Ağaoğlu T.


Sənətkar ömrünün yadigarları

 

Xatirəsi ehtiramla yad olunan rəssam Baba Əliyev Bakı Rəssamlıq Texnikumunu bitirəndən sonra Moskva Təsviri Sənət İnstitutunda oxumuşdu. Ali təhsilini başa vurub vətənə qayıtmış, rəssamlıq məktəbində pedaqoji fəaliyyət göstərmişdi. İkinci Dünya müharibəsi zamanı cəbhə bölgələrində olmuşdu. Həmin dövrün təəssüratından yaratdığı monumental tablolarda Azərbaycan döyüşçülərinin hünəri, cəsarəti, qələbə arzuları bu gün maraqla qarşılanır.

B.Əliyev 1946-cı ildə Rəssamlar İttifaqının üzvü, beş il sonra həmin qurumun sədri olmuşdur. 1964-cü ildə əməkdar incəsənət xadimi, 1982-ci ildə isə təsviri sənətin inkişafındakı xidmətlərinə görə ona respublikaının xalq rəssamı fəxri adı verilmişdir. Unudulmaz fırça ustasının anım günü ərəfəsində mərhumun həmkarı, respublika Rəssamlar İttifaqının qrafika bölməsinin sədri, xalq rəssamı, professor Rafiq Mehdiyevlə görüşüb onun ürək sözlərini eşitdik:

- Babanı ilk dəfə 1947-ci ildə Bakı Rəssamlıq Məktəbində görmüşdüm. Olduqca səmimi, istiqanlı insan idi. Hər bir tələbənin kefini, əhvalını soruşar, imkanı daxilində onlara maddi yardım göstərər, yaradıcılıq uğurları qazanmaq üçün məsləhətini, qayğısını əsirgəməzdi. Tale elə gətirdi ki, sonralar onunla emalatxanamız da qonşu oldu. Həddən artıq zərif qəlbli, kövrək ürəkli insan idi. Həmkarlarının yaradıcılıq nailiyyətinə elə sevinər, fərəhlənərdi ki, sanki özü arzularına yetişərdi. Bir dəfə olsun onun bəxtindən, qismətindən gileyləndiyini eşitmədim. Üç il fırçasını, rəngləri, molberti kənara qoyub, əlinə silah götürüb ön cəbhəyə getmiş, düşmənə qarşı ölüm-dirim mübarizəsinə qoşulmuş, dəfələrlə yaralanmışdı. Amma heç vaxt gördüyü müsibətləri, faciələri dilinə gətirməzdi. Yalnız "Allah şeytana lənət eləsin!" deyərdi.
Baba Əliyev 1940-1950-ci illərin bədii sərgilərində "Yeni neft yatağı axtaranlar", "İş növbəsindən əvvəl", "Neftçilərin istirahəti", "Xalq ustası", sonralar isə "Çobanlar", "Yeni qüvvə", "Bizim qonaqlar", "Üzüm bağları", "Ana səadəti" başqa əsərləri ilə iştirak etmişdi. Onun heç kimdən təmənnası, umacağı olmazdı. Ancaq əsərləri önündə dayanıb baxanlara qarşı ürəyindən minnətdarlıq hissi keçərdi. Deyərdi ki, əsərlərim xoş qarşılananda sanki yuxusuz gecələrimin yorğunluğu canımdan çıxır. 1955-ci ildə xalq şairi, unudulmaz Səməd Vurğunun onun "Ana ürəyi" tablosunu görüb necə kövrəlməsinin şahidiyəm. O/, yaxınlaşıb Baba Əliyevi təbrik edib dedi: "Bu əllərin qızıldan heykəlini qoymaq gərəkdir. Sən iki qız övladının arasında əyləşən anaya ikinci ömür bəxş etmisən. Ana varlığını, ucalığını boyaların qüdrəti ilə yaşatmısan, tanıtdırmısan, sevdirmisən". Gərgin əməyinə verilən dəyərli qiymət sənətkarı kövrəltdi. Xalq şairinin təbrikindən sonra onun axan göz yaşlarını unutmaq olmur.

Emalatxanasında gərgin, maraqlı yaradıcılıqla məşğul olan fırça ustası eyni zamaqda mütəmadi ezamiyyətə gedər, doğma vətənimizi oba-oba gəzərdi. 1962-ci ildə o, həmkarları Salam Salamzadə Əbdulxalıq ilə birlikdə ezamiyyətdən qayıtdıqdan sonra "Təbiət insanlar" mövzusunda unikal, təsviri sənət tarixinə yazılan maraqlı sərgi təşkil etdilər. Baba Əliyev həmin sərgidə Zaqatala, Qax Balakən rayonlarının əmək adamlarının, qabaqcıl təsərrüfat işçilə\rinin portretlərini, eyni zamanda incə zövqlə işlədiyi "Qarlı dağlar", "Aylı gecə", "Balakəndə bir küçə" mənzərə tablolarını nümayiş etdirdi. Sərgi başa çatandan sonra hər üç rəssam həmin əsərləri Zaqatala rayon muzeyinə\ hədiyyə verdilər.

Baba Əliyevin tematik tablolarının, portretlərinin mənzərələrinin hamısını sadalamaq xoş olduğu qədər çətindir. Çünki son dərəcə məhsuldar işləyər, baxımlı əsərlər yaradardı. Müasir mövzuya həvəsli olduğu kimi, tarixi mövzuda da tamaşaçı zövqünü oxşayan tabloları ilə tanınırdı. Onun "Koroğlu Qıratın belində", "Üzeyir Hacıbəyov dühası", "Qız" portretləri bu gün təsviri sənətimizin professional nümunələri kimi qarşılanır, maraqla baxılır. Aylar, illər ötüb keçəcək, lakin o, heç vaxt yaddan çıxmayacaq. Necə indi, gələcəkdə onun adı Qəzənfər Xalıqov, Nadir Qasımov, Səttar Bəhlulzadə başqaları ilə birgə hörmətlə çəkiləcək.

...Milli təsviri sənətimizin inkişafında xidmətləri, yaradıcılığı gənc nəslə nümunə olan, əsərləri yaxın-uzaq ellərdə tanınan, pedaqoji fəaliyyəti ilə şöhrət qazanan Baba Əliyev 17 ildir dünyasını dəyişib. Lakin tələbələri, dostları tərəfindən daim xatırlanır. Yaradıcılığı bugünkü, gələcək nəsillərə nümunə olaraq qalır. Anım günündə dünya şöhrətli fırça ustası Tahir Salahovun bu fikrini oxucuların diqqətinə çatdırırıq: "Baba Əliyev doğma xalqını, el-obamızı çox sevirdi. Onun əsərləri daha xoşbəxt gələcəyimizə töhfə, yadigardır".

Azərbaycan.- 2008.- 15 oktyabr.- S. 7.