İsmayıloğlu M.
Zeynəb Xanlarovanın
benefisinə
Bacalardan qalxan tüstü burum-burum göylərə millənirdi,
sonra da elə dağların çiyninə söykənən
maviliyə qovuşurdu.
Zirvələr onun ətəyinə qısılan
kəndə boylanır,
qüdrətli havadarı
dağlara güvənib
uyuyan bir el, bir oba
quzu mələrtisinə,
at kişnərtisinə
diksinib yuxudan oyanırdı. Kimsə bu ilahi sükuta
bir nəğmə payı qatırdı.
Ağlasığmaz,
ecazkar bir haray kəndi bürüyürdü: “Mən tək
sevən hanı səni dünyada?” Mürgülü səhərin gözündən
yuxu qovan o kəs də
mənim kimi eyni oda yanırdı.
O da içində çatılan ocağın
odunu-alovunu Zeynəbin
səsiylə allahın
bir daşürəkli,
dilbilməz bəndəsinə
çatdırırdı. Duruluğundan
dilə gəlməyən
sevgisini anlatmaq üçün bu səsdən, bu nəğmədən savayı
arxası-köməyi
yoxuydu.
Ötən sərin
70-ci illərinin lap əvvəllərində mənim
doğulub, boya-başa çatdığım Qərbi
Azərbaycanda Puşkin aşırımının altından
tunel qazdılar. Zirvədən enib, dağın bağrını yarıb
keçən yolun açılışına Zeynəb
Xanlarovanı da dəvət etmişdilər.
İndiyəcən məni
sehrləyən tanrı
bəndəsini ilk dəfə onda gördüm. Bir dəstə uşaq eləcə yük maşının “kuzov”undan ona tamaşa
edirdik. “Lilparlı bulağın” gözündən
böyük bir dəstə Qaymaq çiçəyi yığmışdım.
Açılış törəni
qəfil başa çatdı. Heç maşından sıçrayıb
dağlardan gətirdiyim
gülü də ona verə bilmədim.
Gülləri sinəmə
sıxıb, onu aparan yola boylandım.
Ancaq özümə həmdəm, sirdaş qazanmışdım. O, mənim
danışan dilim olmuşdu.
Hər gün məktəbə birgə
gedir, qayıdanda da yanaşı addımlayırdıq. Başını
qaldırıb, bircə
dəfə də üzümə baxmırdı,
qoşa addımlayıb
sükutu dinşəyirdik.
Nə qədər çalışsam ona demək istədiyim söz dilimdən qopmurdu. Yenə Zeynəb xanım
köməyimə çatırdı.
Evə çatan kimi pəncərələri
taybatay açıb, titrəyən əllərimlə
qrommofon valını qoyur, səsini lap yüksəyə qaldırıb, sonra da oğrun-oğrun onların aynəbəndinə
boylanırdım. Zeynəb
“Qonşu qız” oxuyurdu. Yanıb-yaxılırdım və
mənə elə gəlirdi ki, bu mahnını ondan savayı hamı eşidir! Arabir eyvana çıxırdı.
Bütün qonşular
bu mahnının kimə ünvanlandığını
bilir, xısın-xısın danışır
və dərd ortağı olanlar da məni daha
betər yandırıb-yaxırdılar.
Orta məktəbi
bitirəndən az sonra əsgərliyə getdim. Elə o payız
da məktub aldım ki, toyu olub, gəlin
köçüb. Bu xəbər iki il od-alov kimi
sinəmi qarsaladı.
Dünya əlim çatmayan, ünüm yetməyən bu sevgi qədər sirlə, sehrlə doluydu.
Yazın sonunda mən
əsgərlikdən qayıdanda o da anasıgilə qonaq
gəlmişdi. Bircə dəfə “sevirəm” sözünü dilinə
gətirməyənin kimsəni
qınamağa haqqım
çatırdımı? Yenə
Zeynəb xanımın
oxuduğu nəğmə
köməyim oldu: “Mən tək sevən hanı səni dünyada, Ölsəm də başımdan getməz bu sevda?” Pərvanə
ocaq başına dolanmaqdan usanmadığı
kimi, mən də o mahnını
dönə-dönə
səsləndirməkdən başqa çarə tapa bilmirdim.
Bir dəfə pusquda durubmuş kimi qəfil yoluma çıxdı. Körpəsi də qucağında idi. İlk dəfə başını qaldırıb
üzümə baxdı,
bu dünyada eşitdiyim ən kövrək, ən günahkar səslə: “Sən allah, o mahnını oxudub, mənə əzab vermə!” - dedi. Elə bil cadar-cadar olub, yanan torpağın
üstünə qəfil
yağış səpələndi.
Dünya elə duruldu ki! Yer
üzü, göy üzü onun qucağındakı körpənin
gözləri kimiydi!
Eh, bir də ki,
Zeynəb xanımın oxuduğu nəğmələrlə
sevgi sirdaşı olduğu bəndə təkcə mən
deyildim ki! Onda hamı
bu səsin sehrinə bələnmişdi.
Onda hamının bu sehrli səs
danışan dili olmuşdu.
O vaxtdan az qala 40 il ötür.
Hamımızın başına
zaman sığal çəkib.
İndi 40 il əvvələ qayıdanda
elə bir kəs tapılmaz ki, onun oxuduğu
mahnıları ömrünə
bəzək eyləməsin.
O, bütün kanonları,
çərçivələri dağıdıb, səhnəyə
bir şuxluq gətirdi. Zeynəb Xanlarova səhnədə
müqəvva kimi dayanıb oxuyan müğənni ilə eyni mütiliklə ona qulaq asan
tamaşaçı arasındakı
həddi, sərhəddi
qırdı. O, oxuduğu
nəğmələri hər
kəsə ömür
payı eləməyi
bacardı. Bu torpaqda qüdrətli sənətkarlar çox
olsa da, Zeynəb xanımın bənzərsizliyi tamam başqa meyarlar yaratdı. Onun dayandığı ucalıqdan
aşağıda nə
qədər ucuz dəyərlər puça
çıxdı.
Hər dəfə
Zeynəb xanıma qulaq asanda bir sualla üz-üzə
qalıram: indi o zirvədən aşağıdakı
sənət bayağılığı nədən
özünə yer tapır, mənasız söz
yığnağı olan “mahnılar” ekrandan çirkab kimi
üstümüzə atılır? Bəyəm
müğənni olmağın
ölçüsünü anlamağa Zeynəb Xanlarovanın yarım əsrlik cəfası bəs eləmirmi? Biz niyə yaranan
dəyərlərin üstündən
belə saymazyana keçirik? İndi pay kimi paylanan
“Xalq artisti” adı saysız-hesabsız “müğənniyə”
onunla yanaşı dayanmaq haqqı verirmi?
Dağın ucalığına
heyrətlənmək azdır,
zirvəyə qalxıb
oradan aşağı
tamaşa eləmək
ayrı bir aləmdir. İndi o zirvədən Zeynəb bizə baxır.
P.S. Bu yazının qonorarı bəs eləsə,
mütləq Zeynəb xanımın konsertinə
gedəcəm.
Yeni Müsavat.- 2008.- 27 oktyabr.- S. 13.