Mükərrəmoğlu M.

 

Parisdə işçi qrupunun növbəti iclası keçirildi

 

Bu günlərdə Paris şəhərində 2008-ci il 2-3 dekabr tarixində Bakıda keçiriləcək Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransının təşkil olunması və konfransda qəbul olunacaq yekun sənədlərin müzakirə edilməsi məqsədilə Avropa Şurası–Azərbaycan İşçi qrupunun növbəti iclası keçirilmişdir.

İclasda Avropa Şurasının mədəniyyət, mədəni və təbii irs üzrə direktoru Robert Palmerin rəhbərliyi ilə nümayəndə heyəti, Avropa Şurasının mədəniyyət üzrə Rəhbər Komitəsinin bürosunun üzvləri, həmçinin işçi qrupun üzvləri kimi Azərbaycan tərəfindən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva və nazirliyin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun məsləhətçisi Vasif Eyvazzadə iştirak etmişlər. İclasın belə bir səviyyədə keçirilməsindəkatibliyinin məqsədi Bakı konfransında qəbul olunacaq sənədlərə siyasi dəstək nümayiş etdirmək idi. İclas zamanı müzakirə olunan əsas məsələlərdən biri Azərbaycan tərəfindən irəli sürülən Avropa ilə qonşu regionlar arasında mədəniyyət körpüsü yaratmaq müxtəlif sivilizasiyalar arasında mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsini nəzərdə tutanBakı Prosesinin uğurla həyata keçirilməsinin perspektivləridir. Belə ki, əsas məqsəd konfrans nəticəsində qəbul olunacaq sənədlərdə bu prosesin hansı formada əksini tapmasından ibarətdir.

Qeyd etmək istərdik ki, artıq Avropa Şurasının əksər üzv dövlətləri və İSESKO-nun bir sıra üzv dövlətlərinin mədəniyyət nazirləri, Avropa Şurasının baş katibi, İSESKO, ALEKSO, İRSİKA, TÜRKSOY təşkilatlarının baş direktorları həmçinin bir sıra ölkələrin nazir müavinləri və nümayəndələri sözügedən konfransda iştirak edəcəklərini təsdiqləmişlər.

Xalq qəzeti.- 2008.- 28 oktyabr.- S. 6.