Ağaoğlu T.

 

Bəxt üzüyü”ndən gələn şöhrət

 

Kino sənətimiz 135 ilə yaxındır ki, uğurlu yaradıcılıq nümunələri ilə yol gəlir. Əsl sənətkarlar çalışıblar ki, çəkiliş ənənəsi müvəffəqiyyətlə davam etdirilsin, mentalitetimizin bədii təsvirlərini canlandıran ekran əsərləri dünyada tanınsın, şöhrət qazansın. Yaddaqalan ekran əsərlərindən biri ötən əsrin 90- illərində lentə alınan tammetrajlı, maraqlı kompozisiya üzərində qurulmuş "Bəxt üzüyü"dür. Filmin ssenari müəllifi xalq şairi Vaqif Səmədoğlu, quruluş verəni isə xalq artisti Ramiz Əzizbəylidir.

Ramiz Əzizbəyli hələ orta məktəbdə oxuyanda, tələbəlik illərində Dövlət Televiziya və Radio Verilişləri Komitəsində uşaq verilişlərinə və teletamaşalarda epizodik rollara çəkilib. İlk yeri "Azərbaycanfilm" kinostudiyası olub. Müxtəlif dövrlərdə 20- yaxın bədii filmin çəkilişlərində iştirak edib: "Şeytan göz qabağında", "Bağ mövsümü", "Qəm pəncərəsi", "Cin mikrorayonda", "Əmək qızılgül", "Güzgü", "Şahid qız", "Qəzəlxan" sairə. "Mozalan" satirik kinojurnalında çəkildiyi 100-dən artıq rol bu gün yaddaşlarda qalıb. Xidmətlərinə, film çəkilişlərində aktyor, rejissor fəaliyyətlərinə görə bu yaxınlarda Ramiz Əzizbəyli xalq artisti fəxri adına layiq görülüb. Bu əlamətdar hadisə ilə əlaqədar o, ürək sözlərini bizimlə bölüşdürdü:

- Tarixi şəxsiyyətlərin xeyirxahlıq, işıqlı ənənəsini davam etdirmək böyük xoşbəxtlikdir. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqına qayğı-diqqət göstərmişdi. Mədəniyyətimizin, incəsənətimizin tərəqqisinə, tanınmasına var gücü ilə çalışmışdı. Şükürlər olsun ki, dahi şəxsiyyətin ideyası bu gün yüksək səviyyədə həyata keçirilir. Ölkəmizdə yaradıcı əməyə, sözə, sənətə, sənətkara mütəmadi olaraq qiymət verilir, daim diqqət qayğı göstərilir.

Doqquz yaşım olanda çəkiliş kamerası önündə dayanmışam, radio mikrofonuna nağıl-dastanlardan misralar, rəvayətlər oxumuşam. Aktyorluq mənim alın yazım, bəxt payımdır. Bəzən olub ki, küsüb-incimişəm. Amma sevdiyim sənətdən ayrıla bilməmişəm. Elə bil gözəgörünməz qüvvə əlimdən tutub məni yenidən müxtəlif obrazlar yaratmağa, rollar oynamağa qaytarıb. Yaşa dolduqca səhnəyə, qrimlənməyə, hətta melodiyalar da oxumağa vərdiş etdim. "Bəyin oğurlanması" bədii filmində oxuduğum "Tello" mahnısına görə mərhum Şövkət xanım Ələkbərova üzümdən öpüb: "Ay oğul, sənin istedadını Yaradanımız verib", - deyir. Bu diqqətdən daha da həvəslənib yeni rollar oynamaq, mahnılar oxumaq istəyinə düşdüm.

Çox əziyyətlər çəkmişəm. Yorulmuşam, danlanmışam, incimişəm, zəhmətimin müqabilində gördüyüm yamanlıqdan küsmüşəm. Amma peşəmdən üz döndərməmişəm, ona qarşı biganə olmamışam. Keçmiş sovet dövründə "Azərbaycanfilm" kinostudiyasında yüksək əməkhaqqı alardım. Bunu ona görə xatırladıram ki, həmin ünvanı özümə doğma, əziz bilmişəm. Çox vaxt elə orada qalardım. "Mozalan" kinojurnalına çəkildim. Bilirsiniz ki, bu ekran nümunəsi sovet qayda-qanunları dövründə ən populyar incəsənət, təbliğat vasitəsi idi. Haqlı tənqidə məruz qalan rüşvətxorlar, süründürməçilər, ədaləti dananlar, cəmiyyətə, rejimə ləkə gətirənlər barədə müzakirələr aparılar, təqsirkarlar cəzalandırılardı. Xoşbəxtəm ki, "Mozalan" kinojurnalının tarixinə mənim adım, xidmətim yazılıb.

Ekranda göründüyü kimi, yaradıcılığımda daha çox satiraya, gülüşə yer vermişəm. "Pirverdinin xoruzu", "Ölsəm, bağışla" "Bəxt üzüyü" filmlərim fikrimin sübutudur. "Bəxt üzüyü" filmim mənim bioqrafiyamdan qırmızı xətt kimi keçir. Çəkiliş vaxtı düşüncələrimi sərbəst şəkildə tamaşaçılara çatdıra bilmişəm. Milli mentalitetimizə yad olan bəzi elementləri gülüş atəşinə tutmuşam.

Ramiz Əzizbəyli ötən əsrin 70-80-ci illərindəki kino sənətinin inkişafına da münasibətini bildirdi:

- Əgər ötən əsrin 60-80-ci illərində xeyli bədii filmlər çəkilmişdisə, 90-cı ildən sonra heçə endi. Bunu bir tərəfdən təbii qəbul edirəm. Çünki ermənilərin yaratdıqları qarşıdurma, fəlakət hamımıza məlumdur. Vətəni, ərazilərimizi qorumaq hər şeydən üstündür. Ancaq qarşı tərəfin törətdiyi faciələri gələcəyimiz üçün lent yaddaşında yaşatmaq vacib lazımdır. Mərhum Ceyhun Mirzəyevin çəkdiyi əsas rolda oynadığı "Fəryad" kimi ekran əsərləri çox çəkilməlidir.
Ölkəmiz müstəqillik qazandıqdan sonra film çəkilişlərinə diqqət artmışdır. "Azərbaycanfilm" kinostudiyasının binasında əsaslı təmir, bərpa işləri başa çatmaq üzrədir. Dövlət yaxın vaxtlarda 6 filmin çəkilişi üçün 9 milyon manat vəsait ayırıb. İnam var ki, sosial-iqtisadi baxımdan gündən-günə inkişaf edən respublikamızda milli kino sənətimizə qayğı artacaqdır.

İstedadlı aktyor, rejissor Ramiz Əzizbəyli həm də auditoriyada alqışlarla qarşılanan, dinlənilən pedaqoqdur. O dedi:
- Azərbaycan Dövlət İncəsənət Mədəniyyət Universitetinin rektoru, professor Timuçin Əfəndiyevin qayğısı sayəsində tədris-təlim işinə dəvət olundum. Etimadı doğrultmaq üçün var qüvvəmlə çalışıram. Fəxr edirəm ki, dərs dediyim tələbələr bu gün mənimlə tərəfmüqabili olmaq istəyirlər.
Sevimli aktyor rejissor Ramiz Əzizbəylini 60 yaşı münasibətilə səmimi qəlbdən təbrik edirik. Milli kinomuzun əvvəlki şöhrətinə qayıtmasında ona yeni yaradıcılıq axtarışları arzulayırıq.

Azərbaycan.- 2008.- 14 oktyabr.- S. 6.