Nəzərova S.

 

Nəsimi rayonunda mədəniyyət işçiləri ilə görüş keçirildi

 

Ölkədə prezidentliyə namizədlərin seçki təşviqat-təbliğat kampaniyası davam edir. Dünən YAP Nəsimi rayon təşkilatında mədəniyyət və incəsənət işçiləri ilə görüş keçirildi. Tədbiri giriş sözü ilə YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin vəkili, deputat Ülvi Quliyev açaraq xalqımızın tarixi bir kampaniya ərəfəsində olduğunu qeyd etdi.

O, vurğuladı ki, ulu öndərimiz Heydər Əliyevin idarəçilik prinsipinə sadiq qalan cənab İlham Əliyevin xalqla daima təmasda olması bu siyasi kursun alternativsizliyini səciyyələndirən amillərdəndir: "Bu prinsipin İlham Əliyevin siyasi strategiyasında ön plana çəkilməsi, Onun xalqına bağlılığından, milli maraqlarımızı hər şeydən uca tutmasından xəbər verir. Bütün bunlara ən bariz nümunə kimi geridə qalan 5 ildə Azərbaycanın iqtisadi, siyasi, sosial sahədə əldə etdiyi uğurları misal göstərmək olar". Ü.Quliyev onu da vurğuladı ki, son illər əldə olunan bu nailiyyətlər, bir daha onu deməyə əsas verir ki, xalq 15 oktyabr seçkilərində 2003-cü ildə etdiyi seçimi edəcək və YAP-ın namizədi İlham Əliyevə səs verəcək".

Söz Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin vəkili, xalq yazıçı Anara verildi. O, ölkədə aparılan quruculuq işlərinin insanlar arasında müsbət münasibətin yarandığını və öz liderlərinə inamının bir daha artdığını bildirdi. Xalq yazıçısı qeyd etdi ki, Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olan 15 oktyabr seçkilərində hər bir kəs, böyük ruh yüksəkliyi ilə iştirak etməli və düzgün seçim etməlidirlər: "Cənab İlham Əliyevin prezidentliyi dövründə, bütün sahələrdə olduğu kimi, incəsənət sahəsinə də diqqət və qayğı göstərib. Məhz Onun sayəsində incəsənət ocaqları təmir olunub. Bir çox sənət adamları fəxri adlara layiq görülüb. Bütün seçiciləri 15 oktyabr prezident seçkilərində fəal iştirak etməyə və alternativsiz lider olan YAP-ın Sədri İlham Əliyevə səs verməyə çağırıram."

Görüşdə çıxış edən xalq artisti, tarzən Ramiz Quliyev vurğuladı ki, cənab İlham Əliyev hansı vəzifəni icra etməsindən asılı olmayaraq, üzərinə götürdüyü bütün işlərin öhdəsindən bacarıqla gəlib. Çünki O, ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamçısıdır: "Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-2008-ci illər ərzində ölkəmiz yeni-yeni nailiyyətlər qazandı. Bu uğurlar isə Azərbaycan xalqının öz Prezidentinə etimadını möhkəmləndirdi. İlham Əliyevin oktyabrda keçiriləcək prezident seçkilərində qələbəsi şəksizdir. 15 oktyabrda Azərbaycan xalqı öz iradəsini bir daha bildirməlidir. Cənab İlham Əliyevin son beş ildə gördüyü işləri nəzərdən keçirib, sabahımız üçün düzgün seçim etməliyik. Azərbaycanı uğurlu gələcəyə yalnız və yalnız ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev apara bilər."

Xalq artisti Teymur Mustafayev çıxış edərək, 2003-cü il prezident seçkilərindən öncə ulu öndər Heydər Əliyevin xalqa müraciətində söylədiyi fikirləri xatırlatdı: "Ümummilli lider cənab İlham Əliyevə özü qədər inandığını bildirirdi. Son beş ildə görülən işlər bu inamı bir daha təsdiqlədi. İqtisadi, siyasi, humanitar və digər sahələrdə olduğu kimi mədəniyyət sahəsində də uğurlar əldə olunub. Bu da cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsidir. Gələcəkdə bizi daha böyük uğurlar, yeni-yeni nailiyyətlər gözləyir. Azərbaycanın işıqlı gələcəyi üçün ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevə səs verək".

Çıxış edən mədəniyyət işçiləri bir daha qeyd etdilər ki, Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək, beynəlxalq aləmdə nüfuzunu artırmaq, yeniləşən, müasirləşən ölkə imicini təsdiqləmək üçün cənab İlham Əliyevə səs verək. Onlar vurğuladılar ki, Azərbaycan növbəti beş ildə də cənab İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacaq. Ona görə də, bütün mədəniyyət işçilərini, o cümlədən, bütün xalqımızı gələcəyimiz naminə cənab İlham Əliyevə səs verməyə çağırırıq.

 

Səs.- 2008.- 10 oktyabr.- S. 15.