Ə.Qarayev TÜRKSOY
Daimi Şurasının müvəqqəti
əlaqələndiricisi seçilmişdir
Xəbər verildiyi
kimi, oktyabrın 25-26-da Qırğızıstanın
paytaxtı Bişkekdə TÜRKSOY (Türk mədəniyyət
və incəsənətinin birgə inkişafı
üzrə Təşkilat) Daimi Şurasının XXV iclası
keçirmişdir.
Tədbirdə Azərbaycanı
Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr
və mədəniyyət proqramları şöbəsinin
beynəlxalq təşkilatlarla əməkdaşlıq və
proqramlar sektorunun müdiri Yaşar Hüseynli və
nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu
təmsil etmişlər.
Mədəniyyət
və Turizm Nazirliyindən bildirmişlər ki, TÜRKSOY Daimi
Şurasının XXV İclasının gedişində
təşkilatın fəaliyyəti və inkişaf perspektivləri
məsələlərinə baxılmışdır.
Daimi Şurada
TÜRKSOY-un "Keçən dövrün fəaliyyəti
üzrə hesabat" və "Maliyyə hesabatı" yekdilliklə
qəbul edilmiş və təşkilatın Baş
Direktorluğunun son zamanlardakı uğurlu fəaliyyəti
qeyd olunmuşdur.
Təşkilatın
YUNESKO, İSESKO, İRSİKA kimi beynəlxalq
təşkilatlar və Türk Dünyasının
Bələdiyyə İttifaqı və Avrasiya
Yazıçılar İttifaqı kimi ictimai
təşkilatlarla əməkdaşlığa dair fəaliyyəti
dəstəklənmiş, həmin qurumlarla birgə
tədbirlərin keçirilməsinin vacibliyi
vurğulanmışdır. İclasda Çingiz Aytmatova 15000
ABŞ dolları dəyərində TÜRKSOY III Beynəlxalq
Mükafatının verilməsi (ölümündən sonra)
haqqında qərar qəbul olunmuş və mükafat dahi
yazıçının xanımına təqdim edilmişdir.
TÜRKSOY rəssamlarının Şimali Kiprdə keçirilmiş
10-cu görüşünün nəticələrinə
əsasən rəssam Adılbəy Bayterekov
(Qırğızıstan) təsviri incəsənət
sahəsində (1000 ABŞ dolları məbləğində)
TÜRKSOY-un xüsusi mükafatına layiq
görülmüşdür.
Daimi Şura Almatı
şəhərində "TÜRKSOY-Qazaxıstan
dəstəkləmə Fondu"nun yaradılmasını
müsbət qarşılamış, onun türkdilli
xalqların mədəniyyət və
incəsənətinə töhfələr verdiyini qeyd
etmiş və digər iştirakçı dövlətlərdə
də analoji fondların yaradılmasının
mümkünlüyünü vurğulamışdır.
Daimi Şura
təşkilatın 2009-cu il üzrə Fəaliyyət Proqramını
qəbul etmişdir. Proqrama "TÜRKSOY mədəni turizm
Proqramı"nın işlənib hazırlanması və
həyata keçirilməsi; "TÜRKSOY mədəni
irsinin Siyahısı"nın tərtib olunması;
"TÜRKSOY xalqlarının milli musiqi alətlərinin
təbliği" adlı layihənin hazırlanması və
həyata keçirilməsi və "TÜRKSOY
xalqlarının kulinariya sənəti" kataloqunun
tərtibi ilə bağlı Azərbaycanın tərəfindən
təklif olunan bir sıra uzunmüddətli layihələr
də daxil edilmişdir. Rəsmi tədbirlər, konfranslar,
konsertlər, sərgilər və digər çoxsaylı
mədəni tədbirləri özündə əks
etdirən Fəaliyyət Proqramı "Bakının 2009-cu
il üçün İslam Mədəniyyətinin paytaxtı
kimi qeyd olunması" ilə əlaqədar Tədbirlər
Planının layihəsini də əhatə edir.
Azərbaycanın
təşkilat çərçivəsində fəal rolu nəzərə
alınaraq TÜRKSOY Daimi Şurasının XXVI
iclasının 2009-cu ildə Bakıda keçirilməsi
qərara alınmış, Mədəniyyət və Turizm naziri
vəzifəsini icra edən Əbülfəs Qarayev yekdilliklə
təşkilatın Daimi Şurasının
Müvəqqəti əlaqələndiricisi
seçilmişdir. Bununla əlaqədar TÜRKSOY-un simvol
və bayrağı Azərbaycan nürnayəndə
heyətinə təqdim olunmuşdur.
Respublika.- 2008.- 30 oktyabr.- S. 4.