Behbudqızı S.

 

Filmfond  yeni binaya köçür

 

Cəmil Quliyev: "Bundan sonra filmlərin qorunması və bərpasında mühüm addımlar atılacaq"

 

İndi istifadə etdiyimiz avadanlıq yalnız ilkin bərpa işləri üçün nəzərdə tutulub. Bundan sonra filmlərin qorunması və bərpasında mühüm addımlar atılacaq

Budəfəki müsahibimiz Cəmil Quliyevlə 3 istiqamətdə söhbət etdik - direktoru olduğu Dövlət Film Fondu və Beynəlxalq Kino Məktəbi, bir də, təbii ki, kinorejissorluq fəaliyyəti barədə.

Yeri gəlmişkən, görüşümüz həm Beynəlxalq Kino Məktəbinin aktyor ixtisası şöbəsinə kastinq, həm də Dövlət Film Fondunun "Azərbaycanfilm" kinostudiyası ərazisində inşa edilmiş yeni binaya köçməsi ərəfəsində baş tutdu.

 C.Quliyev: - Kastinq nəticəsində məktəbimizin aktyorluq ixtisasına 16 yaşınadək olan 15 nəfər seçildi. Aktyor sənətindən onlara Şəfiqə Məmmədova dərs deyəcək.

   - Tələbələrinizin səviyyəsini necə qiymətləndirirsiniz?

   - Tələbələrimiz istedadlı, yaradıcı gənclərdir. Bildiyiniz kimi, bizim məktəbə ali təhsilli gənclər qəbul edilirlər. Onların arasında telekanallarda çalışanları da var.

   - Hamısı humanitar təhsilli gənclərdir, yoxsa texniki ixtisas alanları da var?

  - Əksəriyyəti müvafiq ali humanitar təhsil almış gənclərdir. Amma aralarında Tibb Universitetini, Xalq Təsərrüfatı İnstitutunu bitirənlər də var. Məktəbimizdə təhsil müddəti iki ildir. Nazirlər Kabinetinin sərəncamına görə, məktəbin Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının maddi-texniki bazasında fəaliyyət göstərməsi nəzərdə tutulub.

   - "Filmfond"un yeni binasına hansı iş prinsipləri, nailiyyətlər və problemlərlə köçürsünüz?

   - Dövlət Film Fondu öz fəaliyyətini Beynəlxalq Arxivlər Federasiyasının formalaşdırdığı istiqamətlər üzərində qurub. Bu istiqamətlərə filmlərin bərpası və qorunması, arxiv faktlarının tapılması və mühafizəsi, beynəlxalq əlaqələrin qurulması, elmi araşdırmaların aparılması, milli və dünya kinosunun təbliği aiddir. Bu işləri görməkdən ötrü Mədəniyyət və Turizm Nazirliyi bizə çox böyük dayaqdır.
   Beynəlxalq Arxivlər Federasiyası ilə sıx əlaqə yaratmışıq. Bunun sayəsində zəruri ədəbiyyatı əldə etmək, əlaqələrimizi genişləndirmək işimiz asanlaşıb. Yeni binada müasir standartlara cavab verən təchizat şəraitində çalışacağıq. Fransadan gətirilmiş, xüsusi olaraq kino-arxiv təşkilatlarının fəaliyyəti üçün nəzərdə tutulmuş avadanlıq isə filmlərin mühafizəsində çox köməklik edəcək. İndi istifadə etdiyimiz avadanlıq yalnız ilkin bərpa işləri üçün nəzərdə tutulub. Bundan sonra filmlərin qorunması və bərpasında mühüm addımlar atılacaq.

   - Telekanallar bir müddət öncə bəzi Azərbaycan filmlərinin "pirat" versiyalarını, texniki qüsurlar və hətta ixtisarlarla yayımlayırdılar. "Həftə içi" qəzeti olaraq öz növbəmizdə bunun yolverilməz olduğunu vurğulayan məqalə ilə çıxış da etmişdik. Son zamanlar belə hallar səngiyib. Ümumiyyətlə, bu sahədə telekanalların müvafiq struktur rəhbərləri ilə əlaqələriniz hansı səviyyədədir?

  - Telekanallarla əlaqələrimiz çox yüksək səviyyədədir. Onlardan razıyıq. Kino redaksiyaları bizimlə hesablaşırlar. Fəaliyyətimizi tam şəkildə işıqlandırırlar. Bütün tədbirlərimiz, tapıntılarımız barədə ətraflı süjetlər verirlər.

   - Beynəlxalq Arxivlər Federasiyasının istiqamətlərindən biri olan milli və dünya kinosunun təbliği nələri nəzərdə tutur?

   - Bu istiqamətin tələblərinə cavab verərək, bildiyiniz kimi, böyük intensivliklə aramızda olan və dünyasını dəyişmiş kino xadimlərimizin yubiley və xatirə gecələrini təşkil edirik, səylərimizin böyük bir hissəsini kino-foto sənədlərinin əldə edilməsinə yönəltmişik. Rac Kapurun Bakıya səfərini əks etdirən fotoların Hindistana göndərilməsi, Çarli Çaplinə həsr olunmuş tədbirin keçirilməsi və nəhayət, hələlik ən son işlərimizdən olan "Kino-bülleten"in nəşri. Bu kitabdan kitabxanalara da paylanıb. İnanırıq ki, bütün bunlar kino tariximizlə maraqlananlar üçün əhəmiyyət kəsb edir. Azərbaycan kinosunun 110 illiyinə həsr edilmiş "Kino-bülleten" "12 seriyalı "Heydər Əliyev" sənədli filmi", "2007-ci ildə Azərbaycan Dövlət Film Fonduna daxil olan filmlər", "Gürcüstan Dövlət Kinoarxivindən gətirilmiş materialların siyahısı", "Azərbaycan Dövlət Film Fondunun 2008-ci il üçün tədbirlər planı", "2002-2007-ci illərdə ölkəmizdə istehsal olunmuş bədii, sənədli və cizgi filmləri" bölmələrindən ibarətdir.

   Söhbət əsnasında Cəmil müəllim kinorejissor kimi fəaliyyətini bərpa etmək niyyətində və əzmində olduğunu da dedi: "Bir neçə dəfə bədii film çəkmək təklif olunub. Düşünürəm ki, gələn ildən bu işlə məşğul ola biləcəyəm. İdeyalarım da var, təxmin etdiyim ssenarilər də..."
   

Həftə içi.- 2008.- 22 oktyabr.- S. 6.