Naxçıvan sənətçiləri  Ağrıdağ əfsanəsində çıxış ediblər

 

Naxçıvan Dövlət Filarmoniyasının Mahnı Rəqs Ansamblı Türkiyədə keçirilən "Ağrıdağ əfsanəsi" Mədəniyyət günlərinə qatılıb. Filarmoniyanın direktoru Elman Əliyevin APA-nın yerli bürosuna verdiyi məlumata görə, Ağrı şəhərində Doğu Bəyazid qəsəbəsində təşkil olunan mədəniyyət günlərində Naxçıvan Dövlət Filarmoniyasının 15 nəfərdən ibarət musiqi kollektivi Azərbaycan mahnılarını milli rəqsləri ifa ediblər. Tədbirdə həmçinin "Türksoy"un təşkilatçılığı ilə türkdilli ölkələrin rəssamlarının rəsm əsərlərinin müsabiqəsi keçirilib. E.Əliyev onu da bildirib ki, Ağrıdağ Valiliyinin təşəbbüsü ilə 1999-cu ildən etibarən hər il keçirilən "Ağrıdağ əfsanəsi" Mədəniyyət Sənət Günləri gələn ildən beynəlxalq festival kimi təşkil olunacaq. Həmin festivalda iştirak üçün təkcə yaxın regionlara deyil, bütün türkdilli ölkələrə dəvətlər göndəriləcək.

 

525-ci qəzet.-2008.- 29 oktyabr.- S. 7.