Mükərrəmoğlu M.
Daha
Bakıda “küləklər” əsmir, Muxtar müəllim!
O
xoşbəxt adamlardanam ki, mənə xalqımızın
çox görkəmli mərhum sənət adamları
ilə canlı ünsiyyət nəsib olub. Onların
sırasında Adil İsgəndərov, Hüseyn Seyidzadə,
Həsən Seyidbəyli, Tofiq Quliyev, İmran Qasımov,
Həsən Məmmədov, Şahmar Ələkbərov,
Həsən Turabov, Fazil Salayev və onlarla başqaları var.
İndi onlarla həmsöhbət olduğum günləri
şirin bir xatirə kimi yad edirəm. Və bir də
xalq artisti Muxtar Dadaşovun nurani sifəti həmişə
gözlərim önündən çəkilmir. Onunla
tanışlığımın çox maraqlı bir tarixçəsi
var. “Kino” qəzetində çalışdığım vaxt
Böyük Vətən müharibəsində
qələbənin yubileyi ilə bağlı seriya plakatlar çap
edirdik. Muxtar müəllimin “Bakıda küləklər
əsir” filmindən bir neçə kadrı da həmin plakata
salmışdıq. Gəlib baxdı və dedi ki, bu
kadrları dəyişin. Çox unikal kadrlar
gətirmişdi. Dəyişdik. O vaxtdan bizim redaksiya ilə
dostluq edirdi. Hətta, özü də yazılar gətirirdi. Muxtar müəllim özündən sonra çox
qiymətli əsərlər qoyub getdi.
1913-cü ildə Bakıda dünyaya göz açan Muxtar
Baba oğlu Dadaşov bütün sonrakı ömrünü
də bu şəhərdə yaşayıb yaratdı. Milli
kino sənəti tariximizdə onun adı ilə bağlı
onlarla sənədli və bədii film yaşayır. Bu
filmlərin hər birinin öz yaranma tarixi var. Onlar
Azərbaycanımızın yaxın və uzaq tarixinin
canlı salnaməsidir.
Muxtar
müəllim lap uşaq yaşlarından səhnəyə
gəlib. Hələ 11 yaşında ikən Akademik Dram
Teatrında uşaq rolunda çıxış etmiş, 15
yaşında isə onu “Sevil” filmində Gündüz rolunda
çəkmişdilər. O, kino sənətinə
meyllənmişdi və sonrakı həyatı da elə kino
ilə bağlandı.
1929-cu ildə o, Gənc
Tamaşaçılar Teatrında fəaliyyət
göstərməyə başlayır. Ona kiçik
rollar verir, assistent kimi işlədirdilər. Nəhayət,
kinoya olan maraq onu kinostudiyaya gətirdi. 1931-ci ildən operator
assistenti kimi fəaliyyətə başlayır. Bu vaxtdan
“Köçərilər”, “Lökbatan”, “Neft simfoniyası”
sənədli, “26 Bakı komissarı” bədii filmlərdə
operator assistenti kimi çalışır.
Muxtar Dadaşov professional
operator təhsili almaq istəyirdi. Bunun üçün
1933-cü ildə Moskvaya gedir. Və üç il ərzində operator kimi
təkmilləşir, Moskvada bir sıra filmlərin
çəkilişlərində iştirak edir, hətta
görkəmli rus kinematoqrafçısı M. Vernerin
“Canlı Allah” bədii filmində aktyor M. Ştauxila birgə
baş rolda çəkilir.
O, sənətə çox
böyük arzularla gəlmişdi. İstəyirdi
ki, Azərbaycan kinosunun yaranmasında və
formalaşmasında öz xidmətlərini göstərsin,
qiymətli filmlər çəksin.
Azərbaycan sənədli
kinosu tarixində Muztar Dadaşovun xüsusi xidmətləri
olmuşdur. Yaratdığı filmlər həmişə öz
aktuallığı ilə seçilmiş, dövrün
çox mühüm ictimai-siyasi hadisələri bu
filmlərin əsas mövzsunu təşkil etmişdi. Bu filmlərin çoxunun adından belə
onların mövzuları aydın duyulurdu. “Sovet
Azərbaycanı”, “Bizim Azərbaycan”, “Ana yurdum, Azərbaycan”,
“Sovet Azərbaycanının 50 illiyi”, “Respublika haqqında
həqiqət” və s. filmlərində rejissor doğma
torpağa məhəbbət hisslərini, Azərbaycanın
əsrarəngiz təbiətini, tarixi şəxsiyyətlərimiz
haqqında həqiqətləri ecazkar kinonun dili ilə
tərənnüm edirdi.
1939-cu ildə M. Dadaşov
rejissor-operator kimi “Samur-Dəvəçi kanalı”
kinooçerkini çəkir. O, filmin həm də ssenari
müəllifi idi. Muxtar müəllim xatirələrinin
birində yazır: “Bir gün Samur çayının
sahilində şairlərdən S. Vurğun və R. Rzanı
lentə alarkən S. Vurğun həvəslə
işləyən ləzgi qızını mənə
göstərib dedi: ”Muxtar xan, bu gözəli tez lentə al.
Vallah, belə bir əməksevər gözəli görən
şair olmaya bilməz".
Muxtar müəllim
Azərbaycanın məşhur ziyalıları ilə
həmişə yaxın dostluq edərdi. O, Mirzə İbrahimov,
Süleyman Rəhimov, İmran Qasımov, Ənvər
Məmmədxanlı, Tofiq Quliyev və başqaları ilə
tez-tez görüşər, yaradıcı söhbətlər
aparardı. Xalq rəssamı Mikayıl Abdullayev Muxtar
müəllimə yazırdı: “Sizin gözəl
sənətiniz doğma xalqımız haqqında bütöv
bir epopeyadır”. Doğrudan da, Muxtar Dadaşov
Azərbaycan kinosunun yenicə yaranmağa
başladığı illərdə bu sənətə
gəlmişdi və öz həyatını 90-cı
illərə qədər bütünlüklə kinoya
həsr etmişdi. Demək olar ki, 30-cu illərdən
başlayaraq operator, rejissor kimi Azərbaycan
həqiqətlərini kinomuzun canlı
səhifələrinə çevirmişdi.
Muxtar müəllim deyirdi: “Kino həyatın aynasıdır.
Bu ayna böyük Sabir demişkən: ”düzü-düz,
əyrini-əyri" əks etdirməyə qadir olan
möcüzədir. O, təmiz, ləkəsiz, pak duyğularla
canını sənətə fəda edən istedadlı,
namuslu, bacarıqlı, professional şəxslərin
əlində olmalıdır.
O, kinoya həqiqətən
bütün qəlbi ilə bağlanmışdı, ona
görə də yaratdığı filmlərdə
qəribə bir özünəməxsusluq var idi. 1953-cü ildə lentə aldığı
“Arazın o tayında” filmində qaldırdığı
problem bütöv Azərbaycan ideyasından güc
alırdı. Muxtar müəllim
həmişə bu problem ətrafında
düşünər, filmlərində, kiçik epizodda olsa
belə, bu mövzuya toxunardı.
Operator kimi çəkdiyi filmlərdə
həmişə işıq-kölgə
münasibətləri, dekorasiyaların çox ustalıqla
ekranda canlandırılması onun professionallığından
xəbər verirdi.
Muxtar Dadaşov operator və
rejissor kimi bədii filmlərdə də
çalışmışdır. 1945-ci ildə çəkilmiş “Arşın
mal alan” filmində o operator
köməkçisi olmuşdu. Leyla xanım Bədirbəyli
filmin çəkilişlərini xatırlayaraq deyirdi: “Muxtarla
ilk işim ”Arşın mal alan"
filmində olub. Filmin çəkilişləri
zamanı rejissor Rza Təhmasib tez-tez soruşardı:
“Nəyə görə istəyirsən ki, sənin
planlarını, xüsusilə iri planlarını Muxtar
Dadaşov çəksin?” Bir dəfə
mən bu sirri açdım. Dedim düzdür,
Əlisəttar Atakişiyev təcrübəli operatordur. Ondan fərqli olaraq Muxtar aktyorun daxili aləminə
nüfuz edir. Mənim bu sözlərim
Təhmasibin xoşuna gəldi, sonra daha bu mövzuya
qayıtmadı".
Quruluşçu rejissor kimi
ilk bədii filmi “Qanun naminə” kinoəsəri oldu. Bu filmi
Süleyman Rəhimov “Mehman” povesti əsasında
çəkmişdi. Filmdə
əsərdən fərqli cəhətlər çoxdur.
Amma ideya bütövlükdə
saxlanılmış və çox uğurlu bir film
yaranmışdır. Muxtar Dadaşov
çəkiliş üçün dağ rayonlarından
birini seçmiş, baş rola isə Orta Asiya
respublikalarından aktyor dəvət etmişdi. Filmin digər aktyor ansamblı da maraqlıdır.
Adil İsgəndərov, Mustafa Mərdanov, Rza
Təhmasib, Nəsibə Zeynalova, Əliağa Ağayev,
Nəcibə Məlikova və başqalarının
yaratdığı rollar filmin səviyyəsinə öz
təsirini göstərmişdi.
“Qanun naminə” filmi ekranlara
çıxandan sonra bu povestin müəllifi Süleyman
Rəhimov yazırdı: “Dostum M. Dadaşov ”Mehman"
povestini sənətkarlıqla, məharətlə
ekranlaşdırmış, mənə intəhasız
fərəh bəxş etmişdir". Onu da
əlavə edək ki, film bu gün də ekranlarımızda
tez-tez nümayiş etdirilir.
Muxtar Dadaşovun “Bakıda
küləklər əsir” filmi Böyük Vətən
müharibəsi mövzusunda çəkilmiş çox
dəyərli filmlərimizdəndir. Kinorejissor
müharibə mövzusunda hələ 1943-cü ildə
“Bakı döyüşür” adlı sənədli film
çəkmişdi. Bu filmə müharibənin
gedişi vaxtı S. Vurğunu, Üzeyir bəyi,
kimyaçı alim Y. Məmmədəliyevi, eləcə
də neftçilərdən G. Əliyevi, A. Nematullanı, R.
Rüstəmovu və başqalarını kinolentə daxil
etmişdi. Bu tarixi kadrlar milli kinomuzun nadir
epizodları kimi çox əhəmiyyətlidir. Sonradan
bu filmi daha da genişləndirərək "Bakı-42"
adlı çox gözəl film yaradan rejissor, nəhayət,
1974-cü ildə ”Bakıda küləklər əsir"
bədii filmini yaratdı. Bu filmdə
istedadlı rejissor xalqımızın müharibə
illərində arxa və ön cəbhədə
göstərdiyi hünəri, casusların ifşa
edilməsində qəhrəman çekistlərimizin
ayıq-sayıqlığını, onların çox
cəsarətli əməliyyatları nəticəsində
Bakının neft mədənlərinin
partladılmasının qarşısının
alınmasını ustalıqla əks etdirmişdi. Filmdə çox gərgin, maraqlı kadrlar var.
Müharibənin ağrılarını yaşamış bir
rejissor kimi bu mövzuda film yaratmaq əslində onun
üçün o qədər də çətin deyildi.
Muxtar müəllim bu hadisələri
yaşamışdı və Bakıya çan atan alman
qoşunlarının taleyinin də şahidi olmuşdu.
Muxtar Dadaşov operator kimi
də bədii filmlərdə işləmişdi. “Rəqs edən
tısbağalar”, “Kəndilər”, “Yeni horizont”, “Vətən
oğlu”, “Sualtı qayıq T-9" filmləri məhz onun
operator kamerası vasitəsilə həyata vəsiqə
almışdır.
Muxtar müəllim
tədqiqatçı rejissor idi. Çəkdiyi tarixi
filmlər üçün zəngin material toplayır,
alimlərlə məsləhətləşir, sonra onları
lentə alırdı. Elə “Nəriman
Nərimanov” filminin çəkilişi zamanı da belə
olmuşdu. N. Nərimanovun Genuya
konfransındakı çıxışını əks
etdirən kadrları Moskva arxivlərinin birindən tapıb,
filmə gətirmişdi.
Muxtar Dadaşov
ömrünün son illərinə qədər böyük
həvəslə filmlər çəkir, filmlərdə
məsləhətçi kimi iştirak edirdi. O, öz
məktəbini yaratmışdı.
Neçə-neçə operator və rejissorlar onun
məktəbindən “dərs” alıb böyük kinoya
qədəm basmışlar. Bu böyük sənətkar
Azərbaycan Kinematoqrafçılar İttifaqının
bütün tədbirlərində iştirak edir, milli kinomuzun
problemlərinin həlli yollarını göstərirdi. O,
həmişə Rusiyanın məşhur kino xadimləri
ilə əlaqə saxlayırdı. Romen Karmen, Esfir Şub,
Qriqori Aleksandrov, Nikolay Renkov və başqaları tez-tez Muxtar
müəllimi yad edir, onun filmlərinə
münasibətlərini məktub və teleqramla
bildirirdilər.
Muxtar Dadaşovun yaradıcılığı
Azərbaycan kinosunun 50 ildən artıq bir dövrünü
əhatə edir. Onun əsərləri dünyanın
bir sıra ölkələrində göstərilmiş,
böyük maraqla qarşılanmışdır. Rejissorun
gərgin, yaradıcı əməyi dövlətimiz
tərəfindən yüksək qiymətləndirilmiş, o,
“Xalq artisti” fəxri adına, “Şöhrət” ordeninə
layiq görülmüşdür. Muxtar müəllim, həm
də Dövlət mükafatı laureatıdır.
Bu böyük
sənətkarın yaradıcı irsi Azərbaycan kino
tarixinin, bütövlükdə milli mədəniyyətimizin
çox qiymətli səhifələrini təşkil edir. Bu
irsin tədqiqi və öyrənilməsi olduqca zəruridir.
Xalq qəzeti.- 2008.- 10
oktyabr.- S. 6.