Mükərrəmoğlu M.
Turizm
sahəsi dövlət proqramına uyğun olaraq inkişaf
edir
2004-cü
ilin fevralında qəbul olunmuş “Azərbaycan Respublikası
regionlarının (2004-2008-ci illər) sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”
çərçivəsində ölkəmizdə turizm
sahəsi böyük sürətlə inkişaf
edərək iqtisadiyyatın ən qabaqcıl
sahələrindən birinə çevrilmişdir.
Turizm sahəsinin yeni
şəraitdə bazar münasibətlərinə uyğun
surətdə dirçəlişinə nail olmaqdan
ötrü göstərilən proqram işlənərkən
ümummilli liderimiz Heydər Əliyevin imzası ilə 2002-
2005-ci illər üçün təsdiqlənən
müvafiq sənəd və digər dövlət
əhəmiyyətli qərar və sənərcamların
məzmunu nəzərə alınmışdır.
Söhbət
açdığımız sahədə mövcud vəziyyəti
düzgün qiymətləndirməkdən ötrü son bir
neçə ilin əsas hadisələrini nəzərdən
keçirək.
2001-ci ildə
Azərbaycan Ümumdünya Turizm Təşkilatına
qəbul olundu. Sonrakı ilin may ayında Bakıda
açılışı gözlənilən ilk
beynəlxalq turizm sərgisinə hazırlıq işlərində
iştirak etmək üçün adı çəkilən
təşkilatın baş katibi Françesko Franjialli
paytaxtımıza gəldi. Aradan bir az vaxt ötəndən
sonra ölkəmizin bir sıra tarix-memarlıq abidələri
YUNESKO-nun dünya irsi siyahısına daxil olundu. Respublikamız bir çox ümumdünya turizm
sərgilərində, yarmarkalarında, festivallarında və
forumlarında iştirak etməyə başladı.
Əgər 2002-ci ildə Azərbaycan turizmi yalnız iki
ölkədə nümayiş etdirilmişdirsə, 2007-ci
ildə artıq 20-dən çox dövlət əhatə
olunmuşdur.
Mədəniyyət
və Turizm Nazirliyinin lövhələri ölkəmizin turizm
şirkətlərini, otellərini, istirahət
zonalarını əks etdirməklə Londonda, Moskvada, Tokioda,
İstanbulda, Vyanada və digər şəhərlərdə
keçirilən beynəlxalq sərgilərdə çox
geniş marağa səbəb olmuşdur. Bu cür
sərgilərin Bakıda da təşkili artıq
ənənəyə çevrilmişdir.
Cari ilin yazında
paytaxtımızda İslam Konfransı Təşkilatına
üzv olan ölkələrin turizm operatorlarının forumu
keçirilmişdir. Həmin
tədbirdə Türkiyənin, Səudiyyə
Ərəbistanının, Misirin, İordaniyanın,
İranın, Çinin, Qazaxıstanın,
Türkmənistanın, Özbəkistanın, Kamerunun,
Əfqanıstanın, Tacikistanın, Gürcüstanın,
Ukraynanın və İtaliyanın nümayəndələri
iştirak etmişlər. İki il öncə Bakıda
“İpək yolu” layihəsində iştirak edən
İKT ölkələrinin turizm nazirlərinin konfransı
keçirilmişdir. Azərbaycan 2006-2008-ci illər
üçün həmin konfransın sədri
seçilmişdir. Cari ildə İKT üzvü olan
ölkələrin forumunda isə Bakı 2009-cu il üçün
İslam mədəniyyətinin paytaxtı elan edilmişdir.
Azərbaycanın
Böyük İpək yolu ölkəsi kimi
təbliğində İstanbuldan Pekinə velosiped
yürüşünün və “Afanasi Nikitinin Rusiyadan
Hindistana səfəri” marşrutu ilə avtomobil turnesinin
mühüm əhəmiyyəti olmuşdur.
Ölkəmizin
paytaxtında və regionlarda dövlət proqramları
çərçivəsində yüzlərlə müasir
otel və beynəlxalq standartlara uyğun yeni turizm
obyektləri tikilib istifadəyə verilmişdir. Hazırda
yalnız Bakıda 85 bu cür obyekt mövcuddur. Bu uğurlar
ölkəmizə aparıcı beynəlxalq investisiya
kompaniyalarının cəlb edilməsi sayəsində
mümkün olmuşdur. Bakıda və bir sıra digər
regionlarda turizm məlumat mərkəzlərinin
yaradılmasında əhali arasında yoxsulluğu aradan
qaldırmaq üzrə Dövlət Proqramının
icrası mühüm əhəmiyyət kəsb etmişdir.
Turizm sahəsində
mütəxəssislərin hazırlanması və ixtisas
dərəcələrinin yüksəldilməsinə dair
məsələlərin həllinə ciddi diqqət yetirilir. Turizm
İnstitutu açılmış və artıq çox
böyük rəğbət qazanmışdır.
Ölkəmizə
xaricdən turizm axını hər il 8-15 faiz artır və
ötən bir il ərzində 1,1 milyon nəfərə
çatmışdır. Xarici ölkələrə
istirahətə gedən vətəndaşlarımızın
sayı da artmaqdadır. Məsələn, ötən il 450
min nəfər azərbaycanlı xarici ölkələrə
turizm və istirahət məqsədilə səfər
etmişdir.
Xüsusilə qeyd edək ki, Azərbaycanın turizm
proqramlarına reallıqda olan istirahət marşrutları
ilə yanaşı, Dağlıq Qarabağ marşrutu da daxil
edilmişdir. Cari ildə Bakıda
keçirilmiş beynəlxalq səviyyəli sərgidə
mədəniyyət və turizm naziri cənab
Əbülfəs Qarayev xarici kütləvi informasiya
vasitələrinin suallarını cavablandıraraq demişdir
ki, bu məhdudiyyət regiondakı siyasi vəziyyətlə bağlıdır
və müvəqqəti xarakter daşıyır.
Qarabağ münaqişəsi beynəlxalq hüquq
normaları çərçivəsində Azərbaycanın
xeyrinə həll olunan kimi ölkəmizin bu füsunkar
diyarına da turist səfərləri təşkil etmək
mümkün olacaqdır.
Hazırda
respublikamızda iki yüzdən çox turizm şirkəti
fəaliyyət göstərir, mənzərəli və
sağlamlıq üçün sərfəli təbiət
guşələrində 7 regional turizm marşrutu istismara verilmişdir.
300-dən çox otel daim xaricdən
gələn qonaqları qəbul edir. Xidmət
səviyyəsi gündən- günə yüksəlir,
“ulduzlu” otellərin və istirahət mərkəzlərinin
sayı ildən-ilə artmaqdadır.
Azərbaycanı haqlı olaraq gözəlliklər diyarı
adlandırırlar. Bu yerlər dünyada misli olmayan flora
və fauna, müxtəlif bitki və heyvan növləri
ilə zəngindir. Bu da gərək təəccüb
doğurmasın. Çünki dünyada mövcud olan 11 iqlim
qurşağının 9-u ölkəmizin ərazisindədir.
Məhz buna görədir ki, bu gün Azərbaycanda turizm
dinamik inkişaf edir.
Son illər
ərzində “Xalq sənətkarlığı”, “Ekzotik
mətbəx”, “Ovçuluq və balıqçılıq”,
“Etnoqrafiya və kənd turizmi”, “Ekologiya”, “Aleksandr Düma
Qafqazda”, “Cip səfəri” və digər turizm
marşrutları geniş vüsət almışdır.
Azərbaycanın turizm
potensialının təbliğində ölkəmizdə
keçirilən kino festivallarının da
əhəmiyyəti az deyildir. Onlardan birincisi 2003-cü
ildə, digəri isə 2007-ci ildə keçirilmişdir.
Üç il bundan əvvəl “Turizm aləmi” devizi
altında “Cənnət görmək istəyən
Azərbaycana gəlsin” adlı fotosərgi təşkil
olunmuşdur.
2005-ci ildən
etibarən ölkəmizdə turizm sahəsinə dair
reklamların qabaqcıl dünya televiziya kanallarında -
CNN-də, Euronews-də, aviasiya kompaniyalarının - “Azal”,
“Austrian Airlines”in, “British Airways”ın bort jurnallarında
yerləşdirilməsinə başlanmışdır. Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin
internet saytı və portalı açılmışdır.
Bütün bunların sayəsində
Azərbaycan son 5 il ərzində Moldova, Belarus, Qətər,
Yunanıstan, Qazaxıstan, İordaniya, Fransa, Litva ilə turizm
sahəsində əməkdaşlıq üzrə
hökumətlərarası sazişlər bağlamış
və əlavə olaraq daha 27 ölkə ilə
qarşılıqlı əlaqələr yaratmağa
hazırlıq görür.
2009-cu ildə Ümumdünya Turizm Təşkilatının
Avropa komissiyasının növbəti sessiyası
gözlənilir. Bu təşkilatın
ekspertləri, texniki məsləhətçiləri
dəfələrlə Azərbaycanda olmuş, ölkəmizin
turizm imkanlarının monitorinqini aparmış, lazımi
rəylər işləmişlər. 2003- cü və 2007-ci
illərdə Bakıda keçirilmiş seminarlarda
Mərkəzi Asiya və Qafqaz üzrə müasir turizm sənayesinin
yaradılmasına dair məsələ diqqət
mərkəzində olmuş və nəticədə
sanballı beynəlxalq investisiya şirkətləri və
maliyyə strukturları işə cəlb olunmuş,
“İpək yolu” layihəsinin reallaşdırılmasına
təkan verilmişdir.
Bəs, regionlarda xarici
turistlərin qəbulu və yerləşdirilməsi
sahəsində nə kimi işlər görülür və
hansı yeniliklər var? Bu sualı rayon
mərkəzlərinin səriştəli mütəxəssisləri
cavablandırırlar.
Şamaxı Rayon
İcra Hakimiyyətinin ictimai-siyasi məsələlər
üzrə şöbə müdiri Fuad Abdulrazaqov da
deyilənləri təsdiq edir. Bakıdan
cəmi 140 kilometr aralı olmaqla Şirvan regionunun
cənnət məkanında yerləşən Şamaxıda
və onun ətraflarında sağlam dağ havası hökm
sürür, şəlalələr çağlayır
və şairin sözüylə desək, durna gözlü
sərin bulaqlar qaynayır. Bu səfalı yerlər
turizm infrastrukturunu yaratmaqdan ötrü çox
əlverişli olmuşdur. Hazırda burada 20
müvafiq obyekt fəaliyyət göstərir, o
cümlədən iki, üç və hətta səkkiz
yerlik rahat kotteclər, qonaqları yüksək
səviyyəli xidmətlə, dadlı mətbəxlə
qarşılayan “Fortuna”, “Dədə Qorqud”, “Pirqulu”,
“Dağlar qoynunda” istirahət bazaları var. Dağ
yamaclarından və sıx meşələrdən
keçən dar cığırlarla gəzintilər,
Pirquludakı observatoriyaya ekskursiya etmək imkanları da
çox cəlbedicidir.
F.Abdulrazaqovun dediyinə
görə, cari ildə qış istirahəti
həvəskarları üçün xizək idmanı
ilə məşğul olmaq məqsədilə yerlər
açılır. Bu məqsədlə Fransa
şirkətləri artıq bütün lazımi infrastruktur
tədbirlərini həyata keçirmişdir.
Gəncə “My Way”
otelinin marketinq üzrə mütəxəssisi İlkin
Məmmədov gileyini gizlətmir. Onların zonası
xeyli maliyyə vəsaiti və əmək hesabına
yaradılan müasir imkanlarına, şəraitinə
baxmayaraq nədənsə turizm operatorlarının
diqqətindən yayınmaqdadır. O deyir ki, işlədiyi
otel “üç ulduzlu” statusuna layiq
görülmüşdür. Burada rahat
istirahət üçün hər cür imkan
yaradılıb, nəcib zövqlə tikilmiş restoran,
yüksək səviyyəli xidmət, sözsüz, daha
fəal qonaq axınını gözləməkdədir.
Əlavə etmək yerinə düşər ki, qədim
Gəncə diyarında, Göygöl kimi mənzərəli
təbiət kompleksləri ilə yanaşı, turizm
işinin daha da inkişaf etdirilməsi üçün
böyük maraq kəsb edən tarix-memarlıq
abidələrinin də öz yeri vardır.
Azərbaycan
poeziyasının günəşi, dahi Nizami Gəncəvi
burada yaşayıb yaratmış, onun məqbərəsi
də bu şəhərdə yerləşir. Yaxınlıqda
əski qəbiristanlıq qalmaqdadır. Gəncə
qalasının bərpa olunmuş alaqapısı və bir
çox başqa abidələr qonaqları Azərbaycan
tarixinin çox maraqlı səhifələri ilə
tanış etməyə imkan verir. Əlbəttə,
hələ görülməli işlər də az deyil ki,
onlara vətənimizin şanlı tarixindən və
zəngin təbii sərvətlərindən tam
təsəvvir yaratmaq mümkün olsun. İnanmaq olar ki,
Gəncəyə bir dəfə təşrif buyuran xarici
turist mütləq bizim daimi qonaqlarımızdan biri
olacaqdır.
Yay fəslində
Şəkidəki Karvansara kompleksinə qonaq axını daha
çox olur. Xarici turistlər məhz öz
istirahətlərini daha mənalı keçirmək
üçün buraya üstünlük verirlər.
Deməli, ekzotik təbiətlə yanaşı tarixə də
nəzər salmaqdan zövq alırlar. Axı, Şəki
qədim İpək yolunun mərkəzində yerləşir.
Odur ki, bu yolla səfərə çıxan hər bir kəs
mütləq bir gününü məhz Şəkidə
keçirməli olur. Burada qonaqları 400 memarlıq
abidəsi, o cümlədən Azərbaycanda və xaricdə
misli olmayan məşhur Şəki Xan sarayı
gözləyir.
Bunlar hələ turizm
obyektlərinin cüzi hissəsidir. Ölkəmizdə
belə obyektlər olduqca çoxdur. Dövlət proqramı
onların yenidən qurulması və yüksək
səviyyədə turistlər qəbul etməsi
üçün imkan yaradacaqdır.,
Xalq qəzeti.- 2008.- 14
oktyabr.- S. 3.