Sehrli
səsin sahibi
Aydın
Nıftalıoğlu ruhumuzu
oxşadı
Bu yaxınlarda
Ağdam rayonunun Quzanlı qəsəbəsindəki
"Röya" şadlıq
sarayında toyda idik. Sevimli xanəndəmiz,
muğam ustası Aydın Nıftalıoğlu
məclisin gur yerində səhnəyə
çıxdı və
"Uca dağlar"
xalq mahnısını
ifa etdi.
Arada segah
da oxudu. Başları yemək-içməyə qarışan
məclis iştirakçıları
elə bil yuxudan ayıldılar. Səs-küylü toy məclisinə bir anlıq sükut çökdü.
Hamı A.Nıftalıoğlunun
məlahətli, bal səsinə qulaq asırdı. Düzü,
o səs yox, ilahi bir
haray, hışqırıq,
fəryad idi. Dalğa-dalğa qulaqlarımızdan
keçib damla-damla beynimizdən süzülərək
ciyərlərimizə, qanımıza,
ruhumuza hopurdu. O səs məni 1980-ci illərə, doğma kəndimizə aparırdı.
Çünki Kolanı
elinin əksər igid cavanlarının toyunu A.Nıftalıoğlu
edərdi. "Uca dağlar" mahnısını
elə həmin toylarda oxuyardı. Kəndin ağsaqqalları
deyərdi ki, bəh-bəh, elə bil Cabbarın
səsidir. Amma bu dəfə A.Nıftalıoğlu sanki oxumurdu. Səsi ilə bizi
15 ildən çoxdur
ki sinəmizdə sağalmaz yaraya çevrilən uca dağlarımıza, düşmən
tərəfindən xarabalığa
dönən yurd yerlərimizə haraylayırdı.
Bir anlıq özümüzü zəif
cismimizdən ayırıb,
ruhumuzu saflaşdıra-saflaşdıra o müqəddəs ziyarətgahlara aparırdı.
Sinələrində övlad,
yurd ağrısı gəzdirən nisgilli insanların gözləri
yaşarır, ulduz boyda damla-damla göz yaşları sanki bulaq çeşməsi
kimi süzülüb
axırdı. Yemək-içmək artıq yaddan çıxmışdı.
Bir an olsa
da, adamları yaşatdı, köçkün insanların
yanğılı ürəklərinə
su səpdi A.Nıftalıoğlunun səsi...
Bu
gün xalq arasında muğam sənətinin pələngi
sayılan Aydın Nıftalıoğlu Ağdamın
Əfətli kəndində doğulub boya-başa
çatıb. Elə sənətə də orta məktəbdə oxuduğu illərdən gəlib. Bu xoşbəxtlik, bu istedad hər müğənniyə, hər
xanəndəyə nəsib
olmur. O ilk dəfə səhnəyə
"Mənsuriyyə" muğamı,
"Uca dağlar",
"İrəvanda xal
qalmadı", "Yaşılbaş
sona" kimi xalq mahnıları ilə çıxaraq məşhurlaşıb.
1972-ci
ildə keçirilən respublika "Muğam - 72"
festivalında A.Nıftalıoğlu da iştirak edirdi. Münsiflər heyətinə respublikanın
xalq artisti Əfrasiyab Bədəlbəyli
də qatılmışdı.
A.Nıftalıoğlu orada
bir çox muğam və xalq mahnılarını, eləcə də "Qarabağ şikəstəsi"ni ifa etdikcə
zalda əyləşənləri
heyrətə gətirirdi.
Onun səsi böyük zala sığmırdı. A.Nıftalıoğlu
"Muğam - 72" festivalında
1-ci yeri tutaraq qızıl medala layiq görüldü.
Onun
səsi ümummilli liderimiz Heydər Əliyevin də çox
xoşuna gəlirdi. Elə o vaxlar Respublika
Sarayının ilk açılış mərasimində
ilk mahnını da A.Nıftalıoğlu oxudu. Vaxtilə onun səsi SSRİ Qurultaylar Sarayından, Böyük Teatrdan gələrdi. Dəfələrlə
SSRİ və Azərbaycan
SSR Mədəniyyət nazirliklərinin
fəxri fərman və diplomlarına layiq görülüb. A.Nıftalıoğlu çoxlu
sayda xarici dövlətlərə dəvət
alıb, muğam və xalq mahnılarımızı
layiqincə təmsil edib.
Yadımdadır,
1985-ci ildə İsraildə beynəlxalq festival
keçirilirdi. Həmin festivalda A.Nıftalıoğlu
çıxış edərək
1-ci yerə çıxdı
və qalib kimi vətənə qayıtdı. O həmçinin
Səmərqənd şəhərində
Aşıq Aydın Pirin yubileyi münasibətilə keçirilən
festivalda da qalib oldu.
A.Nıftalıoğlunun böyük sənətkarlıqla
ifa etdiyi "Kürdü-Şahnaz", "Heyratı", "Mənsuriyyə",
"Qarabağ şikəstəsi",
"Çahargah" və
s. onlarca muğam və xalq mahnıları respublikanın Qızıl
Fondunda saxlanılır.
Hamının sevə-sevə baxdığı
"Buta" filminə
çəkilib. Həmin
filmdə C.Qaryağdıoğlu
rolunda çıxış
edərək xanəndənin
uşaqlıq illərində
oxuduğu "Mənsuriyyə"ni ifa edib.
Hazırda
A.Nıftalıoğlu Ağcabədi rayonunda təzə
açılmış Muğam Mərkəzinə
rəhbərlik edir. Ömrünün
55-ci baharını yaşayan
böyük xanəndəni
nədənsə, heç
bir fəxri ad düşündürməyib.
Onun bu haqda
heç giley-güzarı da olmayıb. Hətta televiziya ekranlarında da görünmür. Çünki A.Nıftalıoğlu
şan-şöhrət
dalınca qaçmır.
Həmişə sadəliyi
ilə seçilib. Öz elinin, xalqının arasındadır.
Qarabağ, Şəki,
Şirvan, Gəncə,
Bakı, ümumiyyətlə,
respublikanın elə
bir bölgəsi yoxdur ki, onu
tanımasın, toylarına
və məclislərinə
dəvət etməsinlər.
1970-80-ci
illərdə olduğu kimi, bu gün də onun səsi
dəyişməyib, elə olduğu kimi təravətli
qalıb. Xalq tərəfindən böyük
rəğbət, məhəbbətlə sevilən A.Nıftalıoğlu
böyük bir millətin, Azərbaycan xalqının
sənətkarıdır, şah əsərimiz olan muğam
sənətinin ən gözəl ifaçısı və
bilicisidir.
Həftə içi.- 2008.-
17 oktyabr.- S. 6.