Mükərrəmoğlu M.

 

Günaydın, mələyim”

 

Xalq artisti, kinorejissor Oqtay Mirqasımovla müsahibələrimin birində ona belə bir sualla müraciət etmişdim: “Sən xoşbəxtsənmi?” Doğrusu, o vaxt onun cavabından o qədər də razı qalmamışdım. “Sənətkar da xoşbəxt olarmı” cavabını vermişdi. Amma bu günlərdə onun yeni filmi — “Günaydın, mələyim”in “Azərbaycan” kinoteatrında ilk nümayişindən sonra tamaşaçı alqışları altında səhnədə dayanmış rejissoru xoşbəxt gördüm. Məncə, sənətkarın bundan xoşbəxt günü ola bilməz. Son dəfə “Ovsunçu” filmini çəkmişdi. Ümumiyyətlə, Oqtay Mirqasımov məhsuldar işləyən rejissordur və yeni film ilə o milli kinomuza müharibə mövzusunda daha bir yenilik gətirdi. Bu yenilik mövzuya yanaşmada, onun uğurlu dramaturgiyasının tapılmasında idi.

Oqtay Mirqasımovun “Günaydın, mələyim” filmində müharibə mövzusuna həqiqətən yeni yanaşma var. Əslində bu filmdə müharibə arxa plandadır. Doğrudur, filmdə tamaşaçı qırıcı təyyarələrin səsini eşidir. Amma sonra körpə beşiyi ekranda canlanır və buradan gələn səslə bahəm səni yenidən müharibənin doğurduğu acı kədər hissləri bürüyür. Çünki bu körpənin atası müharibəyə gedib, hətta kəbin kəsdirməyə vaxt belə tapmayıb. İndi bu körpə atasızdır, qanuni doğum sənədi belə yoxdur.

Biz müharibənin kimsəsiz qoyduğu uşaqların taleyi ilə ekranda çox qarşılaşmışıq. Burada isə vəziyyət tamam başqadır. Bu filmdə ədalət axtarışı var. Mədinənin öz körpəsi ilə düşdüyü şərait daha acınacaqlıdır. Bu müharibənin törətdiyi adi fəlakətlərdən yalnız biridir. Amma çox ibrətamizdir. Filmin personajlarından biri “Ədalət yoxdur, şəxsən mən onu görməmişəm” – deyir. Oqtay Mirqasımovun filmində dinə münasibətdə də yeni baxış var. O bizim adət etdiyimiz münasibət deyil. Onun personajı olan din xadimi başqa ampluadadır. Xeyirxahdır, insanların qayğısına qalır, onların dərdinə şərik olmağa çalışır. Oqtay Mirqasımov qəhrəmanını çox sınaqlardan keçirir. Onu ehtiyac içərisində yaşadır. Ancaq bu qadın – Mədinə hər əzaba dözür. Çünki atasız qalmış körpəsinin taleyi ondan, onun əzmkarlığından çox asılıdır. Mədinə doğru yol tutur. O, namusla qeyrətlə həyatını keçirmək istəyir. Bilir ki, uşaq böyüdür. Nə qədər əzablı olsa da, namusla yaşamaq daha şərəflidir. Aktrisa Ayan Mirqasımova yenə də Mədinə rolundadır. O, “Ovsunçu”da da Mədinəni oynayırdı. Amma “Günaydın, mələyim”in Mədinəsi daha uğurludur. Onun ifa tərzi, aktyor plastikası, sadə görkəmi Mədinəni bizə daha çox sevdirir.

Filmin ssenarisini də rejissor özü yazmışdır. Rollara Bəsti Cəfərova, Fuad Poladov, Telman Adıgözəlov, Şamil Süleymanov, Bəxtiyar Xanızadə, Cəfər Namiq Kamal, Qurban İsmayılov və başqaları çəkilmişlər.

Quruluşçu operatoru Rafiq Əliyev, bəstəkarı Elmar Fel olan bu film tezliklə ekranlara çıxacaq.,

 

Xalq qəzeti.- 2008.- 12 oktyabr.- S. 8.