Mürvətqızı S.

 

“Heç özüm də bilmirəm ki, o əv­vəl­ki nadinc, davakar qız necə oldu...”

 

Xanəndə Fərqanə Qasımova: "Dəqiq bilsəm ki, muğam oxuduğuma görə cəhənnəmə gedəcəyəm, bu sənətdən əl çəkərəm"

 

- Atamgil uzun müddət Güzdək qəsəbəsində yaşayıblar. Mən isə Bakıda anadan olmuşam. Ancaq indiyədək də Güzdəyi doğma məkanımız hesab edirəm. Bütün yayı orada istirahət edirik. Uşaqlığım, demək olar ki, Güzdəkdə keçib. Mənim musiqiçi ailəsində doğulmağım mənim gələcək sənət yolumu seçməyə yardımçı olub. Hələ erkən uşaqlığımdan atam mənə qəzəllərdən kiçik hissələr əzbərlədərdi, muğam parçaları oxudardı, dəf çalmağı məşq elətdirərdi. Uşaqlıq illərim musiqi ilə sıx bağlıdır. Bu illər həm də şən əyləncələrlə yadımda qalıb. Ancaq nə qədər şıltaqlılar eləsək də, bunun bir sərhədi olub. Anam bizə qarşı çox tələbkar olub, artıq-əskik hərəkət etməyə çəkinmişik. İcazəsizlik, böyüksüzlük bizə yad olub. Daha çox qardaşımla oynayardım, çünki bacım məndən 5 yaş kiçikdi, amma qardaşımla demək olar ki, həmyaşıq, aramızda iki yaş fərq var. Qardaşımla həmişə evcik-evcik oynayardıq. Necə oynamağımız, özümüz üçün ev tikməyimiz, bir-birimizə maraqlı suallar verməyimiz yadımdadır. Həyətimizdə arı yaman çox olardı, həmişə də məni arı sancardı. İndiyəcən azından 20 dəfə arıların "hücumuna" məruz qalmışam. Bir dəfə qardaşımla həyətdə oynayırdıq, arılar ətrafımızda vızıldaşırdı, mən də qardaşıma dedim ki, arı gələndə boynunu yana əy, arı sənə toxunmayacaq. Elə bunu deyib boynumu təzəcə yana əymişdim ki, arı rahatlıqla açıq boynumdan sancdı. İndiyədək qardaşımla bu əhvalatı xatırlayıb gülürük. Yadımdadır, bir dəfə qardaşıma sual verdim ki, sənin pulun çox olsa neyləyərsən? Dedi ki, qohumlarıma xərcləyərəm. Eyni sualı qardaşım mənə verdikdə cavab verdim ki, mənim çoxlu pulum olsa, kasıblara paylayaram. Güzdəkdə orta məktəbdə oxuduğum vaxt o qədər dəcəl idim ki, sinfimiz, məktəb əlimdən zara gəlmişdi. Sinfin "şef"iydim, qızlar bir yana, oğlanlarla da dava edirdim, savaşırdım. Sözün əsl mənasında çatana çatırdım, çatmayana bir daş atırdım. Məktəbdə bir-iki fağır oğlan vardı, onları döymüşdüm, köynəklərinin düyməsinin qoparmışdım. Mərhum nənəmin, anamın üstünə şikayətə gələrdilər. Özüm də indi fikirləşirəm ki, necə ola bilər, mən uşaqları belə incitmişəm, bu qədər şuluqluq etmişəm. İndi bunlar mənə çox-çox uzaq hisslərdir. 7-ci sinfə Bakıda getdim. Bununla da mənim bütün dəcəlliklərimə, nadincliyimə son qoyuldu. Yəqin dəyişən mühit, yaşımın bir qədər artmağı məni dəyişdirdi. Etiraf edim ki, şəhər uşaqları da yaman idilər (gülür). Deyəsən, daş qayaya rast gəlmişdi, ona görə bütün şuluqluğum elə bil Güzdəkdə qaldı. Mən şəhərdə o qədər başıaşağı qız oldum ki, müəllimlərim məni digər sinif yoldaşlarıma nümunə göstərməyə başladılar. Xarakterim çox dəyişdi, ağırtəbiətli, sakit oldum. Bu müvəqqəti xarakter daşımadı, indiyədək o xasiyyət mənim yol yoldaşımdı. Heç özüm də bilmirəm, o əvvəlki nadinc, davakar qız necə oldu... Hərdən fikirləşirəm ki, mənim xarakterim dəyişməsəydi, bəlkə də bu mənim oxu tərzimə də təsir edərdi.    
   - Orta təhsilimi 6-cı sinfədək Güzdəkdə almışam. Sonra ailəvi şəhərə köçdük, orta təhsilimi Bakıda davam etdirdim, həm də 2 nömrəli musiqi məktəbinin piano sinfində oxudum. Hələ 7 yaşım olanda atam məni Bülbül adına musiqi məktəbinə imtahan vermək üçün gətirdi. Ancaq hamının arxayınlığına baxmayaraq məni həmin musiqi məktəbinə qəbul etmədilər. Belə demək mümkünsə, ilk "zərbə"ni onda aldım. Çünki, açığı, uğursuzluq gözləmirdim. Suyum süzülə-süzülə məni gözləyən valideynlərimin yanına gəlib dedim ki, nə sual verdilərsə, cavab verdim, amma qəbul etmədilər. Anam çox əsəbiləşdi ki, bu haqsızlıqdır. Amma neyləmək olardı?

Orta məktəbdə humanitar fənləri daha çox sevirdim, dərslərimə yaxşı hazırlaşırdım. Məktəbi bitirdikdən sonra Milli Konservatoriyada Alim Qasımovun muğam sinfinə daxil oldum. Konservatoriyada pedaqoji təlim, nəzəriyyə, rus dili və ən əsası solfecionu öyrəndim. Bakıda yaşamağa başladığım ilk vaxtlardan valideynlərim mənə ingilis dili müəllimi tutdular. Müəyyən qədər bu dili bilməyim qastrollarda köməyimə gəlir. Fikrim var ki, gələcəkdə bu dili daha mükəmməl öyrənim. İndi Konservatoriyanın aspirantıyam, həm də Asəf Zeynallı adına musiqi kollecində müəlliməyəm.
       - Alim Qasımov mənim həyatımda çox önəmli yerdə dayanır. Həm ata, həm dost, həm də sənətkar kimi idealımdır. O mənə ilk avazı, ilk dəfə dəf çalmağı öyrədən müəllim olmaqla bərabər, həm də insan kimi mükəmməldir. Çox təvazökardır. Mən də ondan nümunə götürməyə çalışıram. Gözümü açandan həm atamın dinlədiyi muğamlara qulaq asmışam, həm də onun ifasına heyran kəsilmişəm. Bununla da mənim muğama böyük eşqim yaranıb. Bütün muğam korifeylərinə sevə-sevə qulaq asıram. Adlarını bir-bir çəkmək istmirəm, ancaq mən onların hər birini dinləməkdən böyük zövq alıram. Atamı özümə ustad bilirəm. Ancaq digər muğam ifaçılarının hamısından bəhrələnmək, nə isə götürmək vacibdir.     
   - Məncə, sənətçi xanımla ailə quran şəxs həm özünün, həm də bizim sənətin məsuliyyətini dərk etməlidir. Bilməlidir ki, sevdiyi insanı sevimli məşğuliyyətindən, sənətindən ayırmaq olmaz. Mənim ailəmdə sənətimlə bağlı problem olmayıb. Ailə ilə sənəti uzlaşdırmağa çalışıram. Elə bilirəm ki, alınır. Həyat yoldaşım sənətimə hörmətlə yanaşır. Düzdür, qastrollarda çox oluram, Alim müəllimlə birlikdə bəzən günlərlə evdə olmuram. Amma həyat yoldaşım bunu anlayışlı qarşılayır. Etiraf edim ki, ana kimi sənətlə məşğul olmaq xüsusilə çətindir. Çünki uşaqları böyüdüb tərbiyə etmək özü də müqəddəs sənətdir. Böyük qızım Fatimənin 7 yaşı var. Üçəm əkiz övladlarım Qəhhar, Mövlanə və Həlimə artıq 5 yaşındadırlar. Vaxtımın çox hissəsini uşaqlarıma həsr edirəm. Hələlik planlaşdırdığım yaradıcılıq işlərimin, demək olar ki, heç birini görməmişəm, bəlkə heç sənətin astanasından da irəli keçməmişəm. Mənim fikrimcə, yaxşı insan olmayan qadın yaxşı ana, yaxşı ana olmayan qadın da yaxşı sənətkar ola bilməz. Analıq hissi hər şeydən irəlidir. Belə fikirləşirəm ki, inşallah, onlar böyüyəndə məndən bir ana kimi razı qalarlar. Düzdür, hər insanın yolunu Allah müəyyənləşdirir, amma valideynin borcudur ki, onları ərsəyə gətirsin, Allahın necə tale yazacağına baxmayaraq, onlara doğru-düzgün tərbiyə versin. Valideyn heç nəyə baxmadan, öz işini layiqincə görməyi bacarmalıdır. İnanıram ki, övladlarım gələcəkdə onlara çəkilən əməyi qiymətləndirib yaxşı, xeyirxah insan olacaqlar.    
   - Atamla ikimizin birgə ifamız onun layihəsidir. 1996-cı ildən bu layihədə iştirak edirəm. Onda 17 yaşım vardı. Düzünü desəm, ilk vaxtlar bunun məsuliyyətini dərk etmirdim, məndə o zaman sadəcə olaraq qorxu hissi vardı ki, səhnədə necə olacaq? Ancaq illər keçdikcə məndə məsuliyyət hissi gücləndi. İndi həm ustadın əlçatmazlığını dərk edirəm, həm də bu sənətin nə qədər böyük, özümün də bu sənətin içində nə qədər kiçik olduğumu başa düşürəm. Məndə atama bu qədər güclü bağlılıq onun yaxşıların yaxşısı olmasından irəli gəlir. Alim müəllim nə qədər böyüyürsə, bir o qədər qürurunun, nəfsinin, təkəbbürünün qarşısında kiçilir. Hərdən mənə elə gəlir ki, o böyüdükcə yox ola bilər. O qədər təvazökardır ki, öz böyüklüyündən utanır. Ağac bar verdikcə başını aşağı saldığı kimi o da sənətində ucaldıqca bir o qədər sadələşir. Çox xeyirxahdır, bacardıqca hamıya kömək etməyə çalışır. Mən də çalışıram ki, onlara oxşayım.    
    - Hobbim musiqi dinləməkdir. Əlbəttə, buraya daha çox muğam aiddir. Televizor qarşısında, demək olar ki, vaxt keçirmirəm. Fikirləşirəm ki, ona sərf etdiyim vaxtda daha faydalı işlər görə bilərəm. Gündə bir muğam oxumalıyam, nəfəsi, səsi cilalayan nəfəs məşqləri, mütaliə etməliyəm. İnsan mürəkkəb varlıqdır. Tam qüsursuz adam ola bilməz, nöqsansızlıq bircə Allaha məxsusdur. Ancaq insanın əsas işi həyatı boyunca nəfsi ilə mübarizə aparıb kamilləşməkdən, nəfsini cilovlamaqdan ibarət olmalıdır. Həmişə çalışıram ki, buna riayət edim. Artıq nəticəsini də görürəm, hiss edirəm ki, məndə dünya malına həvəs qalmır. Bütün qadınlarda olduğu kimi geyimə, bər-bəzəyə həvəsim yoxdur. Bilirəm ki, get-gedə maddiyyat mənim üçün daha da maraqsızlaşacaq. Fikir vermisinizsə, atamla muğam ifa edəndə adətən gözümüzü yumuruq. Bununla da maddi dünyaya gözümüz qapanır, bəsirət gözümüz açılır. Oxuyan zaman atama eşq, ilham haradan gəlirsə, mənə də həmin istiqamətdən vəcd gəlir. Biz muğam ifa edəndə bizim dünyalarımız qovuşur. Mənim üçün ən önəmlisi atamın razılığıdır. O aləmə qapılaraq oxuyuram, həmin vaxt yalnız Allahdan kömək istəyirəm. Mənə Tanrı tərəfindən eşq gəlməsə, nə qədər texniki baxımdan düz oxusam da ürəyimə yatmır. Belə olmasa özüm-özümdən razı qalmıram. Hərdən atama deyirəm ki, sənin kimi oxumaq istəyirəm. Amma Alim müəllim deyir ki, sənin öz üslubun, öz tərzin var, belə daha yaxşıdır. Əlhəmdülillah, demək olar ki, atamla bərabər dünyanın yarısını gəzmişəm. Bu ölkələrdə muğama olan heyranlıq mənə çox təsir edib. Dili başa düşmürlər, ancaq musiqinin eşqini çox yaxşı dərk edirlər. 2003-cü ildə səfərlərinin birində konsertdən sonra bir əcnəbi qadın atama yaxınlaşaraq nə isə danışmağa başlayıb. Atam xarici dil bilmədiyi üçün onu başa düşməyib. Onda qadın bir rəsm çəkib atama bağışlayıb. Rəsmdə ulduzlar və günəş təsvir olunub. Yerdən o ulduzlara , günəşə doğru ox işarələri çəkilib. Yəni qadın bildirmək istəyib ki, sən oxumaqla məni göylərə, bilmədiyimiz dünyalara apardın. Bu maraqlı əhvalat heç yadımdan çıxmır.   
   - Özümü dərk edəndən namaz qılıb, oruc tuturam. Ola bilər ki, mənim xanəndəlik etməyim hansısa möminin xoşuna gəlir, kimlərinsə xoşuna gəlmir. Amma mən başımı bağlayıb dinlə daha mütəmadi məşğul olduqdan sonra dəfələrlə ağsaqqalların təqdiri ilə qarşılaşdım. Onlar razılıq etdilər ki, belə bir addım muğamın daha da sanballı səslənməsinə, daha da sevilməsinə, daha da gözəlləşməsinə səbəb olur. Mən Allahı sevərək, əsl həqiqəti dərk edərək başımı bağlamışam. Qadının Allah yolunda başını örtməsi nəfsiylə apardığı cihaddır. Ancaq mən yüz faiz dəqiq bilsəm ki, muğam oxuduğuma görə cəhənnəmə gedəcəyəm, bu sənətdən əl çəkərəm. Hər namazımda Allaha dualar edirəm ki, yolları, atdığım addımları halala yönəltsin, haramdan məni agah eləsin.
   

525-ci qəzet.- 2008.- 28 oktyabr.- S. 19.