Daşdəmirli Ə.
Məşhur Mehmandarovlar nəslinin davamçısı
Deyirlər ki, hər
kəsin öz zirvəsi var. Hələ kiçik
yaşlarından hamı öz istedadı, bacarığı
ilə bu zirvəni fəth etməyə
çalışır. Kim ki, bu zirvəni vaxtında fəth
edir, o, öz arzusuna, səadətinə qovuşur. Elə
haqqında söhbət açmaq istədiyimiz Mustafa kimi...
Əvvəla onu qeyd
edək ki, Mustafa əslən Şuşadan olan məşhur
Mehmandarovlar nəslindəndir. İlk azərbaycanlı ali
təhsilli hüquqşünas Sadıq bəy Mehmandarov,
Azərbaycan Demokratik Respublikasının hərbi naziri,
general-leytenant Səməd bəy Mehmandarov, həkim
Əbdülkərim bəy Mehmandarov və bu soyadın onlarca
daşıyıcısı Azərbaycanın tarixində
şərəfli yer tutmuşlar.
Mustafa Mehmandarov
1992-ci il iyunun 2-də Bakıda dünyaya göz açıb. O, 1998-ci ildə
Bakıdakı 23 nömrəli
orta məktəbin birinci sinfinə daxil olub. Həmin ildə
də Yasamal rayonundakı 22 nömrəli
uşaq musiqi məktəbinin skripka sinfinə qəbul edilib. 1999-cu ildə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyası nəzdində Orta İxtisas Musiqi Məktəbi studiyasının
ikinci sinfinə keçirilib. Hazırda həmin məktəbin
səkkizinci, orta məktəbin isə onuncu sinfində oxuyur. Musiqidən ixtisas müəllimi
Zəhra Quliyevadır.
Mustafanın müxtəlif müsabiqələrdəki
uğurları onun parlaq gələcəyindən, istedadlı
bir şagird olduğundan xəbər verir.
O, 2003-cü ildə
Nazim Əliverdibəyovun xatirəsinə həsr olunmuş
gənc ifaçıların ümumşəhər
müsabiqəsində diploma layiq görülüb. Elə
həmin ildə Bakıda ən yaxşı ifaya görə
rus cəmiyyəti tərəfindən keçirilmiş rus
klassik xalq musiqisi və rəqslərinin "Rodniki
duşi" adlı baxış müsabiqəsində III
yerə, 2005 və 2006-cı illərdə keçirilən
eyni adlı müsabiqələrdə də iştirak
edərək II yerə, sonra isə I yerə layiq
görülüb, laureat adını qazanıb, diplomlar
alıb.
2005-ci ildə o, daha bir
müsabiqədə - yəhudi cəmiyyətinin Novruz
bayramı münasibətilə Bakıda keçirdiyi gənc
ifaçıların müsabiqəsində I yerə
çıxıb.
Təhsil
aldığı Orta ixtisas Musiqi Məktəbi
studiyasının 25 illik yubileyinə həsr olunmuş
uşaq musiqi festivalının qalibi olan Mustafa I yer
üzrə laureat adına layiq görülüb.
Mustafa ötən
ilin yayında Moskvaya gedib. Suzdalda skripka
üzrə bir müddət təcrübə
keçib və diplom alıb.
O, Nazim Əliverdibəyov adına gənc ifaçıların IV ümumşəhər
müsabiqəsinin qalibi
adını alaraq bəstəkar Azər Rzayevin imzası ilə təsdiqlənən
diploma layiq görülüb.
Mustafa həm
də Gənclər kamera orkestrində fəaliyyət göstərir. On beş yaşlı Mustafanın tərbiyəsində
atası Adil, anası Zülfiyyə ilə yanaşı, nənəsi də xüsusi rol oynayıb. Mustafanın uğurlarına sevinən
müəllimləri, şagird
dostları, qohumları
onun konsertlərinə
sonsuz həvəslə
gedir, səhnədəki
çıxışlarını böyük maraqla izləyirlər.
Biz də
öz zirvəsini fəth etmək, öz istedadı, zəhməti ilə səadətinə qovuşmaq
istəyən Mehmandarovlar
nəslinin layiqli davamçısı olan
Mustafa Mehmandarova seçdiyi
bu şərəfli yolda uğurlar diləyirik. Arzu edirik ki, onun skripkada ifa etdiyi Azərbaycan
milli musiqisinin sədaları xarici ölkələrin ən məşhur konsert salonlarından gəlsin.
Azərbaycan müəllimi.- 2008.- 17 oktyabr.- S. 6.