Bakıxanov T.
Mədəni
əlaqələri heç kəs poza bilməz
Azərbaycan muğam
ifaçılığında öz sözünü
demiş və bu sahənin inkişafında böyük
xidmətləri olmuş Əhmədxan Bakıxanovun
ailəsində böyüdüyüm üçün
muğamlar bir bəstəkar kimi mənə çox əziz
və doğmadır. Atamın ifasında muğamların bir
çoxunu "simfonik muğam" kimi
işləyəndə muğamların sənət abidəsi
kimi nə qədər əlçatmaz yüksəklikdə
durduğunun şahidi olmuşam.
2007-ci il dekabr ayının ortalarında İİR-in Azərbaycandakı səfirliyinin mədəniyyət mərkəzinin rəhbərliyi tərəfindən ilk dəfə İranın Ərdəbil şəhərinə yaradıcılıq səfərinə getmək mənə təklif olunmuşdu. Bir il sonra ikinci dəfə Ərdəbilə səfərim daha maraqlı oldu. Bu da ondan ibarətdir ki, bu il iyulun 15-16-sı görkəmli bəstəkar Əli Səliminin xatirəsinə həsr olunmuş ilk muğam festivalında mən və respublikanın xalq artisti, görkəmli tarzən, Azərbaycan Televiziya və Radiosunun Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblının rəhbəri Möhlət Müslümov müsabiqədə münsiflər heyətinin üzvü olduq. Festival uğurla başa çatdı.
Sonda müsabiqə qaliblərinə, eyni zamanda münsiflər heyətinin üzvlərinə mükafatlar təqdim olundu. Bizə fəxri diplom, "Bahar-Azadi" qızıl sikkə verdilər.
Bu günlərdə İnternetdə İran agentliyinin festival barədə hesabatında qeyri-dəqiq, reallığa əsaslanmayan məlumatı oxuyanda təəssüf etdim. Orada deyilir:
"Muğam musiqisi İran musiqisidir, Bakı musiqiçiləri də elə belə deyir." (Baybək, Azərbaycan Ortagün, 17 iyul, 2008, içxəbərlər).
Muğam musiqisinin doğuş yeri Azərbaycandır. Bu həqiqətdir.
Lakin İran mətbuatının həqiqəti təhrif edərək, bizim adımızdan böhtan, yalan danışması, təxribat xarakterli fikir yayması bağışlanılmazdır: "İranlı olan Azərbaycanlı! Ərdəbil İran şəhəridir, amma Bakı Azərbaycan şəhəridir! Muğam musiqisi İran musiqisidir! Azəri, yəni fars! Muğam musiqisi Azərbaycan kültürünündür! İran kültürü ilə Azərbaycan kültürü bir ailədəndirlər! Biz sizik, siz biz deyilsiz! İran, yəni İran, amma Azərbaycan, yəni Iran!". Bu sətirləri oxuduqda sarsıldım. İran xəbər agentliyinin yazdığına görə, Bakıdan yarışmaya gəlib və yarışmaçılar arasında hakimlik edən Tofiq Bakıxanov deyib ki: "Muğam musiqisi İran musiqi ailəsinə aiddir! O bildirib ki, İran musiqisi ailəsindən olan muğam musiqisi keçmişlərdə çox dərin ilişgiləri olubdur", eləcə də xəbərlərdə yazılanlardan: Hər halda, İran agentliklərinin oyunbazlığına bələd olmuşuq və bu sözləri bakılı musiqiçilərdən eşitməmiş kimin sayırıq! Amma doğrudan da Tofiq Bakıxanov belə sözləri ağzına gətirib, ya yox!
Daha öncə Baybək xəbər vermişdir ki, İran adlanan ölkədə olan fars hakimiyyəti çalışır, ta azərbaycanlıların milli dəyərini iranlı adına fərs kültürünə girdirsin! Bu doğrultuda, sapı bizdən olan baltaların yalaxçılıxlarıda təhlükəli olur. Yaxın keçmişdə muğam musiqisini Azərbaycanda qorumaq üçün Vədud Müəzzinzadə adlı bir azərbaycanlı müğənni İran hakimiyyətini önləm almağa çağırmışdır! Bu gün də Tofiq Bakıxanovdan belə söz eşidəndə, adam qalır ki, gerçək nədir?
Ərdəbildə keçirilən yarışmanı azərbaycanlı musiqi ustadının xatirəsinə yapıblər deyilir! Ustad Səlimi adına hazırlanan bu yarışmanın xəbərin verən İran agentliyi ustad Səlimi barədə belə yazır: "Ünlü Azəri tar çalan, Azərbaycan musiqisinin ustadı olan Əli Səlimi ərdəbilli olan iranlı ata-anadan, Bakı şəhərində doğulubdur!".
Mən bu yazılanı oxuduqda, dəhşətə gəldim. İran agentliyi tərəfindən verilən xəbərlər kökündən səhvdir və şəxsən yuxarıda yazılanlara və mən muğamla əlaqədar olan xəbərlərə cavab verərək öz ehtirazımı bildirirəm.
Mən peşəkar musiqiçiyəm, tam qətiyyətlə araqarışdıranlara sözüm budur: Ömür boyu Azərbaycan muğamlarının dünyada şöhrət qazanması ilə fəxr etmişəm.
Son sözümü Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin sözləri ilə tamamlamaq istərdim: "Dövlətimizin siyasəti
odur ki, İran İslam Cümhuriyyəti Azərbaycanın
dostu, qardaşıdır.
Bu ölkə ilə bizim dostluğumuz, qardaşlığımız
daimidir və bunu davam etdirəcəyik".
Respublika.- 2008.- 10 oktyabr.- S. 6.