Qızıl minbər müsəlman kinosu festivalında Azərbaycan filmi nümayiş etdiriləcək

 

Dünən Tatarıstanın paytaxtı Kazan şəhərində ənənəvi "Qızıl minbər" müsəlman kinosu festivalının təntənəli açılışı olub. Tatarıstanın təşəbbüsü təşkilatçılığı ilə sayca dördüncü dəfə keçirilən festivalda 24 ölkədən 34 film dəyərləndiriləcək. Bu filmlər müsabiqəyə təqdim olunmuş 200 arasından seçilmiş kinematoqraf məhsullarıdır. Festivalda müsahibədənkənar 21 film nümayiş olunacaq.

Müsəlman kinosu festivalı adlandırılsa da, bu müsabiqədə ənənəvi olaraq qeyri-müsəlman ölkələri həvəslə iştirak edir. "Mədəniyyətlərin dialoqu ilə mədəni dialoqa" devizi festivalın qayəsinin, mahiyyətinin təzahürüdür. Təsadüfi deyil ki, festival iştirakçıları sırasında Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Suriya, Misir, Fələstin, Özbəkistan kinematoqrafları ilə yanaşı, ABŞ, Rusiya, İngiltərə, Almaniya, İsveçrə, Avstraliya, Hindistan digər dövlətlərin təmsilçiləri var. Münsiflər heyəti beynəlmiləl tərkiblidir.

Festivalın proqramı geniş formatlıdır - 6 günlük tədbir çərçivəsində film müsabiqəsi ilə yanaşı, Eldar Ryazanov, Alla Surikova, Aleksandr Mitta ilə yaradıcılıq görüşləri, eləcə də "Mədəniyyətlərin və konfessiyaların dialoqunda kinematoqrafiyanın rolu" mövzusunda elmi-praktik konfrans keçiriləcək. Həmçinin tədbirlər planına əsasən, bir festival günü Çingiz Aytmatovun xatirəsinə həsr olunacaq.

Müxtəlif nominasiyalar - ən yaxşı bədii film, ən yaxşı sənədli film, ən yaxşı animasiya filmi, ən yaxşı rejissor işi, ən yaxşı kişi, ayrıca qadın rolu, ən yaxşı operator işi üzrə festivalın qalibləri oktyabrın 22-də, sonuncu gün elan olunacaqlar. Ümumilikdə doqquz nominasiya üzrə qalib müəyyənləşdirilsə , festival iştirakçılarına xüsusi mükafatlar da təqdim olunacaq. Tatarıstan Prezidentinin "Kino sənətində humanizmə görə", Kazan merinin "Kino sənətinə verdiyi töhfəyə görə" TÜRKSOY təşkilatının "Türk dünyası kinematoqrafiyasının inkişafına verdiyi töhfəyə görə" xüsusi mükafatların sahibləri təsisçilər tərəfindən müəyyənləşdiriləcək. Festivalda bu ənənəvi xüsusi mükafatlar sırasına İslam Konfransı Təşkilatının da xüsusi prizinin əlavə olunacağı gözlənilir.

"Qızıl minbər"ə beynəlxalq maraq da böyükdür. Tədbiri işıqlandırmaq üçün Kazana dünyanın müxtəlif ölkələrinə aid 94 fərqli kütləvi informasiya vasitəsinin 186 jurnalisti təşrif gətirib.
Bu mötəbər kinofestivalda Azərbaycan Mehriban Ələkbərzadənin "Məhkumlar" filmi ilə təmsil olunur. Xatırladaq ki, ölkəmiz 2005-ci ildən keçirilən "Qızıl minbər" festivalının ilk qalibidir. O zaman rejissor Oqtay Mirqasımovun "Cadugər" filmi festivalın baş mükafatına layiq görülmüşdü.

 

Azərbaycan.- 2008.- 17 oktyabr.- S. 8.