Mehdiyev R.
Bənzərsiz
yaradıcılığı ilə ölkəmizdə,
eləcə də yaxın-uzaq ellərdə tanınan
fırça ustası, xalqımızın sevimli
rəssamı Tağı Tağıyev çox böyük
istedad sahibi idi. Tağı müəllimi hər dəfə görəndə
sevinər, qürur hissi keçirərdim. Mənim atam uzun illər "Kommunist" qəzetinin redaksiyasında işləmişdi.
Ancaq atama ürəyimdən keçənləri
deyə bilmirdim. Tağı müəllim isə səmimiyyətimi,
hörmət-izzətimi
duyduğu üçün
məni hətta həmyaşıdı kimi
qəbul edərdi.
T.Tağıyev Bakı
şəhərində, ziyalı ailəsində dünyaya
göz açmışdı. Əlinə
fırça alan gündən son nəfəsinə kimi zamanın reallığını
kağız-kətan üzərində məharətlə
canlandırar, əsərləri
maraqla qarşılanardı.
Onların bir çoxu hazırda xarici ölkə muzeylərinin daimi eksponatıdır.
Ömrümün
gənclik illərində Tağı müəllimin
yaratdığı əsərlər məni özünə
çəkərdi. Təsvir etdiyi təbiət mənzərələrinə bu
gün də baxıram, heyrətlənirəm.
Çünki onlarda canlanma, duyum, dərk etmək məqamları diqqəti çəkir. Dünya şöhrətli fırça
ustası Tahir Salahovun dediklərini xatırlayıram: "Mənzərə,
yaxud portret, natürmort rəssamın
varlığından süzülüb
gəlir. Onu çəkən sağlam,
saf düşüncə
sahibidirsə, yaratdığı
əsərlər də
birmənalı qarşılanar,
sevilər, baxılar".
Ustad sənətkarın
fikrinə istinadən
yazıram: mərhum dostum, həmkarım örnək olası, nümunə göstəriləsi
şəxsiyyət, sənətkar
idi.
T.Tağıyev ilk
rəssamlıq təhsilini Ə.Əzimzadə adına
Azərbaycan Rəssamlıq Texnikumunda almışdı. Hələ tələbə
ikən əl işləri görənlərin
zövqünü oxşayardı.
Hüseyn Cavidin yaradıcılığını çox sevərdi. Qəlbində, ürəyində
unudulmaz şairə qədərsiz məhəbbət
vardı. O, texnikumu bitirən ili çoxları kimi, Cavid də zamanın
amansız repressiyasının
qurbanlarından oldu.
"Hüseyn Cavid peyğəmbər xislətli,
amallı şəxsiyyət
idi. Heyif, çox heyif ki, amansızlığın,
ədalətsizliyin qurbanı
oldu. Onun cəzasını, cəfasını, əzab-əziyyətini mən də ürəyimdə çəkdim". Ömrünün
sonuna kimi Tağı müəllimin
dilindən Cavidin həyat yoldaşı Mişkinaz xanımın, qızı Turan xanımın, erkən çağında dünyasını
dəyişmiş oğlu
Ərtoğrolun adları
düşmədi.
Ötən əsrin
30-cu illərində Tağı müəllimin
çəkdiyi "Kolxoz bazarı", "Mükafat",
"Pambıq təhvil verilən məntəqə"
əsərləri həm ölkəmizdə, həm də
keçmiş İttifaq daxilində uğurla nümayiş
olunmuşdu. Halal əməyin tərənnümü
rəssamın yaradıcılığından
qırmızı xətt
kimi keçirdi. İnsanpərvərliyi, haqqı,
ədaləti qabarıq
planda işləyən
sənətkar İkinci
dünya müharibəsini
törədənlərə əsərlərində nifrətini
bildirmiş, qəhrəman
döyüşçülərin
ümumiləşmiş obrazlarını
yaratmışdı. 1941-1945-ci illərdə çəkdiyi
Koroğlunun, Nəsiminin,
Babəkin portretlərində
müasirlərini qələbəyə,
gələcəyə həvəsləndirmişdi.
"Döyüşçü" tablosunda igidliyin tərənnümü ilə
yanaşı, qan tökənlərə, qarşıdurma
yaradanlara nifrət təsvirləri ona şöhrət qazandırmışdı.
T.Tağıyevin
yaratdığı "Qara Qarayev" və "Səttar
Bəhlulzadə" tabloları dünyanın bütün
sərgi salonlarında uğurla nümayiş olunub. O,
1954-cü ildə Avropa,
Afrika ölkələrinə
səyahətə getmiş,
dinindən, dilindən
asılı olmayaraq insanları, onların ideyalarını, arzularını
bədii boyalarla təsvir etmişdi. Həmin səfərdən
sonra yaratdığı
"Afrikalı qız"
və "Salam, yeni dünya" əsərlərinə bu
gün də maraqla baxılır. Bu əsərlərdə zülmə, tabeçiliyə,
əsarətə dözməyənlərin
duyğuları ustalıqla
təsvir olunub. Yaradıcılıq xidmətlərinə
görə onun əməyi yüksək qiymətləndirilmişdir. Əməkdar
incəsənət xadimi,
respublikanın xalq rəssamı fəxri adlarına layiq görülmüşdür. O bu
gün də tələbələrinin, sənətsevərlərin
yaddaşında yaşayır.
Tağı müəllim xoşbəxt ailə başçısı idi.
Tale onun bəxtinə son dərəcə alicənab,
mərd, mədəni,
humanist həyat yoldaşı qismət etmişdi. Həbibə xanım xalq yazıçısı Ənvər
Məmmədxanlının bacısı idi. Xoşbəxt, səmimi, mehriban ailənin iki övladı olub: Namiq və
Əkrəm. Namiq atasının əbədi
ayrılığına dözmədi,
dünyasını dəyişdi.
İndi həm atasının, həm də qardaşının
yaradıcılıq yolunu
davam etdirmək Əkrəmin öhdəsində
qalıb.
Həmkarımın
anım günü ərəfəsində
yaradıcılığı barədə, insani keyfiyyətləri
haqqında, nümunəvi ailə başçısı
olmasını oxuculara çatdırmağa
çalışdım. Bu xeyirxahlıqdan mənəvi
dinclik tapıram. Bəhruz Kəngərli, Səttar Bəhlulzadə, Mikayıl
Abdullayev, Nadir Qasımov kimi, Tağı Tağıyev də unudulmur. Əsl sənətkar, şərəflə yaşayan
insan dünyasını
dəyişsə də,
yaddan çıxmır,
hər gün, hər saat ehtiramla
xatırlanır. Elə
xalq rəssamı Tağı Tağıyev kimi.
Azərbaycan.-2008.- 26 oktyabr.- S. 8.