Üzeyir sənətinin əzəməti

 

Və ya əbədi xatirəyə dönən bir günlük səfər

 

İctimai TV yenə kamera və mikrofonlarını alıb yola çıxmışdı. Bu dəfə Qarabağa üz tutmuşduq. Hacıqabula qədər avtomobillərimiz təzə asfaltın üstündə gözünün qurdunu qırdı. Heyf, Hacıqabuldan sola burulandan sonra magistral bir az əvvəlki ilə müqayisə olunmasa da amma neynəyək... Üstəlik Qarabağa gediriksə, bu məsələdə yolun fərqi yoxdu. Asfalt olsun ya da ki... isə.

Üzeyir bəyin adının işığına gedirdik. Bu yol çala-çuxur, enişli-yoxuşlu olsa da adına üz tutduğumuz dahinin ünvanına yetişdirməkdə aciz qalmayacaq. Inşallah.

Amma nə yazıqlar ki, Üzeyir bəyin adının işığına istiqamətlənən yol bu dəfə Ağcabədiyə qədər uzana bildi, Şuşaya qədər yox.

Bərəkət Allahındır. Rayona yetişən kimi baxmayaraq orucluq ayı idi, açılmış süfrəyə qonaq olduq. (Belə ki, səfərdə orucun pozulması günah sayılmaz, bu şərtlə ki, qəzasını tutasan.) Sonra ağcabədililərin "bulvar" dedikləri yerin yaxınlığındakı parka gəldik. Parka yaxınlaşanda hiss eləyirsən ki, kişilər Üzeyirin adına layiq görmək üçün can qoyublar. Üzeyir Hacıbəyov adına Qarabağ Muğam Mərkəzi sözün əsl mənasında halallıqla inşa olunub. Doğrusu, biz gələndə hələ işlər yekunlaşmamışdı. Baxmayaraq ki, sabaha açılış planlaşdırılmışdı. Bir tərəfdə "oblisofka" yapışdıranlar, bir yanda qapı pəncərə salanlar, o biri hissədə "pajarnı" maşınlarla "tomet"i" yuyanlar elə həvəslə çalışırdılar ki, adam onların yanında bekar dayanmağa utanırdı.

Tanınmış ziyalılardan Aqil Abbas, Tahir Rza, Rəşad Məcid, Ənvər Əhməd, Xaqani müəllim parkın bir küncündə deyəsən, sabahkı tədbirlə bağlı fikir mübadiləsi aparırdı. Televizyonçuları görəndə dostlarımız bizimlə hal-əhval tutdular, planlarımızla maraqlandılar. Üzü axşama gedir, amma ahəngi azalmaq əvəzinə, daha da artır. İctimai TV-nin çəkiliş maşınları parka gələndə uşaqdan-böyüyə yaxınlaşıb televiziyamızın ünvanına söylənən xoş sözlər məsuliyyətimizi bir qədər artırır. Operatorlarımız kameralarının yerini axşamdan müəyyənləşdirir, "kranı" qurur, rejissorlarımız Elnur Nadir Diridağlı isə ölçüb-biçirlər. harda qoyulsun ki, görülən işi tamaşaçıya olduğu kimi çatdıra bilək. Əli qabarlı fəhlə qardaşlarımızla bir yerdə biz çəkiliş meydanını qururuq. Tikintiyə məsul adamlar, rayon rəhbərliyi axşamı elə parkda başında qarşıladılar. Vallah, sovet hökuməti inzibati-amirlik metodlarından tutmuş, repressiyaya qədər hər şeyə əl atsa da, bu millətin övladlarını belə həvəslə işlədə bilmədi. İndi isə heç bu kişiləri qovan da yoxdu, amma... Üzeyir bəyin ad gününü ötürmədən, onun adını daşıyan kompleksi açmaq istəyi vəzifəsindən asılı olmayaraq hamını səfərbər edib.

Sabah Bakıdan xeyli qonağın gəlişi gözlənilir. Axşamdan gələnlər var. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəsi Arif Qaraşov da onların sırasındadır. Məncə, bu əzəmətli tikiliyə, daha doğrusu, kompleksə yalnız rəis özü "kupça" verə bilər.

Saat təxminən onun yarısında, çəkiliş bucaqları müəyyən olunandan sonra komandanız şam yeməyinə, ordan da istirahətə yollanır. Nadir Diridağlı ilə bu sətirlərin müəllifi isə parkda var-gəl edirdi. Xalq artisti Ağaverdi Paşayevin rəhbərlik etdiyi orkestri gözləyirdik ki, onların düzülüşünü məsləhətləşək. Elə edək ki, Üzeyir bəy banisi olduğu orkestrin başında bu gün əzəmətli heykəl kimi dayansın. Saat on ikinin yarısıdı, Ağaverdi müəllim, telefonla hələ yolda yubandıqlarını xəbər verir. İctimai TV-nin Qarabağ bürosunun rəhbəri Şöhrət Eyvazlı isə atasının göstərişilə düz 8 saatdır, bizi tək qoymur. Deyir ki, ağsaqqal tapşırıb mütləq saatın neçə olmasından asılı olmayaraq bizə-Bərdənin İmirli kəndinə gedəcəyik. Şair Ənvər Əhməd zəng vurur ki, işinizi qutarın, evdə gözləyirəm. Amma biz ezamiyyə pulumuz cibimizdə, kefimiz kök halda rahat mehmanxanada dincəlmək istəyirik. Şöhrət isə hər dəqiqə üzümə baxır ki, atamın yanına sizsiz qayıdammaram. Saat on ikidə qonaqlarla parkda xudahafizləşib, Nadir, Şöhrət bəndəniz üz tutduq İmirliyə, Qulam dayının evinə. Yolda fikirləşdik ki, gecdi. Bəlkə ağsaqqal, ağbirçək yatıb. Şöhrət dedi inanmıram. "Çünki, atam Füzuli ilə (yazının müəllifi nəzərdə tutulur) görüşməmiş yatmaz. "Gecənin aydınlığı"nda onun söhbətləri ağsaqqala ləzzət edir". Həm keçən il Şöhrət bizi atası ilə görüşdürüb. Odur ki, Qulam dayı ilə əyani tanışam. Saat bir radələrində İmirliyə yetişdik. Qulam dayı eyvandaca dayanıb sanki övladlarını gözləyir. Bizi görən kimi həyətə düşüb xoş üzlə qarşımıza çıxdı. O qədər sevinirdi ki, elə bil doğmalarını tapmışdı. Çay, yemək gətirildi. Ağbirçək anaya gecənin bu vaxtında verdiyimiz əziyyətə görə, üzrxahlıq edəndə az qala qəlblərinə toxunacağdıq. Əlüstü ordan-burdan söhbətləşdik. Sabah o başdan oyanıb Qulam dayının həyətini gəzdik. Ağsaqqal bu həyəti 1948-ci ildə Qərbi Azərbaycandan deportasiya edildikdən sonra necə çətinliklə saldığından, həyatından, keçmişindən elə maraqla danışırdı ki, adam heç ayrılmaq istəmirdi. Amma saat doqquzda Ağcabədidə olmalıyıq. Yolçu yolda gərək. İctimai TV-nin Qarabağ bürosuna məxsus avtomobillə Üzeyir bəyin adını daşıyan Muğam Mərkəzinin qarşısına 40-45 dəqiqəyə çatdıq. Axşam sağollaşıb ayrıldığımız adamlar yenə başındadır. Ağaverdi müəllim gəlib. Orkestrin yeri müəyyənləşib. Tədbir başladı. Sözün doğrusu, məclis ustadların ixtiyarındadır. Elə çıxışları da təbii ki, öz sferalarındakı peşəkarlıqları qədər sanballı oldu. Aqil Abbas Qarabağ Muğam Mərkəzinin əzəmətini gözəl ifadə elədi. "Parisi , Londonu da tikiblər. O tikili adamı heyrətləndirir ki, onu inşa edəndə daşına, palçığına məhəbbətini qoyasan. Bax bu kompleksi tikənlər tikdirənlər , bura məhəbbətlərini qoyublar". Kişinin oğlu tam haqlı idi. Aqil müəllim Üzeyir bəyin ruhunun rahatlığı naminə dedi ki, Ağdamı da, Şuşanı da bu dəfə belə məhəbbətlə tikəcəyik. İnşallah.

Xalq artistləri Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova, Azər Zeynalov, Üzeyir bəyin orkestri sanki dahi bəstəkarın qarşısında imtahan verirdi. Tamaşaçı alqışları isə sənətkarları əmin etdi ki, onlar Üzeyir bəydən müsbət qiymət ala bildilər. Üzeyir bəydən müsbət qiymət alanların siyahısında isə təkcə ifaçılar, musiqiçilər yox, həm bu işin, bu böyük musiqi məbədinin ərsəyə gəlməsində, bu möhtəşəm tədbirin gerçəkləşməsində ekran vasitəsilə milyonlara göstərilməsində əməyi olan böyüklü, kiçikli hamının adı var.

  
525-ci qəzet.- 2008.- 3 oktyabr.- S. 7.