“Mən dərdli komedioqrafam”
Ramiz Əzizbəyli:
“Yaxşı aktyorun arxasında gizlənən rejissor
deyiləm”
Xalq
artisti Ramiz Əzizbəylini təqdim etməyə ehtiyac
yoxdur. Onun adı
da siması kimi Azərbaycanda çox məşhurdur və onun istedadına
hər birimiz bələdik: həm bir çox filmlərdə özünü
müğənni kimi
sınayıb, həm
də saysız-hesabsız obrazlar yaradıb. Eyni zamanda, özünü rejissor kimi sınayan
xalq artisti sayca az da
olsa bir neçə filmə ekran həyatı verib. Kifayət qədər uğurlu hesab olunan filmlər
sırasında elə
"Bəxt üzüyü"nün adını xüsusi qeyd etmək olar. Bu gün də
tamaşaçılar tərəfindən
maraqla izlənilən
film öz aktuallığını hələ
də qoruyub saxlayır.
Rejissorluq
fəaliyyətindən bəhs edən Ramiz Əzizbəyli
özündən razı qaldığını bizə etiraf
etdi: "Çəkdiyim filmlərin sayı az da olsa,
uğurlu olub. Elə ilk
filmim olan "Pirverdinin xoruzu"ndan misal gətirim.
Bu qısametrajlı bədii film Ukraynada beynəlxalq kinofestivalın baş mükafatını qazanıb.
"Bəxt üzüyü"nü və "Yalan"ı da uğurlu film sırasında görürəm. Amma qeyd edim ki,
"Bəxt üzüyü"nün hər bir tamaşaçının
qəlbində xüsusi
yeri var. Neçə illərdir bu film öz
reytinqini itirmir. Gündə on dəfə də verilsə, tamaşaçı
buna baxıb, hər dəfə filmdən yeni misallar öyrənəcək.
Çünki ssenaridə
olduqca zənginlik var. Amma Afaq
Bəşirqızı "Bəxt üzüyü"
filmi barəsində açıqlama verib ki, film ona
görə baxımlı
alınıb. Məgər
o, Nəsibə Zeynalovadan böyük sənətkardır? Hüseyn
Seyidzadə "Qayınana"
filmini aldıra bilmədi, amma mən səhnə variantından qat-qat üstün "Bəxt üzüyü" filmini
çəkdim. Rüstəm
İbrahimbəyov deyir
ki, mən milli film deyiləndə
"Bəxt üzüyü"nü yada salıram.
Bu, mənim üçün fəxrdir".
Aktyor
qeyd etdi ki, adıçəkilən filmdə rol alan 7 aktyorun
heç biri film çəkiləndə o qədər də
peşəkar deyildi: "Heç biri o vaxta qədər
yetərincə tanınmırdı. Amma
görün nələr
danışırlar? Mən
yaxşı aktyorun arxasında gizlənən
rejissor deyiləm".
Sənətə
aktyor kimi gəlsə də, rejissorluq fəaliyyətindən
məmnun olan Ramiz Əzizbəylinin sözlərinə
görə, rejissor daxilən azad insan olmalıdır. Çünki o, daxilində böyük ideyalar daşıyır:
"Amma təəssüflənirəm
ki, bizdə müəyyən məhdudiyyətlərə
görə rejissorun azadlığı yoxdur. Dünyanın məşhur
filmlərinə baxsaq,
görərik ki, onların ssenari müəllifləri də
rejissorun özüdür.
Rejissor filmin müəllifidir. Yerdə
qalanların hamısı
oyunçudur. Rejissor cəmiyyətin qəbul edə biləcəyi materialı çəkməlidir.
Rejissorumuz da var, ssenarimiz də, digər tərəfdən isə nə rejissorumuz var, nə ssenaristimiz..
Ramiz
Əzizbəyli sonuncu dəfə çəkdiyi
"Yalan" filmindən sonra bir çox müəllifin ona
müraciət etdiyini söylədi: "Həmin
müəlliflərin fikrincə, onların əsərini ancaq
mən ekrana gətirə bilərəm. Amma
hələlik Azərbaycanda
o dərəcədə
nüfuz sahibi deyiləm ki, hər il gedib
deyim, mən bunu çəkmək istəyirəm. Mənə
də desinlər ki, get çək.
Bir də ki, mənim illərim gedir. Kim bilir, neçə
il yaşayacam. Ortaya məhsul çıxarmaq istəyirəm.
Mənim içimdə
Azərbaycan həqiqətləri
barədə dərdlər
var. Tutalım, heç dərd yoxdur, amma o
qədər komediyalar
var. Mən əslində komedioqrafam. Amma mən dərdli
komedioqrafam.
Gənclərin
kinoya gəlməsini yüksək qiymətləndirən
sənətkar keçirilən layihələri çox
bəyənir. Lakin o,
həmin filmlərə
baxmadığını söylədi
və əlavə etdi ki, bunun
da səbəbi həmin tədbirlərə,
təqdimatlara dəvət
edilməməsidir: "Mən
istəyirəm ki, Azərbaycan kinosu yüksək səviyyədə
olsun. Ən nüfuzlu kinofestivalların
şərtləri ilə
maraqlanmaq, beynəlxalq
layihələrə qoşulmaq
lazımdır. Mən
komediya janrında işləməyi sevən
adamam və bu mənim böyük
dərd adamı olduğumun göstəricisidir.
60
ilin komediyasını yaratmaq asan deyil. Yəni
bu illəri çoxları yaşayır,
amma izini dünyada qoyub gedə bilmir. Əslində mən mübarizə aparan adam deyiləm. Hər şey öz yoluna qoyulacaq
Üç
nöqtə.- 2008.- 9 oktyabr.- S. 13.