Qaliboğlu E.


Vaxtilə bir mədəniyyət olub

 


Rafiq İmrani: "Azərbaycan Türklərinin yaşadığı ərailərdə
yaranıb formalaşmış muğam, aşıq havaları başqa xalqların ənənəsinə təsir edib"


Muğam sənətinin, konkret Azərbaycan muğamlarının milli olduğu dərəcədə də bəşəri, insani mahiyyət daşıması soydaşlarımıza fitrətən yaxşı məlumdur. Amma bu ölməz sənətin elmi baxımdan açımı çox zaman əksəriyyətə sirli qalır. Çünki neçə-neçə yüzilləri aşıb gələn muğamın sirli-sehrli, mürəkkəb quruluşu onun ruhunun dərinlikliklərindən, başa düşülən olduğu dərəcədə də qəlizliyindən soraq verir. Bu mənada professor Rafiq İmraninin muğamın elmi mahiyyəti ilə bağlı araşdırmaları ciddi maraq kəsb edir: "Muğamların sirrli dünyası dünya alimlərinin həmişə diqqət mərkəzində olub. Musiqişünaslar, ədəbiyyatşünaslar, tarixçilər, qədim yunan və orta yüzil filosofları Şərqdə inkişaf edən bu unikal sənətin sirrlərini öyrənmək üçün çoxlu araşdırmalar aparmışlar. Dünya alimlərinin bu sənətin sirrlərini öyrənmək arzusu və istəyi muğamların bəşərin inkişafında rolunu və gərəkliyini bir daha müəyyənləşdirmiş oldu. Muğam sadəcə, ənənəvi musiqi deyil, milli və beynəlmiləl təfəkkür tərzidir. Muğam sənətinin ifa xüsusiyyətlərini, sirlərini bilən insan üçün musiqi sənətinin bütün sahələrinin qapısı açıqdır".

Araşdırmaçı bu qənaətdədir ki, muğam insanı kamilləşdirməyə, zəka və idraka qida verməyə xidmət edir. Muğam insanı hikmətə məhəbbətə, həqiqəti dərk etməyə, varlığa inama səsləyən, qədim ənənəmizdən gələn müdrik sənət növüdür: "Muğam insanın harmonik müvazinətini tənzimləyən, həyata sevgi və məhəbbət oyadan, nəhayət, yüzillərdən bəri bəşəriyyətin mənəvi dəyərlərinin inkişafında mühüm rol oynamış sənət abidəsidir. Bu mənada muğam həm müdriklik, həm də məhəbbət rəmzləridir. Muğamlar qədim birhissəli formaya məxsus musiqi havaları olub, minilliklər keçərək dövrümüzə qədər gəlib çıxıb".
Muğam-Şumer məsələsindən danışan araşdırmaçı deyir ki, muğamların qədim Şumer dövrü ilə bağlı olması haqda kifayət qədər elmi faktlar üzə çıxarılıb, bu haqda kitablar da nəşr edilib. Araşdırmalar nəticəsində daha yeni materiallar əldə edildiyinə görə, muğamların tarixinin daha qədim dövrlərlə bağlı olması üzə çıxarılıb: ""Muğam" sözünün kökü "muğ" sözündən irəli gəlir. "Muğ"-"mağ" isə Azərbaycan xalqının qədim etnik soy kökündə duran tayfanın adını bildirir və mənası "od" deməkdir. Tarixi faktlar sübut edir ki, qədim Midiyada yaşamış Muğ-mağ kahinləri dövlətin idarə olunmasında, elmdə, incəsənətdə, təbabətdə, musiqi sənətində və dini etiqadları icra edən mahir istedada malik insanlar olmuşlar. Onların yaşadığı ərazilərin adı tayfanın adı ilə bağlı olaraq "Muğan" adlandırılıb. Azərbaycanın böyük əksər ərazilərində "Muğan" adlanan kənd və qəsəbələr var. Muğam havalarının Muğanla bağlı olması faktına işarə edən görkəmli tarixçi-filosof şair N.Gəncəvi "İqbalnamə" əsərində "Müğənni, qədim bir hava çal, Muğlar kimi bir muğan havası çal" deməsi muğam havalarının qədim adının muğan havası olmasını bir daha ortaya çıxarmış olur. İskəndərin yeddi filosofla xəlvətə çəkilməsi səhnəsində şairin yenə də muğan havasına işarə edərək onu qədim hava adlandırması deyilən fikrin məntiqi baxımdan özünü doğrultuğunu bir daha təsdiq edir. Ayrı-ayrı xalqların milli ənənəsində olan muğam havalarının adlarına diqqət yetirsək, yenə də bütün adların bir kökdən götürüldüyünün şahidi olarıq. Muğamın qədimdə Muğan havası kimi tanınması faktına bəraət qazandıran digər bir tutarlı faktı oxucuların, muğamsevərlərin, musiqişünasların və tədqiqatçıların diqqətinə çatdırmaq istərdim. Tarixi təhlillər sübut etdi ki, qədim Muğam havalarının bir çoxu ölkə, şəhər, xalq, tayfa, milli qəhrəman, şah, şahzadə və s. adları ilə bağlı yaradılıb. Bunları aşağıdakı kimi sistemləşdirmək olar.

Ölkə, vilayət ilə bağlı: İraq, Azərbaycan, Mahur-Hindi (Hind Mahuru), Rak-Hindi, Rast-Hindi, Kərkuk, Rak-Xorasani (Xorasan Rakı) Bayatı - Əcəm və ya Əcəmi (ərəb olmayan deməkdir), Dəşti (qıpçaqların yaşadığı çöl-düzənlik), Mavəra-un-Nəhr, Giləki, Qarabağ şikəstəsi, Şirvan-şikəstəsi, Səlyan şikəstəsi, Quba şikəstəsi, Lənkəran şikəstəsi, Xavəran, Xavər-zəmime (Şərq) və s.; Şəhər adı ilə bağlı: Bayatı-Şiraz, Bayatı-İsfahan, Şüştər, Bağdadi, Mahur, Qəraçi (Kəraçi), Kabuli, Heratı, Nişapur, Hicaz və s.

Xalq, tayfa adı ilə bağlı: Türki, Bayatı-Türk, Osmanlı, Ərəbi, Kürdi, Ovşarı (Əvşari), Bayatı, Kərkuki, Hezarə (türk tayfası), Pəhləvi, Şikəsteyi-Fars, Azərbaycan və s.; Şahlarla, şahzadə və milli qəhrəman adları ilə bağlı: Aşşurəvənd (şumer şahı Aşşur), Məzdəkani, Xosrovani, Baği - Şirin (şahzadə), şah Xətai, Koroğlu, Bayatı-Qacar, Əfşari, Şahnaz və s.; Novruz bayramı ilə bağlı: Novruz-Xara, Novruz-Rəvəndə, Novruz-Səlmək, Novruz, Novruz-Səba və s."

R.İmrani buradan belə bir qənaətə gəlir ki, müxtəlif məkan, ölkə, tayfa, şəhər, qəhrəman adları ilə muğamlar olubsa, deməli, Dəşti kimi "Muğan" ərazi adı ilə bağlı qədim "muğan havaları" olub. Zaman keçdikcə həmin havalar ümumi "muğam" adı ilə adlandırılıb. Məqsədimiz faktların çoxluğunu göstərmək deyil. Araşdırmalar sübut edir ki, vaxtilə vahid mədəniyyət olub və Azərbaycan türklərinin yaşadığı ərazilərdə yaranıb formalaşmış muğam, aşıq havaları başqa xalqların ənənəsinə də bu dövrlərdə nüfuz edib. Son illərin araşdırmaları sübut etdi ki, muğamların yaranması və inkişafı nə orta yüzillərlə, nə də ki, Sasanilər, Midiya və Şumer dövrü ilə bağlı olmayıb. Qeyd etdiyimiz dövrlər muğamların inkişaf dövrləri kimi tarixə düşüb. Muğamların və aşıq musiqisinin tarixi daha qədim dövrlərlə bağlıdır. Muğam havaları ayrı-ayrı dövrlərdə müxtəlif musiqi alətlərində çalınıb. Çağdaş dövrümüzdə muğamlar tar, kamança, ud, qanun, balaban, ney, saz və b. alətlərdə çalındığı kimi, qədim dövrlərdə də qeyd edilən alətlərdən başqa tənburda, çəngdə, nüzhədə, müğnidə, setarda, çartarda, pənctarda və başqalarında ifa edilərdi. Saz çox qədim tarixə malik alətlərdən olduğu üçün onun qolunda bağlanmış pərdələr riyazi düsturlar əsasında hesablanıb, unikal nəticələr əldə edilib. Qədim sazın rəsmlərinə Qobustan qayaüstü rəsmlərdə, Şumer dövründə rast gəlinməsi bu alətin çox qədim dövrlərlə bağlı olmasını bir fakt kimi təsdiqlədi. Qobustan qayaüstü rəsmlərdə saz alətini ifa edən aşığı (və ya ifaçını), eyni zamanda sazçılar ansamblını görürük. Ansamblın rəsmində sazın başının aşağı, yəni ud alətinin başı formasında olması qədim ənənə ilə bağlıdır".

Saz üzərində son illərdə apardığı araşdırmalara əsaslanan R.İmrani daha sonra deyir: "Son araşdırmalar sübut etdi ki, qədim sazın qolunda ilkin 3, sonra 5, daha sonra 7 pərdə bağlanıb. Pərdələrin sayı sonrakı inkişaf mərhələsində artırılıb, dövrümüzdəki saya qədər çatdırılıb. Elmi araşdırmalar göstərdi ki, qədim sazın qolundakı 7 pərdədə bütün aşıq havalarını çalmaq imkanı var. Araşdırmalar sübut etdi ki, qədim sazın pərdə quruluşu "Şur" muğamının lad quruluşu əsasında bağlanıb. İlkin səs sistemimiz də ton-yarımton sisteminə əsaslanıb. Araşdırma qədim musiqi səs sistemimizdə do diyez, mi bekar, fa diyez, lya bekar, si bekar səslərin olmamasını ortaya çıxardı. Bu səslərin olmamasına baxmayaraq qədim sazın pərdə quruluşunda "Şur", "Segah", "Rast", "Bayatı-İsfahan", "Əbu-Əta", "Neyriz-Kəbir", "Çoban-Bayatı" muğamların ladlarını almaq mümkün idi. Deməli, adları çəkilən muğamların özünü də qədim sazda ifa etmək mümkün olub. Buradan məntiqi baxımdan həmin muğamların ən qədim muğamlar olması faktı da təsdiqlənir.

Aparılan araşdırmaların unikal cəhəti o oldu ki, Azərbaycanın qədim saz musiqi alətində əldə edilən yeni elmi nəticələrə nə ərəblər, nə farslar, nə də ki, başqa xalqlar ortaq çıxa bilməyəcəklər. Çünki, saz türkün müqəddəs musiqi aləti olub, adları çəkilən xalqların musiqi ənənəsində yoxdur. Saz türkün milli təfəkkür tərzinin, onun tarixi-mədəni yaddaşının ifadəçisidir. Saz-söz sənətində mövcud olmuş poetik təfəkkür və mənəvi dünyanın dərinliklərindən qopub gələn milli musiqi ahənginin heyrətamiz əks-sədası insanı vəcdə gətirərək onu saflaşdırır. Saz sənəti milli təfəkkür tərzi olub, bütün elin-obanın əxlaqi, mədəni keyfiyyət, söz və musiqi sənətlərinin ifadəçisinə, dilinə çevrilib, həmçinin müqəddəsliyi özündə hifz etmiş mənəviyyat çeşməsidir".

 

Xalq cəbhəsi.- 2008.- 30 oktyabr.- S. 14.