Azərbaycan musiqisi yeni inkişaf
mərhələsini yaşayır
Müsahibim simli və
nəfəsli musiqi alətlərin ifaçısı,
"Bakı virtuozları" ansamblının bədii
rəhbəri Məhərrəm Nəcəfzadədir
Uzun illər simli və
nəfəsli musiqi alətlərində ifaçılıq
məharətini nümayiş etdirən Məhərrəm
Nəcəfzadə, hər iki sahədə
özünəməxsus bir şəkildə alətlərin
səsləndirilməsi istiqamətində dəsti-xəttini
müəyyən etmiş, fəaliyyətə başladığı
zaman məsafəsində saz, tar, ud, sitar, ney, balaban və
digər alətlərdə Azərbaycan klassik və xalq
musiqilərini səsləndirmişdir. Bu gün də
peşəkar musiqiçi kimi qeyd olunan
istiqamətlərdə yaradıcılıq
axtarışlarını davam etdirir. M.Nəcəfzadə
bizimlə söhbətində yaradıcılıq
fəaliyyətinin müxtəlif illərini belə
xatırladı:
-
1976-cı ildən başlayaraq, professional səhnəyə
gəlmək məqsədilə ilk addımlarımı
atmışam. Etiraf edim ki, həmin zamana qədər
musiqi sahəsində kifayət qədər məlumatlar
əldə etmiş, bu sahəyə bütövlükdə
vurğun kəsilmişəm. Tələbə
olduğum zamanda xalq artisti Baba Mahmudoğlunun yaratdığı
"Dastan" folklor ansamblının solisti kimi
fəaliyyətə başlamışam. 1988-ci ildə
"Qardaşlar" adlı kvartet yarandıqdan sonra isə,
bu dördlükdə Abbasqulu, Mehdi, İlham və
Məhərrəm Nəcəfzadə qardaşları
fəaliyyət göstərirdilər. O zaman xalq artisti,
professor Süleyman Ələsgərov bu ansambl haqqında
deyirdi ki, bu qardaşların çıxışını
bir növ Avropa ifaçılıq sənətində
kvartetin Azərbaycan variantı və yeni bir janr kimi
qiymətləndirmək olar. Çox keçmədi ki, bu
ansamblın tərkibində "Gün aydın"
ansamblı yarandı. Eyni zamanda, tanınmış meyxana
ustası Nizami Rəmzinin iştirakı ilə
"Meyxana" ansamblının təməli qoyuldu. Bu ilin
fevral ayından isə müstəqil bir şəkildə
"Bakı virtuozları" ansamblının yaranması
mənə həvalə olundu. Ansamblın tərkibinə
sırf milli musiqi alətləri daxildir. Sözsüz ki,
ansambl müasir dövrün tələblərinə uyğun
bir şəkildə öz repertuarını təşkil
edir.
Xatırladım
ki, "Qardaşlar" ansamblının davamı olaraq, qeyd
etdiyim musiqi ansamblları yaradılmışdır. Bizim
ifamızda səsləndirilən musiqi alətləri Azərbaycan
Dövlət Televiziya və Radiosunun Qızıl Fondunda
saxlanılır. "Qarabağ şikəstəsi",
"Simaye-şəms", "Heyratı" kimi ritmik
muğam və təsniflərimiz lentə alınaraq
saxlanılır. Eyni zamanda, ifamızda "Yallı" musiqi
nömrəsi də lentə alınmışdır.
Musiqiyə olan həvəsim, deyərdim ki, ailədən
gəlmə bir bağlılıqdır. Düzdür,
valideynlərim musiqiçi olmasa da, Azərbaycan milli musiqi
sənətinə olan vurğunluqları
övladlarının musiqiçi kimi yetişməsinə
səbəb olmuşdur. Əsas ixtisasım tar alətində
ifa etmək olsa da, ailəmizin digər üzvlərinin milli
musiqi alətlərində ifası məni simli və
nəfəs alətlərinin bir çoxunda ifa etməyə
sövq etmişdir. Klarnet, balaban, zurna, ney kimi
alətlərdə ailə üzvlərimizin ifası məni
də bu alətlərə yaxınlaşdırdı.
Sitar alətimiz də var. Bu alət Hindistandan
gətirilib. Qədim el rəqslərinin ifası bu
alətdə mükəmməl alınır. 30 simə malik
olan bu alət çox qəliz və çətin alətdir.
Etiraf edim ki, bizim evimizdə musiqi alətlərindən
ibarət, demək olar ki, bir musiqi muzeyi var. Burada 100-ə
qədər milli musiqi alətləri saxlanılır. Bu
qədər alətin sirlərini öyrənib onları
səsləndirmək mənə çox geniş imkanlar
açmışdır. Bu mənada ki, hələ xalq artisti
Baba Mahmudoğlunun "Dastan" ansamblında
çalışdığım zaman bir çox
alətlərin ifasına nail olmuşam. Bu il "Qardaşlar"
ansamblının yaranmasının 20 ili tamam olur.
Professional səhnəyə qədəm
qoymağım 1979-cu ildən başlamışam.
Azərbaycan Dövlət Televiziyasında
çıxış etmişəm. Həmin vaxtdan
başlayaraq, müsabiqə və festivallara dəvət
olunmuşam. SSRİ və Yunanıstan gənclərinin
4-cü dostluq və həmrəylik həftəsində
xüsusi mükafata layiq görülmüşəm və bir
çox uğurlarım və həmin illərdə
sənət tərcümeyi-halıma yazılmağa
başladım.
-
Məhərrəm müəllim, siz simli və nəfəsli
alətlərin, demək olar ki, əksəriyyətində
ifaçı kimi tanınırsınız. Maraqlıdır,
sırada olan alətlər arasında özünüzün
peşə və sənət seçdiyiniz,
bağlandığınız musiqi aləti hansılardır?
-
Mənim üçün ən önəmlisi deyərdim ki,
tardır. Bu qədər haşiyə çıxıb
vurğulamaq istəyirəm ki, bu sayda alətlərin
ifaçısı olmağımı hardasa mənə
məcburi əxz etmişdilər. Belə ki, Baba
Mahmudoğlunun ansamblında çalışdığım
zaman burada mən nəfəsli alətlərdə ifa etmək
məcburiyyətində qaldım. Həmin zaman ansamblda,
demək olar ki, nəfəsli alətlərdə çalan
ifaçı yox idi. Baba Mahmudoğlunun qədim musiqi
əsərləri var idi. Onların da tütək, zurna,
balaban kimi alətlərdə səslənməsinə ehtiyac
var idi. Bu baxımdan, mən bu məsuliyyəti
üzərimə götürdüm. Həmin illərdə,
demək olar ki, balaban çalan yox dərəcəsində
idi.
-
Solo fəaliyyətiniz yaradıcılığınızda sizi
bir ifaçı kimi tanıda bilibmi?
-
Solo fəaliyyətimlə bağlı, qeyd edərdim ki,
yenicə yaratdığımız ansamblda daha çox buna
üstünlük verirəm. Başqa ansambllardan
fərqli olaraq, burada mənim ifaçılığımla
yanaşı, digər musiqi alətlərində çalan
sənətkarlara da yer ayrılıb. Ansamblda geniş bir
şəkildə proqram tərtib etmişik ki, milli musiqimizin
rəngarəngliyinə xidmət göstərək. Qeyd
etdiyim musiqi alətləri ilə yanaşı, ansamblda
nəlbəkilərdən də istifadə olunur.
Ansamblımızda 5 musiqiçinin ifası ilə
yanaşı, nəlbəkilərin səsləndirilməsini
maraqlı bir tərzdə auditoriyaya musiqi
nömrələrini təqdim etmək niyyətindəyik.
-
Azərbaycanda nəlbəkilərdən musiqi aləti kimi
istifadə edən yalnız Həsənağa
Sadıqovdır.
-
Düzdür, yeganə olaraq, bu nəlbəkilərdən
musiqi alətləri kimi səslərin təqdim olunması
ailəyə məxsusdur. Amma onu da vurğulayım ki,
Həsənağa Sadıqov əvvəl hələ
"İrs" folklor ansamblının nəzdində
fəaliyyət göstərən Vaqif Eyvazov adlı qoşanağara
ifaçısı kasalarda, məhz bu üslubda ifa edirdi.
Deyərdim ki, bu üslubun yaranması ansamblın bədii
rəhbəri Sidqi Mustafayev ilə bağlıdır. Qeyd edim
ki, özüm 1982-1984-cü illərdə həm də
"İrs" floklor ansamblının üzvü olmuşam.
Bundan sonra isə adını qeyd etdiyimiz sənətkar bu
alətlərdə ifaçılıq məharətini
nümayiş etdirdi. Mənə isə
nəlbəkilərdə ifa etməyi məşhur klarnet
ustası Hacı Həmidoğlu tövsiyə etmişdir.
Bunun da səbəbi yaxın zamanda xarici ölkəyə
səfərimizlə bağlı olan bir layihədir.
Düzü,
bir qədər tərəddüd etdim, amma axtarışlardan
sonra minə yaxın nəlbəki sırasında səs
düzümünün ifasına nail olmuşam. Bu yol
ilə muğam və xalq musiqisinin ifası xüsusi bir
şəkildə təqdim olunur. Bir çox
alətlərdə ifa etməyimə baxmayaraq, əsas olaraq
xalq üslubunda fəaliyyətim bir xətt olaraq davam
etmişdir. Ancaq "Ozan" estrada ansamblında da
fəaliyyətim olub ki, həmin ansambla Rasim İmanov
rəhbərlik edirdi. Ansamblın tərkibində
tanınmış caz ifaçısı Əzizə
Mustafazadəni tar ilə müşayiət edirdim. Çox
maraqlı bir üslubda ifa səslənirdi. Caz
üslubunu tar ilə sintezi tamaşaçılar
tərəfindən rəğbətlə
qarşılanırdı. Həmin zamanlarda mənim
musiqilərimdən Azərbaycanda istehsal olunan cizgi
filmlərində istifadə olunurdu. "İrs folklor"
ansamblı ilə birlikdə "Qız qalası" adlı
cizgi filmində ney, tütək, zurna ilə ifam
səslənir.
-
Bildiyimiz kimi, Azərbaycan xalq musiqisinin, eləcə də,
musiqi alətlərinin köklü ənənəsi vardır
ki, zaman-zaman inkişaf yolu keçərək
formalaşmışdır. Bu gün isə
müəyyən yad elementlərin musiqimizə daxil olması,
eləcə də, müxtəlif alətlərin ansambllarda
səsləndirilməsi bu ənənənin davamına bir
qədər ziyan gətirir. Klassik musiqiyə olan meylin
zəifliyini nə ilə izah oluna bilər?
-
Düzdür, bu, bir qədər musiqimizdə hiss
olunmaqdadır. Yetişən nəslin gənclərin
maarifləndirmək istiqamətində tədbirlər
görünməkdədir. Onların yad musiqiyə,
zövqsüz sənət nümunələrinə meyil
göstərməsinin qarşısını almaq
üçün klassik sənət əsərləri ilə
onları zənginləşdirmək və
maarifləndirmək vacib məsələlərdən biridir. Bu
gün ölkəmizdə Azərbaycan xalq musiqisinə,
muğamlarına olan münasibət köklü bir
şəkildə dəyişdirilmişdir. Heydər
Əliyev Fondunun Prezidenti, İSESKO və YUNESKO-nun xoş
məramlı səfiri, millət vəkili Mehriban xanım
Əliyevanın layihələri əsasında həyata
keçirilən tədbirlər milli musiqi sənətimizin
inkişafına və təbliğinə öz təsirini
göstərmişdir. Respublikamızda
muğam müsabiqələrinin keçirilməsi, muğam
mərkəzinin yaradılması, eləcə də, muğam
ifaçılarının konsertlərinin təşkili, bu
sahənin nümayəndələrinə dövlət qayğısı
Azərbaycan milli dəyərlərinin
yüksəlməsinə yönəlmişdir. Bu festival
və müsabiqələrin ölkə ərazisində
təşkili neçə-neçə istedadlı gəncin
milli musiqimizə yol açmasına səbəb oldu. Bu
gün yad elementlərə olan meyil və münasibətin bir
qədər ürəkaçan olmaması, təbii ki,
dövlət tərəfindən aparılan
mədəniyyət siyasəti nəticəsində öz
bəhrəsini verəcəkdir.
-
Sənət əsərlərinin, klassik musiqilərin oranjiman
olunması bu gün bir növ dəb halını
almışdır. Bir musiqiçi kimi fikirləriniz
maraqlı olar ki, ümumiyyətlə, mükəmməl
əsərlərin oranjimana ehtiyacı varmı?
-
Bu gün Azərbaycanın hər sahəsində,
eləcə də, musiqi aləmində böyük bir
inkişaf mərhələsini yaşayırıq. Əsərlərin
oranjiman olunması məsələsinə münasibət bir
qədər fərqlidir. Hansısa bir musiqi əsərini
dəyişib, ona müasir prizmadan yanaşmağa qadağa
qoymaq mümkün deyil. Mən bunun, ümumiyyətlə,
əleyhinəyəm. Musiqi sənətimizə daxil olan
elə əsərlər var ki, primitiv bir şəkildə
nota köçürülmüşdür. Sözsüz
ki, söhbət gözəl və mükəmməl bir
şəkildə oranjimandan gedir. Əgər
oranjimançı musiqi əsərinə yeni bir həyat
bəxş edib, onu müasir və klassik üslubda
dinləyiciyə çatdırmağa qadirdirsə, o zaman
niyə də bu əsərlər yeniləşməsin.
Oranjiman çox ciddi və məsuliyyətli bir işdir. Bunun
öhdəsindən gələn hər bir musiqiçi dinləyicilər
tərəfindən qəbul olunur. Yaxşı nə varsa, onu
qəbul etməliyik.
-
Azərbaycan musiqisi bütün zamanlarda sərhədsiz olaraq
dinindən, irqindən asılı olmayaraq
musiqisevərlərə təqdim olunmuşdur. Bu
sırada sizin əsərləriniz səsləndirilibmi?
-
Demək olar ki, dünyanın bir çox
ölkələrində maraqlı repertuarla
çıxış etmişəm. Belə ki, 1995-ci
ildə Misir Ərəb Respublikasında qastrol
səfərində olmuşam. Orada böyük bir proqram
əsasında lent yazısı yazılırdı. Həmin
orkestrə məni dəvət etmişdilər ki, orkestrin
müşayiəti ilə mən tarda solo ifa etdim. Bu layihə
ərəb dünyasında çox böyük
əks-səda doğurmuşdur. Sonra Türkiyədə
1989-cu ildə ifamız lentə alındı,
tanınmış müğənni Elza Qaybalıyevanın
mahnılarını müşayiət edirdik.
-
Siz bir neçə alətdə ifa edirsiniz. Bu qədər
say çoxluğunda olan alətlər içərisində
hansı aləti konkret olaraq özünüzə
ömürlük sənət yoldaşı
seçərdiniz?
-
Mənim üçün hər bir alət olduqca doğma
və əzizdir. Amma tara olan meyilim daha
çoxdur. Əgər ömrümün son günündə
mənə sual olunsaydı ki, hansı alətdə
çalıb sonra da dünyanı dəyişərdin,
mən tərəddüd etmədən, deyərdim ki, tarda -
özü də "Segah" muğamını.
Ömrümün sonunu tar aləti ilə bitirmək
mənim üçün ən şərəfli bir yoldur.
Sənətə ilk gündən tarla gəlmişəm,
elə tarla da bu dünyaya vida edərdim. Radio və
Televiziyanın qızıl fondunda müşayiətimlə
muğam dəstgahları saxlanılır. Baba Mahmudoğlunu
"Bayatı Şiraz", "Cahargah" dəstgahların
ifa zamanı müşaiyət etmişəm. Xalq artisti
Səfa Qəhrəmanovu, əməkdar artist Kəmalə
Rəhimlini, Səyyad Əlizadəni, Könül Kərimovanı,
Səttar Nəsirovu, gənc müğənni Arzuman
Məmmədovu və başqalarını müşayiət
etmişəm. Hazırda gücümü solo
ifaçılığa yönəltmişəm,
sənətkarın özünü tapmasında solo ifa yer
almalıdır. Bütün alətləri
birləşdirərək, ümumi bir şəkildə musiqi
səsləndirirəm. Sözsüz ki, tar aləti
bütün bu alətlərdən fərqli olaraq mən
tərəfdən üstün qəbul olunur.
Azərbaycanın nəfəsini bütün
alətlərdə duyub və səsləndirirəm. Zurna,
balaban, tütək kimi alətlər Azərbaycanın
səsini ifadə edir.
Sözsüz ki, bütün alətlərdə
sənətkar kimi ifaçılıq sənəti
çətindir. Konsert proqramları
çərçivəsində yeni layihələr
hazırlayıram. Yaradıcılıq üçün
kifayət qədər imkanımız olmadığından
ansambla bir yerin ayrılması münasib olardı. Əbilov
adına mədəniyyət mərkəzində
fəaliyyətimiz bu çərçivəyə sığmır.
Belə ki, biz professional bir şəkildə müstəqil
fəaliyyət göstəririk.
Səs.- 2008.- 15 oktyabr.-
S. 11.