Kanadada görkəmli Azərbaycan pianoçusuna həsr olunmuş konsert

 

Ölkəmizin Kanadadakı səfirliyindən verilən xəbərə görə, bugünlərdə Kanadanın Toronto şəhərindəki Markham Teatrında görkəmli Azərbaycan pianoçusu, xalq artisti Çingiz Sadıqovun səhnə fəaliyyətinin 60 illiyinə həsr edilmiş konsert olub.

Torontodakı müxtəlif etnik cəmiyyətlərin nümayəndələri maestroya öz təbriklərini çatdırıblar. Ontario vilayəti adından deputat Reza Moridi çıxış edib. Ölkəmizin Kanadadakı səfirliyinin müvəqqəti işlər vəkili F.Şəfiyev Azərbaycanda musiqi mədəniyyətinin inkişafında, onun xarici ölkələrdə, o cümlədən Şimali Amerikada təbliğində Çingiz Sadıqovun əvəzsiz xidmətlərindən danışıb, ona qiymətli hədiyyə verib.

Azərbaycan musiqiçisi və müğənnisi Yusif Savalanovun təşkilatçılığı ilə keçirilmiş konsertdə "Təbriz" rəqs ansamblı, "Qarabağ" muğam üçlüyü, Kanada və ABŞ-dakı Azərbaycan incəsənət ustaları çıxış ediblər.

Konsert proqramının əsasını maestronun ifasında Azərbaycan bəstəkarları Niyazinin, Emin Sabitoğlunun, Tofiq Quliyevin və başqalarının əsərlərindən parçalar təşkil edib.

 

Mədəniyyət.- 2008.- 9 oktyabr.- S. 1.