Ağaoğlu T.
Gəncə
şəhərində yaşayan xalq artisti, xarakterik rollar
ifaçısı Ələddin Abbasov qırx il əvvəl
V.Şekspirin "Otello" tamaşasında Otello rolunu
oynamışdı. Ünvanına çoxlu xoş
sözlər, təbriklər deyilmişdi. Aktyor bu
hörmətə, şərəfə asanlıqla nail
olmamışdı. Aylarla əziyyət çəkmiş,
günlərlə məşq etmişdi. Qürur hissi
keçirərdi ki, çəkdiyi cəfalar hədər
getməyib. Bir gün isə onu Bakıya,
"Azərbaycanfilm" kinostudiyasına dəvət
etdilər.
Ələddin Abbasov
Gəncədə dünyaya göz açıb. Özünün
dediyinə görə, atası sərt xarakterə malik insan
olub. O, uşaqlıq illərini, yeniyetmə
çağlarını bəzən fərəhlə,
bəzən də küskün xatırlayır:
- Atam dedi ki,
ayağın teatrın astanasına düşsə, səni o
tərəfdə görsəm, başını
bədənindən üzəcəm. Hədə-qorxulara,
qadağalara baxmayaraq, mən bu sənətdən kənar
düşə bilmədim. Gecə-gündüz teatr
binasının ətrafında gəzib-dolanardım. 14
yaşımda epizodik rolda səhnəyə
çıxdım. Atam həmin gecə teatra gəlibmiş.
Axşam evə qayıdanda onun baxışları ox olub
sinəmi deşirdi. Bir müddət keçəndən sonra
qəzəblə dedi: "Meymun kimi nə atılıb-düşürdün?
Adam ol, get özünə fərli peşə seç.
Sənin maddi köməyinə qətiyyən ehtiyacım
yoxdur. Təkcə səndən bircə tələbim var: başımı,
ad-sanımı uca elə. İndi səni səhnədə
görənlər fikirləşirlər ki, Aslanın oğlu
mütrüfdürE". Bu söhbətdən sonra aktyorluq
sənətinə daha da ürəkdən bağlandım.
İllər boyu atamın xarakterinə uyğun rol gəzdim.
Allah İsmayıl Şıxlıya rəhmət eləsin, o
dünyası behiştlik olsun. Cahandar ağa obrazını
yaratdı, mən də oynayıb arzuma çatdım.
Gənc Ələddin
maraq göstərdiyi aktyorluğa varlığı ilə
bağlandı. Milli teatr sənətinin korifeylərinin
fəaliyyətlərini, təcrübələrini
cani-dildən öyrəndi. Ona etimad göstərilən hər
bir rolun dialoqunu, monoloqunu nəinki əzbərləyir, həm
də onların məna-məzmunlarını
tamaşaçılara çatdırmağa
çalışırdı. Amma İkinci Dünya
müharibəsi onun da arzularını ürəyində
qoydu. Daim səhnəyə çıxmağa can atan, obrazlar
qalereyası yaratmaq həvəsi ilə yaşayan aktyoru bu,
daxilən susdursa da, məsləkindən,
əqidəsindən döndərə bilmədi.
Könüllü olaraq cəbhəyə getdi.
Döyüşçülərin qarşısında
millətimizi, torpağımızı, haqq-ədaləti
tərənnüm edən şeirlər oxudu.
Qanlı-qadalı,
ölümlü-itimli müharibə qələbə ilə
başa çatandan sonra o, C.Cabbarlı adına Gəncə
Dövlət Dram Teatrında H.Cavidin "Səyavuş"
pyesində Səyavuş, S.Vurğunun "Fərhad və
Şirin" əsərində Fərhad, S.Rüstəmin
"Qaçaq Nəbi"sində Nəbi, Z.Xəlilin
"Qatır Məmməd"ində Qatır Məmməd,
C.Cabbarlının "Aydın" tamaşasında Aydın
və başqa səhnə əsərlərində biri
digərinə bənzəməyən müxtəlif
obrazların bənzərsiz yaradıcısı kimi sevildi,
tanındı. Ötən günlərini aktyor belə
xatırlayır:
- 1971-ci ildə ulu
öndər Heydər Əliyev Gəncəyə
gəlmişdi. Müdrik rəhbəri sevgiylə,
məhəbbətlə qarşıladıq. Axşam
teatrın binasında unudulmaz şəxsiyyətlə
görüş oldu. Mənə də söz verildi. Milli
teatrımızın dünəni, bugünü, sabahı
barədə danışdım. Tədbirin sonunda böyük
şəxsiyyət məclis iştirakçıları
ilə səmimi, mehriban görüşdü. Qəfildən üzünü
mənə tutub soruşdu: "Ələddin, sənin
fəxri adın yoxdur?" Cavab verdim: "Xeyr". İki
gün keçmiş qəzetlərdə xalq artisti fəxri
adına layiq görülməyim barədə fərman
dərc olundu. O vaxtdan 37 il keçir. Ulu öndər
sözə, sənətə, sənətkara qiymət
verən şəxsiyyət idi. Onun qayğısından
çoxu pərvazlanıb.
"Azərbaycanfilm"
kinostudiyasında Ə.Abbasovu doğmaları, əzizləri
kimi qarşıladılar. Təəccüblənən
aktyor yarızarafat, yarıgerçək soruşdu ki, bu
görüş nə münasibətlədi? Məşhur kinorejissor
Hüseyn Seyidzadə cavab verdi: "Qardaşım,
tələsmə, indicə əsas səbəbi
biləcəksən". Yazıçı İsmayıl
Şıxlı aktyoru çoxdan tanıyırdı. Məhz
yazıçının istəyi ilə onu Cahandar ağa
obrazına çəkilməyə dəvət
etmişdilər. O, qrim otağından çıxanda sənətşünaslar
heyrətləndilər. "Azərbaycanfilm"
kinostudiyasının direktoru, aktyor və rejissor Adil
İsgəndərov dedi: "Qadam, daha nə buyurursunuz?
İstədiyiniz yar idi, yetirdi pərvərdigar.
Çəkilişə başlaya bilərsiniz. Ələddin
anadangəlmə Cahandar ağadır". Həmin günləri
xatırlayan aktyor dedi: "Dəli Kür" filminə
baxanlar bilirlər ki, mənzərələrin
təsvirləri, aktyor ifaları anbaan sərtləşir.
Kadrlar dəyişdikcə gələcəkdə baş
verəcək müsibətlər və faciələr
canlandırılır. Filmdə baş verən bütün
hadisələr Cahandar ağanın ətrafında
cərəyan edir. O, bir tərəfdən
tərəqqiyə, zamanın inkişafına inanmır.
Oğlunun ardınca qonşu respublikaya, məşhur gimnaziyaya
gedir ki, onun təhsilini yarımçıq qoyub geri
qaytarsın. Digər tərəfdən, mövhumatçı
qüvvələrə qarşı mübarizə aparır,
amma bacısı həmin qüvvələrin təsirinə
məruz qalır, onların ovsununa düşür.
Cahandarın evində gözəl-göyçək
zövcəsi ola-ola (rolun ifaçısı xalq artisti Leyla
Bədirbəylidir), o, yenidən eşqə düşür.
Çoxdan gözaltı etdiyi qadını evinə
gətirirE Baş verən hadisələri xatırlatmaq
asandır. Bəs bu olayların lentə alınması
necə olurdu? Hüseyn Seyidzadə kimi savadlı,
məsuliyyət hissi duyan rejissorla işləmək asan
olduğu qədər də, çox çətin idi. Elə
mehriban, sənət qədri bilən aktyor ansamblı,
səmimi kollektiv vardı ki, yorğunluğumuz da
canımızdan çıxardı. İllər
keçməsinə baxmayaraq, hələ də qürur hissi
duyuram ki, Cahandar ağa rolunu oynamaq mənim qismətimə
çıxmışdı. Məhz o obraza görə
məni nəinki Gəncə, bütün Azərbaycan,
hətta Qafqaz xalqları tanıyır, sevir, öz adımla
yox, "Cahandar ağa" deyə müraciət edirlər.
Bu rolu oynamaqla həm də öz taleyimi, sənətə
məhəbbətimi kinosevərlərə çatdıra
bilmişəm".
Ömrünün ixtiyar
çağını yaşayan istedadlı aktyor
özünə ilk sənət müəllimi bildiyi xalq
artisti Məmmədrza Şeyxzamanovu həmişə dərin
hörmətlə, böyük məhəbbətlə
xatırlayır:
- O, mənim
əlimdən tutub, yol göstərib. Büdrəməyə
qoymayıb, aktyorluğun, səhnənin incəliklərini
öyrədib. Onun qayğısı sayəsində
peşəkar səhnəyə çıxmışam.
Mənim tanınmağımda
çalışdığım kollektivin, rejissorların da
əməyi çox olub. Cahandar ağa kimi həyatda
zəhimli, hökmlü deyiləm. Hamı ilə dil
tapmağı, xoş rəftar etməyi bacarıram.
Ə.Abbasov sonralar "Azərbaycanfilm" kinostudiyasında
"Mən ki gözəl deyildim", "Qatır
Məmməd", "Özgə vaxt",
"Məkanın melodiyası" və başqa tammetrajlı
bədii filmlərə çəkilib. Əməkdar
incəsənət xadimi, tanınmış kinorejissor
Hüseyn Mehdiyev aktyor haqqında ürək sözlərini
belə bildirdi:
- Xalq artisti
Ələddin Abbasov sənətini qəlbən sevən
insandır. Onunla iki bədii filmin
çəkilişində əməkdaşlıq etmişik.
Məşqlərə vaxtında gələr, rejissor
mizanlarına can-başla əməl edərdi.
Çəkilişlərin birində hiss etdim ki, onun
oynamağa heç halı, taqəti yoxdur.
Yaxınlaşıb astadan soruşdum: "Neyləyək?
Axı sizin gücünüzə inanırıq". O, bir
müddət üzümə baxdı, handan-hana ayaq
üstə durub: "Başladıq", - dedi. Onunla birgə
işləməyimlə həmişə fəxr
etmişəm.
İstedadlı teatr-kino
aktyoru, xalq artisti, "Şərəf nişanı"
ordenli, Prezident təqaüdçüsü Ələddin
Abbasov arzularına çatdığı sənət ocağından
- Gəncə Dövlət Dram Teatrından hələ də
ayrılmayıb.
Azərbaycan.- 2008.- 4 oktyabr.- S. 6.