Məhərrəmova T.

 

Bənzərsiz səs sahibi

 

Rövşən Behcət  Çəkdiyim əziyyətin bəhrəsini görə bilmədim

 

Bu yaxınlarda bir qrup sənət adamı fəxri adlara layiq görüldü. Həmişəki kimi, indiyə qədər fəxri ad almayan sənət adamları narazılıqlarını gizlətmədilər. Onların narazılıqları heç fəxri adın layiqli ya layiqsizlərə verilməsi deyil, sadəcə, özlərinin indiyə qədər yada düşməməsi ilə bağlı idi. Doğrudan da, bu sənətçilərdən bəzilərinin sənət yoluna nəzər saldıqca onlara haqq qazandırmaya bilmirsən. Məsələn, müğənni Rövşən Behcət kimi...

    - Soyadınız bir qədər qəribə səslənir...

- Mən 1945-ci ildə İranda anadan olmuşam. Təhsilimi Təbrizdə fars dilində almışam. 1937-ci ildə Stalin atamgili İrana sürgün etmişdi. Atamgil o vaxt Gəncədə yaşayırdılar. 1961-ci ildə yenidən İrandan qaçdıq. Azərbaycana gələnə qədər səsimin olduğunu da bilmirdim. 16 yaşım var idi. Xoşbəxtliyim onda olub ki, o yaşda oxumamışam. Yaşımın keçid dövrünü oxumadan adlamışam. Bu səbəbdən səsim pozulmadı. İrandan birbaşa Gəncəyə gələndən sonra orta məktəbdə oxudum, sonra isə zavodda işlədim. Dolanışıq çox ağır idi. Daha sonra zavodun bədii özfəaliyyət kollektivində çalışmağa başladım. Zabitlər evində verdiyim birinci konsertim haqqında "Vışka" qəzeti böyük bir məqalə dərc etdi. Məqalədə belə bir cümlə vardı: "O, peşəkar deyil, ancaq peşəkarcasına oxuyur. Mənim müəllimim olmayıb, öz-özümə öyrənmişəm. Demək olar ki, bütün müğənnilərdən öyrənmişəm, ancaq səhnəyə çıxanda öz yolumu oxumuşam.

1966-cı ildə Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 50 illik yubileyi münasibəti ilə festival keçirilirdi. O vaxtlar mən Gəncə Mədəniyyət Evinin üzvü idim. Yubiley münasibəti ilə Bakıya gəldik. Festivalda mənə SSRİ Azərbaycan SSR-in qızıl medalları təqdim olundu.

- Müğənni kimi tanınmağınız da həmin festivaldan sonra başladı?

- 1968-ci ildə Sofiyada Ümumdünya Gənclər Festivalı keçirildi. Mən orada birinci onluğa düşdüm. Bundan əlavə, o illərdə bütün şəhərlərin musiqi kollektivləri şəhərlərinin yaranması günü münasibəti ilə konsert proqramları təqdim edirdilər. Həmin konsertlər Bakıda müxtəlif rayonlarda keçirilirdi. Gəncə günü münasibəti ilə keçirilən belə konsertlərdən biri 1969-cu ildə Bakıda "Azdrama"da təşkil olundu. Bütün müğənnilər yalnız bir mahnı oxuyurdular. Mən "Dəşti" təsnifini oxudum. Birinci mahnını oxuyandan sonra tamaşaçılar məni səhnədən buraxmadılar. Daha sonra "Rəftəm ki, rəftəm" mahnısını oxudum. O vaxtlar iranlı müğənni Mərziyyə xanımın bu mahnısı çox dəbdə idi. Həmin mahnını bizdə Rübabə xanım, Şövkət xanım oxuyurdu. Mən isə həmin mahnının təmiz fars muğamı ilə oxuyurdum. Demək olar ki, bu iki mahnı ilə bütün Azərbaycanda tanındım. Səhəri gün Bakının küçələrində gəzəndə hamı mənə diqqətlə baxırdı.

- Bəs "Göy-göl" ansamblı necə yarandı?

- Həmin ərəfədə tarçalan Fikrət Verdiyev Gəncədə "Göy-göl" ansamblını yaratmağa başladı. Onu da qeyd edim ki, bu ansambl məhz mənim səsimə görə yarandı. Çünki hələ Gəncədə elə bir müğənni yox idi ki, onun Bakıda verdiyi konsertə bütün camaat yığışsın. Bu kollektiv istedadlı adamlardan təşkil olundu. 1971-ci ildə ilk səsyazma üçün Fioletov adına studiyaya gəldik. Mən burda "Çahargah", "Şur" "Dəşti" təsniflərini yazdırdım. Bu mahnılar o qədər uğurlu alındı ki, valların 60 faizi satıldı. İnanın, o qədər məşhurlaşdım ki, küçəyə çıxanda az qala adamların əlindən gizlənmək istəyirdim. Beləliklə, 71-ci ildə "Göy-göl" ansamblı yaradıldı. Bakıda Filarmoniyada ilk konsertimiz olanda bilet tapılmırdı. O qədər adam olurdu ki, onlar yerdə bardaş qurub otururdular. Televizordakı bütün konsertlərimiz canlı ifa olunurdu. Ansambl az bir zamanda çox məşhurlaşdı. O zaman Əhsən Dadaşovun, Baba Salahovun rəhbərlik etdiyi Əhməd Bakıxanov adına ansambllar da fəaliyyət göstərirdi. Bizim ansabml nəinki onların səviyyəsinə çatdı, hətta uğurları ilə onları geridə qoydu. Bütün konsertlərimizin biletləri əldə satılırdı. Həddən artıq dinləyici qazanmışdıq.

- Ansamblın şöhrətli dövrü qədər davam etdi?

- 1977-ci ilə qədər ansambl öz sözünü deməyi bacarmışdı. Kifayət qədər tanınırdıq. Demək olar ki, respublikanın bütün şəhərlərinə qastrollara çıxırdıq. Bütün bu məşhurluq mənim sayəmdə qazanılmışdı. 1977-ci ildən ansambl "Göy-göl" mahnı rəqs ansamblı kimi fəaliyyət göstərməyə başladı dövlət statusu aldı. Mən 1990-cı illərə qədər ansamblda çalışdım. O vaxta qədər ansamblda məndən başqa solist olmayıb. Mən bu ansamblla çox əziyyətlər çəkmişəm. Adıma afişaya vurulanda xəstə olsam da, səhnəyə çıxmışam. Hətta İslam Rzayev: "İnanmazdım ki, Rövşən belə vəziyyətdə oxuya bilsin" - deyə təəccüblənmişdi. Ailəmdən aylarla ayrı düşüb qastrollara çıxır, sənətimləc xalqıma xidmət edirdim.

- Yenə həmin ansamblla çalışırsınız?

- "Göy-göl"dən çoxdan uzaqlaşmışam. Mənə qarşı olan münasibəti görüb ansambldan ayrıldım.

- Hansı münasibətdən danışırsınız?

- Bu ansambl mənə yetişdirdiyim övlad kimi idi. Ancaq başıma elə oyunlar gətirdilər ki, ansambldan uzaqlaşıb Səmərqəndə getdim. Bəzən konsertdə oxuyanda işıqları söndürür, ya da səsgücləndiricini xarab edirdilər. Mən mikrofonsuz oxuyurdum. Ayağımın altını hər cür qazırdılar. Ancaq Səmərqənddə bir ildən çox qala bilməyib, yenidən ansambla qayıtdım. Mənə qarşı münasibət yenə dəyişməmişdi. Ansambla ikinci dəfə qayıdanda bəziləri məndən iki dəfə çox əməkhaqqı alırdı. 1990-cı illərdə bir çox sənət adamına fəxri adlar verildi. Ancaq mən kənarda qaldım. Ansamblı məşhurlaşdıran, əziyyətini çəkən bir adam yada düşmədi. Fəxri adlara başqaları layiq görüldü. Bircə dənə solo konsert verməyən, mənim əziyyətimin 10 faizini belə çəkməyənlər Əməkdar artist adını aldılar. Mən çəkdiyim əziyyətin bəhrəsini görə bilmədim. Çox təəssüf ki, mənim əziyyətimi qiymətləndirmədilər. Bu yaxınlarda da "Göy-göl" ansamblında 3-4 il oxuyan üçün təqdimat göndərib Əməkdar artist adına layiq gördülər. Ancaq bu ansamblda 20-30 il can qoyan Alim, Məhərrəm, Mürsəl, Rəhim, Mehdi, Şəhadət kimi ifaçılar heç yada düşmədi.

- Bəs niyə özünüz haqqınızı tələb eləmədiniz?

- Bir dəfə bununla bağlı məktub ünvanlasam da, heç bir cavab almamışam. Ancaq indi Mehriban Əliyevaya müraciət edəcəyəm. Çünki o, milli musiqimizin inkişafına çox dəstək göstərir. Sevinirəm ki, xalq məni sevir. Əsl Xalq artisti olmaq bax, budur! Mənim haqqımda sənədli film müxtəlif televiziya verilişləri çəkilib. Buna görə narazı deyiləm. Müğənnilər var ki, bu ada layiq görülsə , fəxri adı doğruldacaq bircə mahnı oxuyub, konsert verib.

- Ümumiyyətlə, bir ara ekranlarda görünmədiniz. Bu da incikliyinizlə bağlı idi?

- 1993-cü ildə iflic keçirdim. 6-7 il səhnəyə çıxa bilmədim. Bir neçə dəfə əməliyyat olunmuşam, ağır xəstəliklər keçirmişəm. İndi yenə müalicə almalıyam, ancaq imkanım yoxdur. İndi bizi toylarda oxumağa çağıranlar da yoxdur.

Hazırda "Neftçi" mahnı rəqs ansamblında işləyirəm. 64 yaşımın olmasına baxmayaraq, bu gün canlı oxuyuram. Tanrı mənə bu səsi veribsə, ölənə qədər oxuyacağam. İstəyirəm ki, xalqım zövq alsın. Bu sənəti seçəndə "Əməkdar ya Xalq artisti olacağam" - deyə qarşıma məqsəd qoymamışam. Mənim oxuduğum mahnıları bu gün heç kəs oxuya bilmir. Ona görə xoşbəxtəm ki, dünyadan köçəndən sonra 2-3 dənə olsa mahnım yadigar qalacaq. Çünki bu, bənzərsiz bir səsdir. qədər səsim var, oxuyacağam. Əgər xalqın ürəyində xırda bir yer tapmışamsa, bu mənə bəsdir. 40 ildən çoxdur ki, səhnədəyəm. Allah qədər ömür veribsə, o qədər səhnədə olacağam. Mənim sənətdə amalım budur!

 

Kaspi.- 2008.- 8 oktyabr.- S. 11.