Ağaoğlu T.
Muzey
Mərkəzində tanınmış kinorejissor,
əməkdar incəsənt xadimi, respublika Dövlət
mükafatı laureatı Arif Babayevin 80 illik yubileyi qeyd
edilmişdir. Tədbir iştirakçılarında qürur
hissi aşkar duyulurdu. Mərhumun qardaşı, televiziya rejissoru, xalq artisti Vasif Babayev
dedi:
-
Arif Bakıda, İçərişəhərdə dünyaya göz açmışdı. Ömrünün
sonuna kimi hər gün ora gedər, lal-dinməz ətrafa baxar, əlini divarlara çəkib mənəvi
təskinlik tapardı.
O, "Gün keçdi"
filmində də doğma ünvana epizodik olsa da
məhəbbətini bildirmişdi.
Qız qalası ətrafında çəkilişlər
apararkən uşaq kimi ağlamışdı.
Amma aktyorların ifalarını, baxışlarını
məharətlə lentə
almışdı. Qardaşım
kino sənətini canı qədər sevirdi. Dövlət Televiziyasının inkişaf
etməsində Arifin də xidmətləri olmuşdur. Ötən əsrin 60-cı illərinin sonlarından
"Azərbaycanfilm" kinostudiyasında
çalışmışdır. O zaman qanunlar,
qadağalar nə qədər sərt olsa da, yaradıcılığa
da meyil, imkan vardı. Kinostudiyanın direktoru, son dərəcə humanist şəxsiyyət,
aktyor-rejissor Adil İsgəndərov Arifin sərbəst, mükəmməl
yaradıcılığı üçün qayğı
göstərmişdi. Gördüyü hörmətdən,
göstərilən etimadı
doğrultmasından o,
ömrünün sonuna
kimi "Azərbaycanfilm"
kinostudiyasında işlədi.
Dövlət Film Fondunun
direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev
də unudulmaz rejissor, özünə müəllim bildiyi
A.Babayevi ehtiramla xatırladı:
- Kino sənətinə
marağımı, həvəsimi artıran məhz
istedadlı rejissor Arif müəllim olmuşdur. Onun 1975-ci ildə çəkdiyi "Alma almaya bənzər" bədii filmində Kərimov rolunda oynamışam. Rəhmətlik
həddən artıq
diqqətcil, qayğıkeş
insan idi. Çəkilişlər zamanı
yorulardım, haldan düşərdim. O, yaxınlaşıb,
xoş sözlərlə
könlümü alar,
rolu oynamağa həvəsləndirərdi. Arif müəllim
10-dan artıq sənədli
və tamaşaçıların
maraqla baxdığı
"İnsan məskən
salır", "Uşaqlığın
son gecəsi",
"Gün keçdi",
"Ömrün ilk saatı", "Arxadan vurulan zərbə",
"Birisi gün gecəyarısı" bədii
filmlərinə, "Zirvə"
kinonovellasına quruluş
vermişdir. İnanıram
ki, kino sənətimizin inkişafında
onun fəaliyyəti, xidmətləri heç vaxt unudulmayacaq. Bu gün də
Arif müəllimin yeri görünür.
Tədbirdə tələbəsi,
yetirməsi olan Arif Babayev haqqında
pedaqoq, rejissor, aktyor Mehdi Məmmədovun
vaxtı ilə dediyi bu fikirlər
də səsləndi:
"İllər ötüb
keçəcək. Çox
sənətkarlarımız kimi, o da
unudulmayacaq". Sonda kino xadiminin həyat və yaradıcılığından yadigar qalan fotoların
sərgisinə baxış
oldu.
Azərbaycan.- 2008.- 18 oktyabr.- S. 8.