Günay
Rəhilə
Məmmədzadənin 25 illik fəaliyyəti qeyd olunub
Ötən gün Tofiq
İsmayılov adına Uşaq və Gənclər
Yaradıcılıq Birliyində ömrünün yarıdan
çoxunu uşaqlara sərf edən rəssam-pedaqoq
Rəhilə Məmmədzadənin 25 illik pedaqoji
fəaliyyəti ilə bağlı tədbir keçirildi. Tədbirdə
çıxış edən sənətşünas
Bədayə Ramazanova bildirdi ki, hər kəsi bugünkü
tədbirə cəlb edən və toplayan Rəhilə
xanımın yaradıcılığının
işığıdır. 25 illik fəaliyyəti
ərzində həqiqətən də Rəhilə xanım
bir pedoqoq kimi işinə məsuliyyətlə və tələbkarlıqla
yanaşan bir müəllimə olub".
Burda sərgilənən
rəsmlərə baxdıqda tamamilə biri-birinə
bənzəməyən rəsmlər gördüyünü
deyən Rəhilə xanımın sənət dostu
Ağəli İbrahimov vurğuladı ki, başqa gənc
rəssamların yaradıcılığında hardasa
müəlliminin dəsti-xətti hiss edilir, amma Rəhilə
xanımın tələbələrinin işləri tam
fərqlidir, biri-birinə bənzərlik yoxdur. Rəhilə
xanımın pedoqoji fəaliyyətindən danışan xalq
rəssamı Arif Hüseynov
vurğuladı ki, hər yaxşı rəssam, yaxşı
müəllim və yaxud da hər yaxşı müəllim
də yaxşı rəssam ola bilmir: "Amma Rəhilə
xanımda xoşbəxtlikdən bu cəhətlər hər
ikisi birləşib".
İncəsənət
Gimnaziyasının direktoru Maya Rəsulova belə
günlərdə insanın həm sevindiyini, həm də
kədərləndiyini söyləyərək bildirdi ki, insan
sevinir ona görə ki, neçə illik işinin
bəhrəsi göz önündə olur,
kədərlənir ona görə
ki,ötüb-keçən 25 ilə bir də qayıtmayacaq.
Sonda isə
Rəhilə xanım çıxış edərək
bildirdi ki, Tanrıdan çox razıdır ki, ona belə bir
tale yazıb:" Bu 25 illik müəllimlik fəaliyyətim
çox rəngarəng keçib. Uşaqlardan hər birinin
ürəyimdə xüsusi yeri var. Onların hərəsinə
fərdi yanaşmam olub. Bu illər ərzində uşaqlara
rəssamlıq sənətinin incəliklərini
öyrədib, onlara Vətənimizin, ətraf mühitin
gözəlliklərini qiymətləndirərək,
canlandırmağı öyrətmişəm. Məhz bu
səbəbdən onlarla yurdumuzun gözəl
guşələrinə ekskursiyalar keçirmişəm. İllər
boyu məhz bunların nəticəsində şagirdlərimin
işlərinin uğurlu bəhrəsini
görmüşəm".
Xatırladaq ki,
R.Məmmədovanın çoxsaylı
tələbələri müxtəlif illərdə
beynəlxalq festivallarda yer tutub və mükafat qazanıblar - 1995-ci
ildə Toma Məmmədovanın (6 yaş) rəsmi
Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti
üçün keçirilən emblem müsabiqəsinə
daxil edilmiş 1000-dən artıq əsərdən birincisi
yeri tutub. O, bir çox müsabiqələrdə qalib
olmuş və 1999-cu ildə Azərbaycan istedadlı
uşaqlarını təmsil etmək üçün
Birləşmiş Ştatlara yeganə nümayəndə
kimi göndərilib, 1997-ci ildə "Moskva 850"
müsabiqəsində Lalə Fətəliyeva, Orxan
Bağırov və Natella İsayeva "Xüsusi diplom"la
təltif olunublar. 1998-ci ildə uzaq İspaniyada Şirin Haqverdibəyova
( 7 yaş) 2-ci yerə layiq görülüb, 1999-cu ildə
"Kitabi Dədə 1300" müsabiqəsində Lalə
Fətəliyeva 1-ci yer, Nərmin Abdullayeva 1-ci yer, 1999-ci il
BTM-nin "Əhali gününə" həsr olunmuş
sərgi müsabiqəsində Aşurova Ayan 1-ci yer, Bağırov
Orxan 2-ci yerə layiq görülüblər və s. Uşaqlar
sonda öz rəqsləri, rəsmləri və moda
nümayişi ilə müəllimlərini təbrik
etdilər və Rəhilə xanımın neçə illik
əməyini dəyərləndirərək ona diplomlar
təqdim olundu.
Paritet.- 2008.- 28-29 oktyabr.- S. 12.