Onun üçün fotoqrafiya təkcə şəkil çəkmək deyildi...

 

Amansız ölüm Azərbaycan fotojurnalistikasında öz dəst-xətti ilə seçilən Namiq Məmmədovu sıralarımızdan vaxtsız apardı. 1962-ci ildə Bakıda doğulan Namiq bu dünyada cəmi 46 il ömür sürdü, çəkdiyi fotoşəkillərdə saysız-hesabsız insanları, ölkəmizin həyatında baş verən müxtəlif hadisələri, yurdumuzun, paytaxtımızın gözəl mənzərələrini əbədiləşdirdi və...oktyabrın 17-də özü  də əbədiyyətə qovuşdu.

Biz Namiqi yaradıcılığının kamil vaxtında itirdik. Onunla hal-əhval tutub kefini xəbər alanda parıldıyan gözlərini qıyaraq "Dəf kimi!" deməsini eşitməyəcəyik. Artıq o, heç birimizə tədbirin sonuna yaxın şirin bakılı ləhcəsi ilə "Mən getdim, qədeş" deməyəcəkdir.

Peşəsini çox sevirdi. Namiqi tanıyanlar 1983-cü ildən onu fotoaparatla qoşa görüblər. Həmin ildən Bakı Texniki İdman Klubunda, "AntiSPİD" Sovet Xeyriyyə Fondu Leninqrad filialının Bakı şöbəsində, "Karvan" istehsalat-kommersiya firmasında, Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində, Mədəniyyət və İncəsənət Universitetində çalışmışdır. 2000-ci ildən Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın fotomüxbiri idi. Respublikamızda baş verən ictimai-siyasi hadisələrin böyük əksəriyyətinə fotoobyektivin gözü ilə baxmışdı. Agentliyi Türkiyədə, İtaliyada, Pakistanda, Rusiyada keçirilən tədbirlərdə təmsil etmişdi.

Fotoqrafiya sahəsində xüsusi təhsili olmasa da, sənətin incəliklərini dərindən mənimsəmiş, ölkənin peşəkar fotoqraflarından biri olmuşdu. Onun yaxşı duyumu və zövqü, çəkilişi hansı nöqtədən aparmaq bacarığı var idi. Bu məziyyətlər Namiqin teatr tamaşalarından, sərgi salonlarından, ictimai-siyasi tədbirlərdən, 1992-93-cü illərdə həm döyüşçü, həm də reportyor kimi iştirak etdiyi Qarabağ müharibəsindən fotoaparatının yaddaşına köçürdüyü, portret və mənzərə janrında çəkdiyi şəkillərdə daha qabarıq görünürdü. O, görmək istədiyini və ya ən yaxşı anı çəkənədək yorulub-usanmazdı. Təsadüfi deyil ki, təsisçilərindən biri olduğu Azərbaycan Fotoqraflar Birliyində keçirilən müsabiqələrdə foto işləri qiymətləndirilərkən Namiqin rəyi ilə mütləq hesablaşırdılar.

Birliyə yeni üzvlərin cəlb olunması, onların sərgilərinin keçirilməsi, fotomüsabiqələrin təşkili onsuz ötüşmürdü. O özü də beynəlxalq və yerli müsabiqələrin fəal iştirakçısı idi. Dalbadal iki il "Dünya Pressfotosu" müsabiqəsinin iştirakçısı olmuş, işləri bu müsabiqənin katoloquna daxil edilmişdir. Fransada "Nant" kinofestivalı, Bakıda "Azad insan" müsabiqəsi, "Ayna" beynəlxalq festivalında, "Olimpiada, incəsənət və idman" müsabiqələri çərçivəsində fərdi sərgiləri nümayiş etdirilmişdi. N.Məmmədov üç filmdə fotoqraf kimi iştirak etmişdi. 2007-ci ilin mayında "Abşeron" qalereyasındakı fərdi sərgisi isə onun tamaşaçılarla son görüşü olmuşdur. Həmişə gülərüz, sanki heç vaxt yorulmayan Namiqi sərgiyə hazırlıq günlərində sınıxmış görən həmkarları, dostları buna inanmaq istəmirdilər. Ancaq ağır xəstəlik artıq özünü göstərməyə başlamışdı.

Söhbət düşəndə Namiq fotoqraf peşəsi barədə həmişə böyük məhəbbətlə danışırdı. Bu peşəyə başqalarının da həvəs və vicdanla yanaşmasını istəyirdi. Deyərdi ki, hər adamdan fotoqraf çıxmaz, bu sahədə işləmək çox çətindir. Bəziləri fotoqrafiyaya həvəs göstərir, amma bir müddət sonra bu sənətdən uzaqlaşırlar. Çünki fotoqrafiya istedad tələb edir. Fotoreportyor fotoşəkli hərtərəfli - siyasi istiqamət, operativlik, kompozisiya, texniki keyfiyyət nöqteyi-nəzərindən yüksək qiymətləndirmək bacarığına malik olmalıdır. Fotoqrafiya təkcə şəkil çəkmək deyil, tarixin bir anını əbədiləşdirmək, salnaməsini yaratmaqdır. Fotomüxbir dünyaya hamının baxa bilmədiyi gözlə baxmalı, hamının görə bilmədiyi məqamları görməlidir...

Artıq Namiq Məmmədov aramızda yoxdur. Lakin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır. Vaxtilə çəkdiyi fotolar isə həmişə onu xatırladacaqdır.

Dostumuzun, həmkarımızın doğmalarına, yaxınlarına Ulu Tanrıdan səbir diləyirik. Allah rəhmət eləsin.

 

Respublika.- 2008.- 19 oktyabr.- S. 5.