlikdən
çıxan bürcdə Monqol hücumlarının baş
verdiyi dövrə təsadüf edən skeletlər
aşkarlanıb. Şəmkir
şəhər yerində - Narınqalada aparılan
qazıntılar zamanı divarı
möhkəmləndirmək üçün istifadə olunan
düzbucaqlı dayaq tapılıb. Ərazidən XII
əsrə təsadüf edən topa şəklində 28
ədəd aşıq və metal əşyalar
götürülüb.
Bütün bunlar
barədə Regionların İnkişafı İctimai Birliyi
tərəfindən buraxılmış "Şəmkir:
Arxeolji irsi, tarixi, və memarlığı" kitabında
daha ətraflı məlumatlar verilib. Nəfis
tərtibatla hazırlanmış kitabda 50
nəfərədək tarixçi-arxeoloq alim və
tədqiqatçı-mütəxəssisin
məqalələrində Şəmkirin qədim keçmişindən
və bu günündən söhbət açan yeraltı
və yerüstü abidələri, maddi-mədəniyyət
nümunələri barədə müfəssəl
məlumat təqdim olunub. Fakt və fikirlərin şərhi
üçün verilmiş şəkillər mövzulara
dolğunluq gətirir. Kitab geniş oxucu kütləsi
üçün maraqlı, gənc tarixçi və arxeoloq-tədqiqatçılar
üçün faydalıdır.
Cari il sentyabr ayının ortalarında Şəmkirdə
Azərbaycan, Gürcüstan, Almaniya, Rusiya, Türkiyə
və Fransanın nüfuzlu alimlərinin iştirakı
ilə "Qafqaz - arxeologiya və etnoqrafiya" mövzusunda
beynəlxalq elmi-nəzəri konfrans keçirilmişdir. AMEA-nın prezidenti Mahmud Kərimovun, müxtəlif
ölkələrdən gəlmiş arxeoloq və tarixçi
alimlərin qatıldığı bu tədbirdə
təxminən 90-dək elmi məruzə dinlənilmişdir.
Şəmkirin qonşuluğunda Tovuz rayonundakı
Göytəpə neolit yaşayış məskənində
isə qazıntılar nəticəsində üzə
çıxarılan qədim ev və emalatxanalar fərdiliyi
ilə seçilir. Buradan tapılan kömür
qalıqları tədqiqat üçün Yaponiyaya
göndərilib. Azərbaycanlı arxeoloqların
tədqiqatlarına böyük maraq göstərən
yaponiyalı mütəxəssislərin fikrincə, abidə
Qafqazın istehsal mədəniyyətinə
yiyələnmiş ən qədim yaşayış məskənidir.
Bu abidə dünya əhəmiyyətlidir və Qafqazda nadir
rast gəlinən belə abidələr əsasən
Azərbaycandadır. Tovuz Rayon İcra Hakimiyyəti və
aidiyyəti təşkilatların təşəbbüsü
ilə indi bu qədim yaşayış məskənini
yerüstü muzeyə çevirmək qərara
alınıb. Belə yerüstü muzeylərin
nümunələri artıq Türkiyə və
Yunanıstanda mövcuddur. Azərbaycanlı
tədqiqatçı-alimlər çalışırlar ki,
aşkarlanan bütün qalıqlar bərpa edilsin,
varlığı Neolit dövrünə gedib çıxan
Göytəpə yaşayış məskəni, yeri
gəldikcə, dünya ictimaiyyətinə təqdim olunsun.
Arxeoloqlarımız Qarabağın qədim yaşayış
məskənlərindən olan köhnə Bərdə
şəhərinin qalıqlarının olduğu
ərazidə də qazıntı-axtarış
işlərini davam etdirirlər. Qeyd edək ki, qədim
Bərdə şəhəri indiki ərazisindən
təqribən 5 kilometr aralıda yerləşib. Tarixi mənbələrə görə, eramızdan
əvvəl 4-5-ci əsrlərdən inkişaf edən bu
şəhər 1500 il əvvəl Qafqazın ən
böyük şəhərlərindən biri olub və
sonralar Azərbaycan ərazisindəki Albaniya dövlətinin
iri yaşayış məntəqəsi hesab edilib.
Qədim türk tayfalarının
məskunlaşdığı Bərdənin
xarabalıqları altından müxtəlif
dövrlərə aid sənətkarlıq
nümunələri ilə yanaşı, evlərin
qalıqları, təndirlər, ocaq yerləri, quyular aşkar
edilib. Ekspedisiya rəhbərinin sözlərinə
görə, Bərdə ərazisindən Mesopatomiya, yunan
və Parfiya mədəniyyəti dövrlərinə aid pullar
da tapılıb. Bu da Azərbaycan ərazisindəki qədim
şəhərin o dövrdəki geniş ticarət
əlaqələrinin mövcudluğundan xəbər verir.
Yaxın tariximiz olan
Mingəçevir şəhəri və onun ətraf
ərazilərində aparılan qazıntı işləri
zamanı 20 mindən artıq tarixi abidə - qəbirlər və
sərdabələr, istehsal vasitələri, məişət
alətləri, bər-bəzək məmulatları və sair
xronoloji ardıcıllığa uyğun olaraq müxtəlif
tarixi dövrlərə aid əşyalar aşkar edilib. Alban
əlifbasında olan qədim yazılı abidələr
və digər arxeoloji tapıntılar Mingəçevirin 5000
ilə yaxın tarixi olan qədim bir məskən olduğunu
təsdiqləyir. Tarixi mənbələrdə
göstərilir ki, eramızdan əvvəl birinci əsrdə
Roma sərkərdəsi Pompeylə Albaniya hökmdarı Oris
arasında Kür çayının sahilində indiki
Mingəçevir Su Elektrik Stansiyasının əhatə
etdiyi ərazidə amansız döyüşlər baş
verib.E
Tarixi faktlar qədim İpək yolunun
Migəçevirdən keçdiyini də təsdiqləyir.
Məşhur türk səyyahı, XVII əsrdə
yaşamış Övliya Çələbi
Mingəçevir haqqında yazaraq onu Bozdağ dağının
yanında Kür çayının sağ sahilində
yerləşən qədim bir məskunlaşma yeri kimi
təsvir etmişdir. Onun sözlərinə
görə, bu məskunlaşma yerində bir neçə
məscid, ipək və ipək paltarlar istehsal edən
sexlər, hamamlar və digər xidmət sahələri
fəaliyyət göstərirmiş. Maraqlıdır ki, buradan
keçən İpək yolunu o vaxtlar
"Xəbərçi yolu" adlandırırmışlar.
"Xəbərçi yolu" bir çox karvan
yollarını və Orta Şərq ölkələrinə
gedən ticarət yollarını, habelə Şəki,
Qəbələ, Şamaxı, Bərdə, Beyləqan kimi
Azərbaycan şəhərlərini və digərlərini
özündə birləşdirirmiş.
Dağlar diyarı
Zaqatala rayonunda isə arxeoloqlarımız orta əsr
Avropasına aid gümüş medal aşkarlayıblar. Medalın
Avropada səlib yürüşləri zamanı va ondan
sonrakı dövrlərdə yaranmış 12 dini
ordenlərdən biri sayılan "Tamplielər"
ordeninə məxsus olduğu güman edilir. Bəzi
mütəxəssislər isə bu medalın
İngiltərə və Şotlandiya kralı 2-ci Kralın
(1660-1685) adı ilə bağlı olduğunu iddia edirlər.
Qubada aşkarlanan
kütləvi məzarlıqda isə arxeoloji qazıntılar
artıq başa çatıb.
Uzaq Adriatik dənizinin
sahillərindən Bakıya gəlmiş İtaliyanın
"Numidbloc" şirkətinin incəsənət və
memarlıq üzrə direktoru, bərpaçı-memar Luici
Skrinzi Qobustan milli-bədii qoruğunda qədim latın və
ərəb qrafikalı mətnlərin konvervasiyası
(müasir əlifbaya köçürülməsi) ilə
məşğuldur. Müşahidələrdən
hiss olunur ki, müstəqil Azərbaycanın
üçrəngli bayrağı mötəbər
məclislərdə daha əzəmətlə
dalğalanır, xalqımızın haqq səsinə
beynəlxalq ali məclislərdən dəstək verilir,
Azərbaycana gələn siyasətçilərlə,
diplomatlarla yanaşı, tarixçi alimlərin,
tədqiqatçı politoloq və arxeoloqların da sayı
çoxalır.
Təcrübə
göstərir ki, tarixi keçmişimizi
öyrənməklə əsl həqiqəti üzə
çıxarmaq, insanları bir-birinə daha da
yaxınlaşdırmaq mümkündür. Bu mənada
bu gün münaqişələr bölgəsi hesab olunan
Qafqazda sabitliyi və əmin-amanlığı qorumaq
naminə alimlərlə yanaşı,
siyasətçilərin də bir araya gəlməsi
böyük əhəmiyyət kəsb edir. Ulu öndər
Heydər Əliyevin təbirincə desək,
"Müstəqillik illərində biz əslində
milli-mədəni irsimizi, tariximizi, milli sənətimizi bir
daha təhlil edərək, onu ideoloji buxovlardan və
qadağalardan xilas edirik. Bununla yanaşı, biz Azərbaycan
mədəniyyətinin verdiyi töhfələrlə başqa
xalqların nümayəndələrini tanış
edirik".
Azərbaycan.- 2008.- 26 oktyabr.-
S. 6.