Qurbanov P.
İncəsənət
Məlumdur ki, insan 3-5 milyon
ildir ki, Yer kürəsinin sakinidir. Bu müddətin
əksər hissəsini insan başqa bioloji varlıqlardan,
demək olar ki, fərqlənmədən mövcud olmuşdur.
İnsanı başqa bioloji varlıqlardan
kəskin fərqləndirən, onu planetin ağasına
çevirən nailiyyətləri, o, təxminən sonuncu
on-iyirmi min ildə əldə etmişdir.
Milyon illər boyu
qəbilələrdə işi, əməli ilə
qəbilənin bütün üzvlərindən
yüksəkdə dayanan şəxs qəbiləyə
başçılıq edirdi. Təbiət haqqında bir
insanın yaddaşına yerləşəcək qədər
az biliyə malik olan insan bu bilikləri
şifahi yolla nəsildən-nəsilə
ötürməklə həyat sürürdü. Bu
biliklər min, hətta yüz min il
ərzində çox cüzi dəyişir, artırdı.
Son on min ildə insanın
təbiəti öyrənmə imkanı və
nəticədə biliyi sürətlə artmağa
başladı.
Belə ki, insan təbiəti artıq
kor-koranə deyil, şüurlu, planlı surətdə
öyrənməyə başladı. O, nəinki
təbiəti, başqa bioloji varlıqları,
özünü də öyrənməyə, dərk
etməyə girişdi. Vaxtının çox
hissəsini təbiəti öyrənməyə sərf
edən tək-tək adamlar, elm adamları, filosoflar meydana
gəldi. Filosoflar onlara qədər
yığılmış bütün bilikləri
mənimsəyir və ömrü boyu öz
müşahidələri zamanı əldə etdikləri
cüzi nailiyyətləri də o biliklərə əlavə
edərək yeni nəslə ötürürdülər.
Qeyd etdiyimiz kimi sonuncu on min ildə
insanın imkanı təbiəti və özünü
dərk etməkdə, öyrənməkdə
sürətlə genişləndi və fəlsəfə
elmindən fizika, təbiəti öyrənən elm
ayrıldı.
Fəlsəfədən daha sonralar
incəsənət, məntiq, psixologiya, estetika kimi elmlər
ayrılıb müstəqil surətdə inkişaf
etməyə başladı.
Fizikanın əldə etdiyi
nailiyyətlər sürətlə artdı və ondan bu
gün təbiəti öyrənən başqa elmlər
ayrıldılar.
İnsan
mənəviyyatının formalaşmasında,
inkişafında incəsənətin rolu böyükdür
və onun haqqında ayrıca danışmağa
dəyər.
Milyon illər boyu insanın
tələbatı yalnız maddi qidaya olmuşdur. İnsan
yüz min ildir ki, bu günkü şəklindədir,
dəqiq desək, beyninin həcmi daha böyümür. Buna baxmayaraq yalnız axırıncı on-iyirmi min
ildə onun mənəvi qidaya ehtiyacı ortaya gəlmişdir
ki, o da incəsənətin köməyi ilə
ödənilir.
Çox olsun ki, insanın
həyatına ilk daxil olan incəsənət növü
səslə bağlı olmuşdur. O, küləyin, axan suyun, başqa
heyvanların, quşların səsində ruhunu oxşayan
səslər kəşf etmiş, onların müəyyən
notlarından xoşlanmış və nəhayət, onlara
münasibət bildirmiş, özü də özünə
xoş gələn səslər çıxarmağa
başlamışdır ki, o da musiqi sənətinə
başlanğıc olmuşdur.
Müəyyən
müddət keçdikdən sonra həmin səslər
özlərinə uyğun düzümə malik söz
birləşmələri ilə müşayiət
edilmələrinə gətirib çıxarmışdır
ki, bu da poeziyaya başlanğıc demək idi.
Bununla yanaşı musiqi
səslərinin təsiri altında, ona uyğun olaraq
bədənin müxtəlif üzvlərinin
hərəkətə gətirilməsi rəqsləri,
oyunları araya gətirdi. Yəqin ki, elə o zamanlar, ola bilər ki, bundan xeyli sonra insan qayalar
üzərində həyatda gördüyü cisimləri,
canlıları əks etməyə başlamaqla əvvəl
rəssamlığın, sonra isə
heykəltəraşlığın təməlini qoydu.
İncəsənətin bu ilk növləri insanın
təfəkkürünün, təxəyyülünün
inkişafına, mənəviyyatının
zənginləşməsinə təkan verdi.
Əslində bu qarşılıqlı bir proses idi, yəni
insan təfəkkürü, təxəyyülü də
öz növbəsində incəsənətin
inkişafına kömək edirdi.
Nəticə etibarı ilə
üç min il bundan əvvəl
insanın mənəvi qidaya olan ehtiyacı
yüksələrək həyati əhəmiyyət kəsb
etməyə başladı.
İncəsənətin
müxtəlif növlərinin inkişafı elə bir
vüsət aldı ki, artıq iki-üç min il bundan əvvəl bu gün bizi heyrətə
gətirən heykəltəraşlıq və memarlıq
nümunələri meydana gəlməyə başladı. Bu sözləri musiqi və poeziya haqqında da
demək olar.
İnsan
təfəkkürünün inkişafında poeziyanın
müstəsna rolu danılmazdır. 2700 il bundan qabaq Homer
tərəfindən yazılmış "Odisseya" və
"İlliada" dastanları bu gün də maraqla oxunur,
insanları qəhrəmanlığa, mərdliyə, ucalığa,
saflığa səsləyir.
Adamı insana çevirən insani
keyfiyyətlər demək olar ki, sonuncu on-iyirmi min il ərzində, məhz incəsənətin
təsiri altında sürətlə formalaşdı və
yəqin ki, sonsuz bir proses olduğu üçün
hələ də davam edir.
Yuxarıda qeyd etdiyimiz kimi,
incəsənətin bütün növləri,
xüsusən, poeziya təfəkkür və
təxəyyülün inkişafında müstəsna rol
oynayırdı. Güclənən təfəkkür
və təxəyyül isə öz növbəsində
incəsənətin inkişafına yeni təkan verirdi.
Bu proses on doqquzuncu əsrin əvvəllərinə
qədər, incəsənət xəstələnənə
qədər davam etdi.
İlk xəstələnən
incəsənət növü təsviri incəsənət,
rəssamlıq oldu. Bir-birinin ardınca
yaranan müxtəlif cərəyanların hamısının
sənəti incə sənət deyil, kobud sənət adlana
bilər.
Rəssamlığın
yarandığı ilk illərdən on doqquzuncu əsrə
qədər rəssamlar arasında yalnız bir növ
yarışma mövcud idi: daha dəqiq, daha zərif, daha
incə, həyata daha yaxın, daha oxşar rəsmlər
yaratmaq. Bu yarış sonu olmayan,
rəssamları daim ucalığa səsləyən bir
yarış idi; axı hər hansı obyekti heç zaman onun
özü səviyyədə dəqiq, zərif, incə
əks etdirmək mümkün deyildir. Söhbət
obyektin real təsvirinə sonsuz yaxınlaşmaqdan gedə
bilər. Deməli, bu yollu sənət
əbədiyyət yolludur və yalnız daim ucala, daha
qiymətli nəticələrə gətirə bilər.
Qəti hökm etmək olar ki, yalnız daha
dəqiq, daha zərif və daha incə bir təsvir insanlarda
daha gözəl hisslər oyada bilər, onlara daha
yüksək səviyyəli zövq verə bilər. Gözəl hisslərlə yaşayan insanların
daxili aləmi daha da zənginləşir, duyğuları
durulur, insanlıq adlanan sonsuz yolda bir pillə də
yüksəlirlər.
Kobud, qeyri-dəqiq, obyektin təbii
rənglərindən fərqli rənglərlə
çəkilmiş rəsm əsərləri
deyilənlərin əksi olan hissləri oyadır, insanları
öz təbii, ibtidaidən aliyə olan inkişaf yolundan sapdıra,
azdıra, hətta geri döndərə bilər.
Xoşbəxtlikdən kobud
sənət yaratmaq yoluna dönmüş rəssamların
“əsərləri” nə qədər baha alınıb
satılsa da insanların əksəriyyəti o “sənəti”
qəbul etmir, başa düşə bilmir. Əslində
orada başa düşüləsi heç nə yoxdur.
Sankt-Peterburqda olarkən belə bir təcrübə etdim:
təsadüfən Ermitajda Leonardo da Vinçinin “Madonna
körpə ilə” əsəri olan salonda masa
üzərində qoruyucu şüşə altında yeni
cərəyanlardan hansınınsa bir nümayəndəsinin
yuxarı və aşağı tərəfləri çox
çətin başa düşülən bir
cızmaqarası nümayiş etdirilirdi. Mən
bir saatdan artıq müddətdə oradan keçən
insanların bu iki rəsmə münasibətini
müşahidə etdim.
eonardonun rəsmi önündə
ayaq saxlamayan, ona heyranlıqla baxmayan bir nəfər də
görmədim. Elə həmin adamlar o biri
cızmaqaranın önündə ani dayanır, baxmalı
heç nə tapmadıqları üçün dərhal
uzaqlaşırdılar. O bir saat ərzində bircə
nəfərin də o rəsmlərə diqqətlə,
heyranlıqla baxdıqları olmadı.
Bu təcrübəyə
qədər məndə az da olsa
tərəddüd var idi ki, bəlkə mən o
“əsərləri”, o cərəyanları başa
düşə bilmirəm. Mən əminəm
ki, o “əsərlər” ətrafındakı vaqiələr
biznes fırıldaqlarından başqa bir şey deyil.
Fikrimi başqa bir misalla daha aydın
deməyə çalışım.
Rerixin dağları öz
qeyri-adi rəngləri ilə məşhurdur. Rəng bir yana,
o rəsmlər öz dəqiqliyi, zərifliyi, cəzbedici
olması ilə də öyünə bilməz. Başqa bir “yaradıcının” həmin
dağları tamamilə başqa rəngdə və daha kobud
çəkmək “haqqı” şəksiz ki, vardır. Əslində o dağları təbii olmayan
rənglərdə və qeyri-dəqiq detallarla sonsuz sayda
variantda çəkmək olar və onların heç biri
təbii rəngində olmadığı və incə
çəkilmədiyi üçün əksəriyyət
tərəfindən qəbul edilə, bəyənilə
bilməz.
Dağlar nə qədər
öz təbii rəngində və incə detalları ilə
təsvir edilsə, o qədər gözəgəlimli,
maraqlı olacaq və əksəriyyət tərəfindən
qəbul ediləcəkdir və şükürlər olsun ki,
edilir.
Təsviri sənətin
arxasınca demək olar ki, eyni vaxtda poeziya və musiqi
oxşar xəstəliklərə yoluxdu. Bizdə,
dünyanın ən qüdrətli poeziyalarından biri,
bəlkə də birincisi olan Azəri-Türk
poeziyasının zirvələri olan gəraylı, qoşma,
təcnis köhnəlmiş elan edildi. Poeziyada
ən bəsit forma, sərbəst şeir forması,
əslində nəzmlə nəsr arasında keçid olan
forma meydan sulamağa başladı. Öz
hisslərini və düşüncələrini sözlərin
ən sadə, ən səmimi, ən axımlı, musiqili
düzülüşü ilə ortaya qoymaq
əvəzinə, təzə fikir axtarışı adı
ilə, – nə qədər qəribə, qeyri-adi deyimlə
yazsan o qədər fəlsəfi olacaq, – aldanışı
qurbanları lyaratmağa” başladı.
Bütün ölkələrdə min illərin
sınağından çıxmış, ibtidaidən
aliyə, sadədən mürəkkəbə olmaqla
təkamül yolu keçmiş xalq musiqiləri,
əksəriyyətin hisslərinə yad olan harmoniyasız,
təsadüfi yan-yana qoyulan səslərin
yığımından ibarət “musiqilər”
tərəfindən sıxışdırılmağa
başladı. Eyni mənzərəni incəsənətin
başqa növlərində də görmək olar.
Əslində xəstəlik
ibtidai icma quruluşunun süqutundan sonra araya gəlmiş
bəşər həyatının bütün
sahələrini tədricən bürümüş, on
doqquzuncu əsrdə öz kulminasiya nöqtəsinə
çatmışdı. Aydındır ki, bütün bunların
səbəbi olmalı idi. Səbəb
olmadan heç bir nəticə ortaya çıxa bilməz.
Quldarlıq adlandırdığımız
dövrün araya gəlməsi nəticəsində milyon
illər boyu bəşər həyatını əsasən
instinkt vasitəsi ilə nizamlanan ədalət prinsipi
pozulmuş oldu. Nəinki qullar, hətta
bəzi quldarlar da ortaya gəlmiş vəziyyətlə
barışa bilmirdilər. Din xadimləri hər
şeyin Allahın məsləhəti ilə baş verdiyini
iddia etsələr də bu, hamını qane etmirdi. Qullar, vicdanlı quldarlar və bütün
ağıllı adamlar vəziyyəti başa
düşməyə, açıq-aşkar olan
ədalətsizlikdən çıxış yolu aramağa
başladılar.
Feodalizm adlandırılan
dövrün araya gəlməsi sövqi-təbii
inkişafın nəticəsi kimi
qiymətləndirilməlidir, çünki ondan sonra nə
olacağı haqqında aydın təsəvvür yox idi.
Bu qeyri-müəyyənlik
vəziyyətində bir-birinin tam əksi olan fəlsəfi
fikirlərin ortaya çıxması labüd idi. Lakin irəli
sürülən istənilən fikir fərziyyə xarakterli
olduğundan, aydın məntiqi-fəlsəfi əsaslara malik
olmadığından qeyri-müəyyənliyi daha da artırırdı.
“İnsan insana dost, qardaş
olmalıdır”, linsan insanın canavarıdır” fikirləri
eyni hüquqla yanaşı yaşayırdı və
bunların hansının qələbə
çalacağını sübut edə bilən
nəzəri biliklər yaranmamışdı.
Bu xaosda din xadimləri də
aciz qalmışdı. Orta əsrlərdə Avropa ölkələrində
ölkə əhalisinin yarısından çoxu
ömrünü diri-diri yanmaqla başa vurmuşdu, özü
də kilsənin fitvası ilə!
Qeyri-müəyyənlik bu
günə qədər gəlib çıxmışdır. Qeyri-müəyyənliyin
nəticəsi olaraq bəşər iki dünya
müharibəsini yaşamalı oldu. Fikirlərdə
aydınlığın olmamasına rəğmən Adolf
Hitler dünyanın növbəti min ilini bir cür, İosif
Stalin başqa cür, üçüncü diktator
üçüncü cür görür və
özlərinin haqlı olduğuna tamamilə
inanırdılar.
1962-ci ildə
bəşəriyyət üçüncü dünya
müharibəsinin bir addımlığında idi. Şükürlər
olsun ki, bəşər ondan yan keçə bildi.
Qeyri-müəyyənlik dövrü artıq
bitir. İrəlidə bəşəriyyəti milyon
illər boyu yalnız aliləşəsi,
təkmilləşəsi, şüurla idarə olunacaq ali icma gözləyir.
Qeyri-müəyyənlik dövrü bitincə
incəsənətin xəstəliyi də sağalacaqdır.
O yenə öz müqəddəs vəzifəsini davam
etdirəcəkdir, gələcəyin daha ali,
daha kamil, bizim bu gün təsəvvür edə
bilmədiyimiz insanın tərbiyəsi, yetişməsi
yenə incəsənətin köməyi ilə həyata
keçəcəkdir.
Qeyd etmək gərəkdir
ki, incəsənətin bütün sahələrinin
xəstələnməsi, onun tamamilə iflic olması,
sıradan çıxması demək deyildir. Xəstəlik
ümumi işə müəyyən qədər ziyan
versə də həlledici olmamışdır. Sübut etməyə çalışaq.
Bu gün də
kişilərin çoxu xoşuna gələn qadını
necə xoşbəxt edəcəyi barədə yox, onu
necə “özəlləşdirəcəyi” barədə
düşünür. Ona görə də əsil mənada
xoşbəxt olan ailələr o qədər də çox
deyil.
20-ci əsrin
əvvəllərində M.Müşfiq yazmışdı:
... Yoxsa özgəsinə
üzünü tutmuş
Yeni sevdasına qurban
olduğum.
O vaxt bütün yer
üzündə tək-tək insanlar bu sətirlərin
üçüncü minilliyin bəlkə də sonunda
yaşayacaq insanlar üçün xas olacağını
anlayırdı. Bu fikrin
möhtəşəmliyini, aliliyini heç indi də başa
düşən çox deyil.
Keçən əsrin 80-ci
illərində mən yazmışdım:
Daim məndən uzaqlaşan
İzlərinə qurban olum.
Özgə eşqlə dolub daşan
Gözlərinə qurban
olum.
Üç bəndlik bu
şeir axıra qədər eyni fikrə sadiqdir. Bir çox şeir
həvəskarı bu şeirin qeyri-adi olmasını qeyd
etdikdən sonra mən onun M.Müşfiqin yuxarıdakı
beyti ilə səsləşdiyini və ondan da irəli keçdiyini
anladım...
Bu misal bir daha sübut edir
ki, hər bir sahədə inkişaf sonsuzdur və
ibtidaidən aliyə olmaqla inkişaf edir. Yəni
incəsənət, konkret misalda, poeziya
xəstələnsə də, onun şah budağı
yaşayır, öz müqəddəs işindədir və
insanın insanlaşma yolundakı sonsuz
yüksəlişində öz tarixi, əbədi işini
davam etdirir.
Xalq qəzeti.- 2008.- 5 oktyabr.- S. 12.