"Kino sahəsində
dirçəliş hiss olunur"
Ramiz
Həsənoğlu: "Mənim də narahatlığım
ondan ibarətdir ki, sənətin başında
sənətdən xəbəri olan insanlar durmur"
Kino sahəsində olan
problemlərimiz heç kimə sirr deyil. Ancaq bu gün kinoda
baş verən proseslər ümid verir ki,
gələcəkdə Azərbaycan kinosu böyük
uğurlara imza atsın. Elə odur ki, kino sahəsində olan
problemlərlə bağlı rejissor Ramiz Həsənoğlu
ilə söhbət etdik.
- Azərbaycanda kinonun
bir dövrü var idi ki, durğunluq yaşadı, inkişaf
etmədi. Bu gün isə artıq kino sahəsində
dirçəliş hiss olunur, filmlər çəkilir.
Gənclər kino sahəsinə cəlb olunur. Təbii ki, bir
kino sahəsində çalışan insan kimi bu məni sevindirməyə
bilməz. Son illər çəkilən filmlər maraq
baxımından məni düşündürür. Təbii
ki, bəyəndiyim, bəyənmədiyim məqamlar var.
Əsas odur ki, proses gedir.
- Bu gün
çəkilən filmlərin keyfiyyəti necə, sizi qane
edirmi?
- Bilirsiniz, ən
gözəl filmin özündə belə nöqsan tapmaq
mümkündür. Təbii ki, hansı bucaqdan baxmaqdan
asılıdır. Bu yaxınlarda Oqtay Mirqasımovun
"Günaydın, mələyim" filmini seyr etdim.
Çox ciddi bir proyektdir. Hamı kimi mən də bu filmi
gözləyirdim. Filmə baxdıqdan sonra təəssüflənmədim.
İstənilən işdə nöqsan tapmaq
mümkündür. Bu filmdə də nöqsan tapmaq
olardı. Ancaq proyektin özü çox maraqlı idi,
məni özünə cəlb etdi.
- Bəs aktyor
potensialınız necə, qaneedicidirmi?
- Bizim
aktyorlarımız sənətimizin güzgüsüdür.
Həmçinin bu sözləri rejissorlara, dramaturqlara,
ssenaristlərə də aid etmək olar. Sənətimizdə
nə baş verirsə, o aktyorlara, dramaturqlara necə
şərait yaradılırsa, o cür də inkişaf hiss
olunur. Əgər yaradıcı mühit normaldırsa,
şərait istənilən səviyyədədirsə,
təbii ki, kino çəkilişində olan yaradıcı
heyət daha yaxşı çalışmağa can atır.
Şübhəsiz ki, bizim yaxşı aktyor
potensialımız var. Mənim buna şübhəm yoxdur.
Gördüyüm son tamaşalar, filmlər məndə bu
əminliyi yaradıb.
- Gəlin etiraf edək
ki, bu gün qeyri-peşəkarlar da film çəkmək
eşqinə düşürlər...
- Bu elə bir prosesdir
ki, bulanıq çayın qabağını almağa
bənzəyir. Cay gərək durulsun, çöküntülər
yatsın dibinə ki, sakitlik yaransın. Yerindən duran film
çəkirsə, bu daha çox sənəti
yönəldənlərin diqqətini cəlb eləməlidir.
Çünki onlar sənətin inkişafına cavab verən
insanlardır.
- Bəzən
qeyri-peşəkar rejissorlarm filmlərində çox
professional aktyorları da görürük.
- Mən belə deyim de.
Bu, artımın, irəliləyişin xəstəliyidir.
Bəzən irəli gedən yolundan da sapmırsan. Ancaq
əsas odur ki, yol görünsün, səhvlərlə olsa
belə, irəliyə gedə biləsən. Əgər
sənəti məcrasında axan çaya
bənzətsək, çör-çöp üzdə olur.
Sonra çay durulur, axarını tapır, istiqamətini
götürür. Sənət də belədir.
Çör-çöp də ola bilər, tədricən
zaman onları ələkdən keçirəcək və
yalnız yaxşılar üzdə qalacaq. Əsas odur ki,
inkişafa doğru addımlayasan. Say-seçmə
professionallarımız var. Onlardan
bəhrələnməliyik, onları unutmamalıyıq.
Təbii ki, qeyri-professionalların kinoya gəlməsi, film
çəkməsi narahatlıq yaratmalıdır. Mənim
də narahatlığım ondan ibarətdir ki, sənətin
başında sənətdən xəbəri olan insanlar
durmur. Əgər sənət başında professionallar,
sənəti dəyərləndirən əsl
sənətçilər dursalar, yəqin ki, durum daha normal
vəziyyət alar. Şəxsən mənim
təcrübəmdə bu hiss olunur. Tutaq ki, televiziya
aləmində də qeyri-peşəkarlar var. Bizdə bu
məsələlər zəifdir. Əgər bu problemlər
aradan qaldırılsa, sənət sahəsində olan bir
çox çətinliklər aradan qalxardı. Çox
üstüörtülü danışdım, ancaq
sənətə qiymət verənlər, yəqin ki, nə
demək istədiyimi başa düşərlər.
Problemləri aşağıda axtarmaq lazım deyil.
Problemləri yuxarıda axtarıb həll etmək
lazımdır.
- Son dövrlər
ssenarilərlə bağlı problemlər də yaranır...
- Son iki ildə çəkilən
filmlərin ssenarilərini nəzərə alsaq, onlarda problem
hiss olunmur. Bundan sonra nələr
çəkiləcəksə, hansı ssenarilər
yazılacaqsa, bunların səviyyəsini, keyfiyyətini
nəzərə almaq lazımdır. Mədəniyyət
Nazirliyinin nəzdində bir ekspert komissiyası var. Bu
barədə bir dəfə də demişəm. Bu komissiya
təkcə yarayar-yaramaz fikri ilə çıxış
etməməlidir. O komissiya eyni zamanda nöqsanı olan, ancaq
perspektivi olan ssenariləri, hansı işləmələrə
ehtiyac olduğunu üzə çıxarmalıdır, ona yönəltməlidir.
Ola bilər ki, ümumilikdə yaxşı ssenaridir, ancaq
detalları diqqətlə nəzərdən keçirmək,
düzəlişlər etmək lazımdır. Bir də
görürsən professional ssenaristlərin ssenariləri
qayıdır. Sadəcə, bir açıqlama verilir ki,
yaramır. Necə yəni yaramır, nəyə görə
yaramır? Mövzu etibarilə, əhatə etibarilə,
aktualdır, aktual deyil, hansı meyarlarla ssenarilər
ölçülür? Hesab edirəm ki, Azərbaycan kinosunun
prodüser sisteminə keçməsi çox gözəldir.
Ancaq seçilən ssenarilərin qiymətləndirilməsi
bir qədər düzgün işlənilməyib. Bu
barədə düşünməyə dəyər.
Şərq.- 2008.- 24 oktyabr.- S. 14.