Əliyeva M.
Rəssamın sənət
dünyası
İlk baxışdan
adi görünsələr də, rəssamların həyat
və yaradıcılıqları ilə yaxından
tanış olduqca, rəngli dünyalarına nəzər
saldıqca onların geniş
dünyagörüşünə, həyata qeyri-adi
baxışlarına, dərin zəkaya malik olmalarına bir
daha əmin olursan. Çoxlarının adi gördüyündə
nə isə qeyri-adilik tapmaq, duya bilmədiklərini duymaq,
barmaqlarının sehri ilə bir dünya yaratmaq və
əbədilik vəsiqəsi qazandırmaq onları
digərlərindən fərqləndirən cəhətlərdir.
Belə rəssamlarımızdan biri də əməkdar incəsənət xadimi, Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, xalq rəssamı Tofiq Ağababayevdir. 1928-ci ilin payızında Bakıda hərbçi ailəsində doğulan rəssam nə qədər məşəqqətli, ağır həyat keçirsə də, ürəyində yaşayıb-yaratmaq həvəsi heç vaxt sönməyib. Hələ 9 yaşında ikən atası repressiya qurbanı olan rəssam günlərin birində dəniz kənarında qumun üzərində cızma-qara edərkən tanımadığı birinin ona yaxınlaşıb "bala, sən rəssamlıq məktəbinə get" deməsi Tofiq müəllimin tale cığırını açdı.
Orta məktəbin 9-cu sinfini bitirdikdən sonra Ə.Əzimzadə adına rəssamlıq məktəbinə, 1952-ci ildə isə V.Muxina adına Leninqrad Rəssamlıq İnstitutuna daxil olur.
O illərdən yaradıcılığa başlayan rəssam dekorativ, monumental, rəngkarlıq janrlarında bir-birindən baxımlı əsərlər yaratmışdır.
Xalqın milli adət-ənənələrinə bağlılığı sovet rejimində hər zaman birmənalı qarşılanmırdı. Xüsusən milliliyə meyil edən sənət nümayəndələrindən böyük cəsarət tələb olunurdu. Əsərlərində milli kolorit, əsl azərbaycanlı ruhu duyulan Tofiq müəllim bundan çəkinmirdi. Milli bayramımız olan Novruzun gəlişini əks etdirən "Bahar" mozaik lövhəsi buna əyani sübut idi. Bundan başqa, Bakı Dövlət Sirkinin interyerində qoyulan "Azərbaycan sirki" mozaik lövhəsi, "Abşeron qoruğu", "Bakı nefti cəbhəyə", "Meşəbəyi", "Torpağın nəfəsi", "May, 1945-ci il, Bakı" və s. əsərlərində rəssamın torpağa, vətənə bağlılığı, əlinin istisi, ürəyinin hərarəti hiss olunur.
1966-cı ildə Tofiq Ağababayev Bakı şəhərinin ilk baş rəssamı vəzifəsinə təyin edilir. Paytaxtımız üçün çox işlər görür. Bakı Soveti binasının üzərindəki gerbin bərpası, bəzi heykəllərin yerdəyişməsi, şəhərin simvolik açarının düzəldilməsi və s. kimi işlər onun adı ilə bağlıdır.
T.Ağababayev yaratdığı gözəl rəsm əsərləri ilə Azərbaycan rəssamlıq məktəbində özünəməxsus yer tutur. Tofiq müəllimin dediyinə görə o, plansız işləyir. "Nə çəkirsən-çək, əsas odur ki, ürəklə çəkəsən. Bəzən bir işə baxırsan gözəl çəkilib, hər şey yerindədir, amma nə isə çatmır. Çox axtarandan sonra görürsən ki, onda məhəbbət, duyğu yoxdur. Nə qədər gözəl olsa da, mən belə əsəri qəbul edə bilmirəm".
Sənətkar portret janrında da öz dəst-xətti ilə seçilir. Onun üç variantda işlədiyi Məhəmməd Füzulinin portretinə baxarkən dahi şairimiz gözümüz önündə canlanır. Yaxud qüdrətli şəxsiyyət, böyük sərkərdə Şah İsmayıl Xətainin portretində hökmdarın Vətənə, millətə sevgisini görməmək mümkün deyil.
Şeyx Şamilin, akademik Z.Bünyadovun, İzzət Orucovanın, dramaturq İlyas Əfəndiyevin portretləri də Tofiq Ağababayevin sevə-sevə çəkdiyi əsərlərdəndir.
Əsərləri Azərbaycan Dövlət Muzeyində, Azərbaycan Rəssamlar İttifaqının Fondunda, ABŞ-ın Nyu-Cersi muzeyində, Moskvanın, Londonun, Kanadanın, Almaniyanın, Nyu-Yorkun şəxsi qalereyalarında saxlanılan rəssam ən gözəl, ən layiqli əsərinin hələ yaranmadığını söyləyir. Hazırda iki variantı Moskvada rəssamlıq qalereyasında saxlanılan Azərbaycan poeziyasının tacı Məhəmməd Füzulinin portretini yenidən işləmək istəyir.
Dəfələrlə Bakıda, Moskvada fərdi sərgisi keçirilən Tofiq Ağababayev həm də gözəl pedaqoqdur. 1964-cü ildən Azərbaycan Dövlət Teatr İnstitutunda çalışır və burada rəssamlıq fakültəsini yaradanlardan biridir. Tələbələrinə ilk növbədə sənəti sevməyi, sənətə bağlı olmağı, sənətlə yaşamağı tövsiyə edən Tofiq müəllim 1981-ci ildə Azərbaycan Respublikasının əməkdar ali məktəb işçisi adına layiq görülmüşdü.
Sənəti ilə şəxsiyyəti həmahənglik
təşkil edən rəssam daim yaradıcılıq axtarışındadır.
Sənətşünas Ziyadxan
Əliyevin dediyi
kimi: "O, əslində
çoxlarının arzuladığı,
lakin bacara bilmədiyi sənətkar
ömrünü yaşamağa
nail olanlardandır. Onun sənətkar palitrasında hələ görə biləcəklərimizin
də hifz olunmasına inanırıq.
Çünki o, daim narahatdır, ən başlıcası isə, heyrətləndirməyə
meyillidir. Deməli, o, bizi hələ
çox-çox təəccübləndirəcək,
heyrətləndirəcək".
Respublika.- 2008.- 7 oktyabr.- S. 6.