Quliyeva Z.
DAK-ın Bakı nümayəndəliyi dünya
azərbaycanlılarının birliyinə həsr edilən
tədbir keçirib
Dünya
Azərbaycanlıları Konqresinin Azərbaycan
nümayəndəliyi Muğam Teatrında Ramazan bayramı
münasibətilə və dünya
azərbaycanlılarının birliyinə həsr edilən
tədbir keçirdi. DAK-ın Mədəniyyət və
İncəsənət Mərkəzinin
rəhbəri, əməkdar
artist Ağalar Bayramovun aparıcılıq
etdiyi gecənin ahəngində bir həsrət niskili duyulurdu.
DAK-ın həmsədri
Paşa Qəlbinur, DAK-ın fəxri prezidenti Qulamrza Səbri
Təbrizi, xalq artisti Habil Əliyev, şair Musa Yaqub və
başqaları çıxış edərək
Azərbaycan ədəbiyyatında daima müraciət
edilən Cənub həsrətindən, ayrılıq
çayı sayılan Araza qoşulan
nəğmələrdən, şeirlərdən
danışdılar. Azərbaycan şair və yazıçılarının mənsub olduğu müxtəlif nəsillərin
mərhələ-mərhələ
bu mövzuda qələmə aldıqları
əsərlərin bədii
siqlətindən, dəyərindən
söz açıldı.
DAK-ın Azərbaycan
nümayəndəliyinin rəhbəri, tədbirin
təşkilatçısı Nadir Orucov dünya
azərbaycanlılarının birliyini zəruri edən
amillərdən, ulu öndər Heydər Əliyevin diaspor
hərəkatına müsbət təsirindən söz
açdı. "Bu gün 50 milyonluq dünya azərbaycanlıları
məhz Heydər Əliyevin müdrikliyinin və qüdrətinin sayəsində
sarsılmaz gücə
çevriliblər. Bu
gün iqtisadi inkişafın dinamikasına
görə dünyada
lider dövlət olan Azərbaycan Respublikası 50 milyon soydaşımızın harada
yaşamasından asılı
olmayaraq hər birinin vətəni, mənəvi qürur mənbəyidir. Bu birlik və ulu öndərin müəyyənləşdirdiyi azərbaycançılıq ideologiyası
dünya azərbaycanlılarını
daim millətin və dövlətin mənafeyi üçün
səfərbər edəcək,
gələcək nəsillər
üçün təməl
istinadgah olacaq. Ulu öndərin qeyd etdiyi kimi,
bu gün Azərbaycan dünyaya bir günəş kimi doğur. Bu günəşin zərrələri bugünkü
inkişafımız, qüdrətimiz,
müstəqilliyimiz və
yüksələn rifahımızdır"
- deyən Nadir Orucov bu tədbirin
də ülvi məqsədlərə xidmət
etdiyini söylədi.
Əməkdar artist
Ağa Cəbrayıl Abbasəliyevin rəhbərlik etdiyi xalq
çalğı alətləri ansamblının
müşayiəti ilə gecənin ruhuna uyğun mahnılar
səsləndirildi. Əməkdar artistlər Yaqut
Abdullayeva, Nuriyyə Hüseynova, Ruhəngiz Allahverdiyeva, gənc muğam ifaçıları
Babək Niftəliyev,
Ehtiram Hüseynov, Şahin İsmayılov və başqaları xalq mahnılarını, Azərbaycan muğamlarını şövqlə
ifa etdilər. Dünya azərbaycanlılarının
həmrəyliyinə, birliyinə
xidmət məramı
ilə təşkil edilmiş gecə xalq şairi Məmməd Arazın
"Ayağa dur, Azərbaycan" şeiri ilə başa çatdı.
Azərbaycan.- 2008.- 4 oktyabr.-
S. 6.