İntiqam N.

 

Vətəndə gözlədiyim diqqəti görmədim

Sözün düzü, VI Türk Dili Olimpiadasında mahnı yarışması üzrə birinci yerin qalibi olmuş həmyerlimiz Xədicə Əlizadədən hələ bir müddət əvvəl müsahibə almaq istəyirdim.

Ancaq müəyyən səbəblərdən bu bir az yubandı. Çünki nədənsə, mənə elə gəlirdi ki, söhbət zamanı Xədicə xanım ancaq yaxşı şeylərdən danışacaq. Məsələn, deyəcək ki, “bütün işlərim qaydasında gedir, mənə göstərilən diqqət qayğıdan çox razıyam”... Ancaq düşündüyümün əksinə olaraq, Xədicə qalib olub Azərbaycana qayıtdıqdan sonra müvafiq rəsmi qurumların heç birinin onunla maraqlanmadığını bildirdi biganəlikdən şikayətləndi... 

- Xədicə xanım, oxucularımıza özünüz haqqında qısa məlumat verməyinizi istəyirəm. 
- Bakıda anadan olmuşam. 18 yaşım var. Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyini bitirmişəm. Builki qəbul imtahanlarında 526 balla Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu fakültəsinin qiyabi şöbəsinə qəbul olmuşam.

- VI Türk Dili Olimpiadasında dünyanın 110 ölkəsindən gəlmiş iştirakçılar arasında birincilik qazanmısan. Çox gözəl. Bəs, bu müsabiqəyə kimin təklifi ilə qatılmışdın?
- Təklifi mənə musiqi müəlliməm Sevda xanım vermişdi. Yarışmaya qatılanların sayı lap çox olduğu üçün seçmə mərhələ bir neçə ay davam etdi. Azərbaycanda birinci yeri tutandan sonra Türkiyədə keçiriləcək yarışmaya qatılmaq imkanı əldə etdim.

- Mahnı seçimini necə etdin?
- Həmin mahnını türk filmlərinin birindən eşitmişdim. Mahnı çox xoşuma gəlmişdi həmişə evdə görəndə özüm üçün zümzümə edirdim. Biz bu mahnını seçəndə düşünürdük ki, fərqli olduğu üçün diqqəti cəlb edəcək. Elə oldu, ehtimalımız özünü doğrultdu.

- Mahnını canlı oxuyurdun, yoxsa fonoqram idi?
- Bu sualı mənə çox verirlər. Həmişə canlı oxumuşam. Düzdür, mahnının musiqisinin minisovkası, yəni hazır yazılmış forması var idi. Ancaq sözləri canlı oxuyurdum.

- Müsabiqədəki geyimi necə əldə etmişdin?
- Bu geyimi MənəXəzərteleviziyasının redaktoru Əhməd Gülün dəstəyi ilə türkiyəli adamlarından biri almışdı. Həmin geyimi hər dəfə geyinəndə özümü çox rahat hiss edirəm.

- Müsabiqədə qalib olduğuna görə sənə hansı mükafatı verdilər?
- Müsabiqədən 2 qızıl, bir gümüş medal aldım üstəlik 1000 ABŞ dolları məbləğində pul mükafatı verdilər.

- Olimpiadada qalib olandan sonra həyatında dəyişdi?
- Türkiyənin tanınmış səsyazma studiyalarından biri mənə işbirliyi təklif etdi. Həmin səsyazma studiyası təklif edirdi ki, onlarla 5 illik müqavilə bağlayım. Bunun qarşılığında onlar mənim ifam üçün xüsusi mahnılar yazdırmalı, kliplər çəkdirməli, həm Türkiyədə, həm Azərbaycanda tanıtmalı idilər. Ancaq qəbul etmədim.

- Sənətini davam etdirmək fikrin varmı?
- Azərbaycana qayıdandan sonra gözlədiyim diqqəti görmədim. Təhsil Nazirliyi, Mədəniyyət Nazirlyi mənimlə 1 dəfə olsun maraqlanmayıb. Halbuki mən dünyanın 110 ölkəsi arasında Azərbaycanı birinci etmişdim, bayrağını dalğalandırmışdım. Mən qalib olandan sonra  istər-istəməz digər ölkələrdən gələn uşaqlar Azərbaycanla maraqlanmağa başladılar. Bu mənə qürur verirdi, özümü çox yaxşı hiss edirdim... Demirəm ki, çağırıb mənə hədiyyə versinlər. Heç olmasa, quru sözlə olsa təşəkkür etsəydilər, diqqət göstərsəydilər, bəsim idi. Tədbirin final günündə Azərbaycandan dəvət olunmuş dövlət rəsmiləri, millət vəkilləri iştirak edirdilər. Birinci yeri tutandan sonra məni qucaqladılar, şəkil çəkdirdilər. Dedilər ki, Azərbaycanda səninlə görüşəcəyik. Amma vətənə dönəndən sonra heç kim mənimlə maraqlanmadı...

- Gələcək planların barədə oxucularımıza deyə bilərsən?
- Mahnılar yazıram. Ancaq not bilmədiyimdən, həmin mahnıları səsimlə ifa edirəm. Bəstəkarlar isə həmin mahnıların oronjiman olunması üçün məndən pul istəyirlər. Yazdığım mahnıların kifayət qədər populyar ola biləcəyinə, seviləcəyinə inanıram. Həmin mahnılarla bağlı planlarım var. Həmçinin təhsilimi davam etdirmək, xaricdə təhsil alıb vətənə dönmək istəyirəm. Boş vaxtlarımda isə daşların üzərində rəsm çəkirəm.Soyuq münasibət məni, müəyyən mənada, həvəsdən salsa da, inanıram ki, daha böyük uğurlarım hələ irəlidədir.

Zaman.- 2008.- 21-22 oktyabr.- S. 13.