Təranə

 

“Gənc animatorlar olmasa, animasiya filmləri çəkilməyəcək”

 

Azərbaycanda animasiya filmlərinin yaranması ötən əsrin 30-cu illərinin əvvəllərinə təsadüf edir. Hələ 1933-cü ildə Bakı kinofabrikində "Lökbatan" və "Neft simfoniyası" sənədli filmlərini çəkərkən texniki animasiyadan istifadə etmişdilər. "Çat" təlimat filmində isə animasiyadan bütünlüklə istifadə olunub və film 1938-ci ilə qədər ümumittifaq ekranlarında nümayiş etdirilib. Məhz bu film ekranlara çıxandan sonra kinostudiyada bir qrup təşəbbüskar ilk dəfə bədii animasiya filmi yaratmağı qərara alır. 1935-ci ildə "Əhmədin bəlası" adlı ilk bədii animasiya filmi çəkilir.

   Bu il artıq ölkəmizdə animasiya filmlərinin çəkilişinin 75 illiyi, gələn il isə yenidən bərpasının 40 illiyi qeyd olunacaq. Studiyanın direktoru və bədii rəhbəri Elçin Hami Axundov bu gün milli kinematoqraf sahəsindəki irəliləyişlərin "Azanfilm" studiyasında da hiss olunduğunu deyir:

  - Hazırda kino sahəsində bir canlanma yaranıb. Təbii ki, bu canlanma bizim studiyada da hiss olunur. Əbülfəs Qarayev nazir təyin olunandan sonra "Azanfilm"ə maddi qayğı daha da çoxalıb. Əgər əvvəllər ildə bir film çəkirdiksə, indi artıq ikisini çəkirik. Gələcəkdə, yəqin ki, filmlərin sayı daha da çox olacaq. Ancaq filmlərin az çəkilməsi təkcə Mədəniyyət və Turizm Nazirliyindən asılı olan problem deyil. Daha çox kadr çatışmazlığı ilə bağlıdır. Bu sahə üzrə mütəxəssislər çox olsa, nəinki 2, hətta 4-5 film çəkərik. Kinematoqrafa məsul şəxslər başa düşürlər ki, uşaqların tərbiyəsində animasiya filmlərinin çox böyük rolu var. Ancaq kadr az olduğu üçün bundan artıq film çəkə bilmirik. Mədəniyyət və Turizm Nazirliyinə təqdim etdiyimiz layihə əsasında yeni kurslar açılmalı, bura cəlb olunan gənc rəssamlarla tammetrajlı filmlər çəkilməlidir. Mədəniyyət və Turizm Nazirliyi də öz növbəsində layihələr paketini Nazirlər Kabinetinə təqdim edib. İndi hər şey Nazirlər Kabinetinin çıxaracağı qərardan asılıdır.

- Təqdim etdiyiniz layihə yalnız kadr çatışmazlığının həlli ilə bağlıdır?

- Kadr çatışmazlığı da daxil olmaqla "Azanfilm" studiyasının gələcək fəaliyyəti ilə bağlı layihədir. Məlumdur ki, 90-cı illər durğunluq dövrü oldu. Demək olar ki, maliyyələşmə yox idi. Xüsusən 1995-ci ildən sonra maliyyələşdirmə tamamilə dayanmışdı. Ona görə də kadrların hamısı studiyadan uzaqlaşdı. Onlar özlərinə iş axtarmağa məcbur idilər. Bizim animatorlar, demək olar ki, dünyaya səpələndilər. İndi onlardan "Disney" studiyasında, İsrail, Rusiya, Polşa, Türkiyə və s. ölkələrdə işləyənlər var. Animator hər bir studiyaya lazımlı sənətdir.

 - Bu gün "Azanfilm" studiyasında çalışan animatorların hamısı yalnız köhnə nəslin nümayəndələridir, yoxsa gənclər də var?

 - Demək olar ki, hamısı köhnə nəslin nümayəndələridir. Əksəriyyəti mənim yaşıdlarımdır. İndi cavan kadrlar lazımdır. Gənc animatorlar olmasa, hesab edin ki, animasiya filmləri çəkilməyəcək. Bizdə məktəb var, yeni kadrlar yetişməlidir.

- Arzuladığınız səviyyədə film ortaya çıxarmaq üçün lazımi avadanlıqlarınız varmı?

- 2001-ci ildən biz də artıq kompyuter üsulu ilə işləyirik. Artıq bütün dünya bu üsulla işləyir. Bu cür filmlər xaricdə xüsusən inkişaf edib. Onun üçün çoxlu müasir avadanlıq lazımdır. Bizdə hələ ki, elə avadanlıq yoxdur.

- Necə oldu ki, "Azanfilm" markası altında fəaliyyətə başladınız?

- 80-ci illərin sonlarında ölkədə gedən ictimai-siyasi proseslər, bunların bütün sahələrə, o cümlədən yaradıcı təşkilatlara təsiri, "Azərbaycanfilm"in yeni iş üsuluna keçməsi ilə əlaqədar yollar axtarması kinostudiya nəzdindəki birlik və şöbələrin müstəqil fəaliyyətə keçməsinə təkan verdi. Biz onda "Azərbaycanfilm" kinostudiyasının nəzdində multsex kimi fəaliyyət göstərirdik. Bu fəaliyyətimiz 1992-ci ilə qədər davam etdi. 1993-cü ildə "Azərbaycanfilm" 7 studiyaya bölündü. Sonra bunlardan 6-sı qaldı və onlardan biri də "Azanfilm" studiyası oldu. Biz hazırda müstəqil studiya kimi fəaliyyət göstəririk.

- Animasiya filmlərinin cizgi filmləri adlandırılması nə qədər doğrudur?

- Cizgi filmi anlayışı düzgün deyil. Sovet dövründə bu filmlər multiplikasiya (çoxaltma) filmləri adlanırdı. Bu da düzgün anlayış deyil. Cizgi anlayışı müəyyən konturların cızılmasıdır. Animasiya - canlandırma deməkdir. Hər hansı bir əşyanı, şəkli canlandırmaq.

 - Hər bir rəssam animator işləyə bilərmi?

- Hər rəssam animator ola bilməz. Burada seçim çox ciddidir. Bu sənətin öz spesifikası, texnologiyası var. Animasiyanın spesifikasını öyrənmək üçün rəssamlar ən azı yarım il müəyyən kurslar keçməlidirlər. Yaxşı şəkil çəkməklə iş bitmir. Bu, zərgərlik tələb edən sənətdir.

Animator rəssam həm də aktyor olmalıdır. Heç bir institutda animator yetişdirən fakültə yoxdur. Əvvəllər hər bir studiya nəzdində açdığı kurslara cavan kadrları cəlb etməklə animator yetişdirirdi. Seçim çox ciddi olurdu. 30 nəfərdən yalnız 1-2 animator çıxırdı.

1950-ci illərdə mərhum Bəhman Əliyev, Ağanağı Axundov və Nazim Məmmədov "Soyuzmultfilm" studiyasında ikiillik ali animasiya kurslarını bitirib Bakıya qayıtdılar və burada həmin kursların təkrarını yaratdılar. 1966-cı ildə mən də həmin kursa daxil oldum. Kursu bitirəndən sonra 1968-ci ildə "Cırtdan" adlı xalq nağılının əsasında eyniadlı film çəkdik. Film 1969-cu ildə ekranlara buraxıldı və uzun müddət ekranlardan düşmədi.

Animator rəssam ilk növbədə yaxşı şəkil çəkən aktyordur. Bəzən rəssamlar yaxşı şəkil çəkə bilirlər, ancaq aktyorluq qabiliyyətləri çatışmır. Bunun üçünsə mütləq rəssamda aktyorluq qabiliyyəti olmalıdır ki, həmin şəkil vasitəsilə öz hissiyyatını göstərə bilsin.

- Bəs onda animator-rejissor kimdir?

- Animasiya rejissorunun bədii film rejissorundan çox böyük fərqi var. Bu, animasiyanın spesifikası ilə bağlıdır. Animasiya lakonikliyi sevir. Burada daha çox hissiyyat tələb olunur. Təbii ki, bu hissiyyat 1-2 gün ərzində formalaşmır. Bu baxımdan, animator kurslarının 2 illik olması təsadüfi deyil. Bu illər ərzində rəssamlar hərəkətin spesifikasını, mexanikasını, biomexanikasını, deformasiya qanunlarını, aktyor sənətini, pontamim və musiqi dərslərini keçirlər.

  - Animator-rejissor bədii film çəkə bilərmi?

- Əlbəttə, çəkə bilər. Hollivudun "Metro-Qoldvin-Mayer", "Uorder Brazers" və s. studiyaları artıq animasiya filmləri çəkməyə başlayıblar. Onlar bədii filmdən animasiyaya keçiblər və tammetrajlı filmlər çəkirlər. Biz də tammetrajlı filmlər çəkəndən sonra artıq Avropa və dünya bazarına çıxa bilərik. Hələlik isə ölkə daxili üçün 5-10 dəqiqəlik filmlər çəkirik.

 - 90-cı illərdə sizin studiyada əsasən siyasiləşmiş filmlər çəkilirdi. Bu filmlər uşaqlar üçün nə qədər başadüşülən idi?

   - Daha çox yeniyetmələr üçün nəzərdə tutulurdu, amma uşaqlar da baxırdı. 1989-cu ildə çəkdiyim "Güzgü" filmi Moskvada göstərilərkən böyük səs-küyə səbəb olmuşdu. Həmin filmi Qarabağ hadisələrinin təsiri altında çəkmişdim. Təəssüflər olsun ki, bizim televiziyada filmlərə naşı baxdılar. Az.TV-də dedilər ki, biz ermənilərlə barışığa gedirik, bu filmi göstərə bilmərik. Sonrakı illərdə "Söhbətül-əsmar", "Gəmi səyahəti", "Cavanşir" və s. filmləri çəkdim. Sonra başa düşdüm ki, siyasətlə gərək siyasətçilər məşğul olsun. Onda biz kiçik yaşlı uşaqları yaddan çıxarmışdıq. Belə qənaətə gəldim ki, yalnız uşaqlar üçün filmlər çəkmək lazımdır. 2003-cü ildən başlayaraq sırf kiçikyaşlı uşaqlar üçün çəkirik.

   - Bu gün kino sahəsində ssenarist qıtlığı yaşanır. Yəqin ki, ssenari problemindən yaxa qurtarmaq üçün daha çox klassik ədəbiyyata müraciət edirsiniz?

   - Bu gün ssenarist bütün kinematoqrafın problemidir. Uşaqlar üçün çox nadir hallarda animasiya ssenariləri yazılır. Bunun üçün spesifik ssenari olmalıdır. Bizdə ədəbiyyat, ümumiyyətlə, 19-cu əsrin ədəbiyyatıdır. Müasir ədəbiyyat çox azdır.
   Animasiyanın dili alleqoriyadır. Təmsillər, bayatılar, nağıllar animasiyanın əsas mövzusunu təşkil edir. Sovet dövründə ssenarini alır və bizi fakt qarşısında qoyurdular ki, film çəkilməlidir. Biz də çəkirdik. 50-ci illərin uşaqları ilə bugünkü uşaqları müqayisə etmək olmaz. Ona görə də nağıllarımızı müasirləşdirmək lazımdır.

   - Festivallara dəvət alırsınızmı?

   - 2003-cü ildə Qahirədə uşaq filmləri kinofestivalı keçirilirdi. Mən "Söhbətül -əsmar" filmini həmin festivala göndərdim. Festivalın təşkilat komitəsinin qərarı ilə münsiflər heyətinə üzv seçildim və festivalın qaydasına görə, filmim müsabiqədə iştirak edə bilməzdi.
   Sonra "Qızıl" filmimi Kazanda keçirilən festivala aparmışdım. Ümumiyyətlə, studiyada çəkilən bir çox filmlər müxtəlif festivalların mükafat və diplomuna layiq görülüb və baxımlı ekran əsərləri kimi tamaşaçı məhəbbəti qazanıb.

   - "Azanfilm" markası altında konkret olaraq nə qədər film çəkilib?

   - "Azanfilm" markası altında 20-yə yaxın film çəkilib. 1968-ci ildən bu günə qədər isə Azərbaycanda 100-dən artıq film yaranıb. Bu il iki film çəkməliyik. Firəngiz Qurbanova xalq nağılları əsasında 7 dəqiqəlik "Ayının yuxusu" filmini çəkib qurtardı. Gələn ilin yanvarında isə "Cəsur təyyarə" filmini təhvil verəcəyik. Hazırda filmin üzərində iş gedir.

   - Deyirlər ki, insan sevdiyi işlə məşğul olanda özünü xoşbəxt hiss edir. Siz də, demək olar ki, ömrünüzün çoxunu bu sənətə həsr eləmisiniz.

   - 1966-cı ildən bu sənətdəyəm. Bu mənim işimdir. Bəzən mənə deyirlər ki, animasiya çox çətin sənətdir. Əgər öz işini mükəmməl bilirsənsə, heç bir çətinlik yoxdur. Mən özümü bu işdən kənar hesab eləmirəm. İnsan ürəyi istədiyi sahədə çalışanda özünü rahat hiss edir.

 

Mövqe.- 2008.-  4-6 oktyabr.- S. 13.