"Qala" filmimiz "Oskar"da!

 

"Oskar"ın xəritəsinə Azərbaycan da düşdü

 

"Oskar" komitəsinə təqdim olunan 67 əcnəbi film arasında ilk dəfə olaraq Azərbaycana məxsus ekran işi də yer alıb.

Şamil Nəcəfzadənin ssenari müəllifi və rejissoru olduğu "Qala" filmi artıq 67 film arasındadı. Onlardan yalnız beşi seçilərək, "Oskar" uğrunda mübarizəyə qoşulacaq. "Qala"nın uğur qazanıb-qazanmayacağı hələ məlum olmasa da, rejissor nikbindir. Ş.Nəcəfzadə "Olaylar"a verdiyi açıqlamasında bu addımın Azərbaycan kinosu üçün dünya kinematoqrafiyasına cığır açacağını deyib: "Təxminən bir ay əvvəl "Oskar" komitəsi ilə razılıq əldə edildikdən sonra Amerika kinoakademiyasında bu film təsdiq olundu. Bilirsiniz ki, bu günə kimi Azərbaycan kinematoqrafiyası "Oskar" xəritəsində olmayıb. Bu, ilk addımdı. İnanıram ki, daha böyük işlər üçün cığır açılacaq. Filmin "Oskar"a qəbul olunub-olunmamasından asılı olmayaraq".

Qeyd edək ki, "Azərbaycanfilm" kinostudiyası ilə "UMP" rus kino şirkətinin istehsalı olan "Qala"da rolları Rasim Balayev, Vidadi Həsənov, Pərviz Məmmədrzayev, Firəngiz Mütəllibova və başqaları oynayır.

 

Şərq.- 2008.- 24 oktyabr.- S. 14.