Qayanın çəkilişləri yekunlaşıb

 

"Yaddaş" studiyası Azərbaycanın ən məşhur ansambllarından biri olan "Qaya" haqqında sənədli filmin çəkilişlərini artıq yekunlaşdırıb. Hazırda film üzərində montaj işləri aparılır. Filmin rejissoru ssenari müəllifi Cavid İmamverdiyev bildirdi ki, filmdə ansambl haqqında çox maraqlı məlumatlar yer alıb: "Ansambl haqqında çoxlu məlumatlar toplamışıq, maraqlı tapıntılarımız var. Çəkilişlər zamanı öyrəndik ki, "Qaya" Mahaçqalada yarandığı ilk vaxtlarda "Qunik" adı ilə fəaliyyət göstərib. Halbuki "Qaya"nın Mahaçqalada fəaliyyətə başladığı heç kimə məlum deyildi. Qısa müddətdə SSRİ- uğur qazanan "Qunik" qrupu həmin illər Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən ölkəyə dəvət olunub. O vaxtkı mədəniyyət naziri Azərbaycan vətəndaşlarından ibarət olan qrupu ölkəyə dəvət edərək burada fəaliyyət göstərmələrini istəyib. Bundan sonra ansambl Azərbaycanda "Qaya" adı altında fəaliyyətə başlayır daha da şöhrətlənir". Qrup haqqında qısaca məlumat verən Cavid İmamverdiyevin sözlərinə görə, film bir saatdan artıq olmaqla iki seriyadan ibarət olacaq. Qeyd edək ki, filmin bu ilin sonuna kimi təhvil verilməsi nəzərdə tutulur.

 

Üç nöqtə.- 2008.- 22 oktyabr.- S. 13.