Filmimiz beynəlxalq festivalda mükafata layiq görülüb

 

Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən II İssıkul Beynəlxalq Kinofestivalı öz işini yekunlaşdırıb.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Çingiz Aytmatovun xatirəsinə həsr olunmuş festivalın müsabiqəsində on dörd ölkənin istehsalı olan 40-a qədər film iştirak edib. Festivalın açılışında Ç.Aytmatovun "Əlvida, Gülsara!" romanı əsasında Qazaxıstanda çəkilmiş film nümayiş etdirilib. Azərbaycan kinosu festivalda "Dua" sənədli filmi ilə təmsil olunub. Münsiflər heyətinin qərarı ilə "Dua" filmi "Sülh mövzusunun ən yaxşı əksinə görə" mükafatına layiq görülüb. Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş film 2008-ci ildə "Salnamə" studiyasında rejissor Ziya Şıxlinski tərəfindən çəkilib. Filmin ssenari müəllifi Yusif Şeyxov, operatoru Rafiq Quliyevdir.

 

Paritet.- 2008.- 28-29 oktyabr.- S. 13.